Kollec tələbələrinin hekayələri - “Gizli gözyaşları” Featured

Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin müsabiqə hekayələrinin dərcini davam edirik. Növbədə “Gizli gözyaşları” hekayəsi ilə Nuray Fərzəliyevadır. 

 

Melisa, ailənin böyük qızı idi. Hələ 16 yaşında həyatın çətinlikləri ilə tanış olmuş, arzuları ilə reallıqları arasında sıxışıb qalmışdı. Onun ürəyində təhsil almaq, öz ayaqları üstündə dayanmaq istəyi vardı. Amma ailəsi üçün bu arzular yalnız xülyadan ibarət idi. Onlar üçün qızlarının erkən yaşda ailə qurması daha önəmli idi. Bir gün, Melisa'nın ailəsi onun fikrini belə soruşmadan ona elçi gələn bir ailəyə razılıq verdi. Melisa göz yaşları içində anasına yalvardı:

– Ana, mən oxumaq istəyirəm. Mənim xəyallarım var! Mən öz ayaqlarım üstündə dayanmaq istəyirəm!

Anası isə sərt və sakit səslə cavab verdi:

– Qızım, bizim kənddə qızların arzuları olmaz. Onların taleyi ailə qurub, ər evində xoşbəxt olmaqdır. Biz də sənin yaxşılığını istəyirik.

Bu sözlər Melisa'nın ruhunu yaraladı. Onun ümidləri yerlə-yeksan oldu. Toy günü gəldi və Melisa "xoşbəxtlik evinə" yola salındı. Amma bu ev onun üçün əsl cəhənnəmə çevrildi. Melisa ailə qurduğu evdə hər gün şiddət görürdü. Həyat yoldaşı onun üzərində hökmranlıq edir, kiçik səhvlərinə belə dözüm göstərmirdi. Bir dəfə yeməyə duz çox qoyduğu üçün ərindən sərt bir zərbə aldı. Başqa bir dəfə isə paltarı düzgün ütüləmədiyinə görə təhqirlərlə üzləşdi. Melis gecələr göz yaşlarına qərq olurdu. Özü ilə danışmağa başladı: 

"Niyə mən? Niyə mənim həyatım belə oldu? Mən də oxumaq, öyrənmək istəyirdim. Mənim də arzularım var idi. Amma indi yalnız məhv olmuş bir ruham. Bu evdə yalnız şiddət var, mən isə heç kim üçün dəyərli deyiləm…"

Hər gün şiddət, təhqir və çarəsizliklə dolu idi. Onun qəlbində nə ümid, nə də sevinc qalmışdı.

---

Melisa yemək masasını hazırlayarkən əlləri titrəyirdi. Ərinin qapıdan içəri necə girəcəyini, hansı bəhanə ilə yenə onu təhqir edib döyəcəyini bilirdi. O qədər sarsılmışdı ki, artıq hər addımı qorxu ilə atırdı. Sanki nə etsə də, nə qədər çalışsa da, heç bir şey onu ərinin zülmündən xilas etməyəcəkdi. Axşam qapı sərt bir şəkildə açıldı. Həyat yoldaşı içəri girdi, yorğun və əsəbi idi. Gözləri Melisa'nın üzərində dayandı, sonra masaya baxdı. Bir anda səsi yüksəldi:

– Niyə şorba bişirmisən?! Mən sənə şorba sevmədiyimi öyrədə bilmədim? Nə vaxta qədər belə cahil olacaqsan?

Melisa başını aşağı salıb, sakit səslə cavab verdi:

– Mən unutmuşam, bir daha…

Lakin sözləri yarımçıq qaldı. Əri onun cümləsini bitirməyinə icazə vermədən masadakı qabı yerə çırpdı. Şorba döşəməyə dağıldı.

– Mən sənə nə qədər dedim, işlərini düzgün gör! Amma sən məni eşitmirsən!

Bunu dedikdən sonra Melisa'ya tərəf gəldi. Onun çiyinlərindən tutub silkələdi, sonra sərt bir zərbə vurdu. Melisa yerə yıxıldı. Dizləri döşəməyə toxunduğunda canını ağrıdan 

aldığı fiziki acıdan çox, ruhunda açılan yeni yaralar idi. Niyə? Niyə belə idi bu həyat?Göz yaşlarını saxlaya bilmədi. Yerdə büzüşüb qalmış halda, yalnız pıçıldaya bildi:

– Mən nə etdim ki? Mən kimdən bu qədər nifrət gördüm? Nə üçün heç vaxt yetərli ola bilmirəm?

Həyat yoldaşı bir an dayanıb onun göz yaşlarına baxdı, amma nə mərhəmət hiss etdi, nə də vicdan. Qapını çırpıb çıxıb getdi. Melisa isə qaranlıq otaqda tək qaldı. Otağına çəkildi, aynanın qarşısında dayandı. Güzgüdəki üzünə baxdı – göyərmiş yanaqları, çatlamış dodaqları, qırılmış ruhu.

Səssizcə öz-özünə dedi:

"Bu mən deyiləm. Bu, mənim yaşamaq istədiyim həyat deyil. Mən xəyal qururdum, oxumaq istəyirdim. Amma indi yalnız məhv olmuş bir bədən və ölməyə hazır bir ruham.”

 

Bir gün də həyat yoldaşı tərəfindən ağır şiddət görən Melisa, aldığı zərbələrdən dünyasını dəyişdi. Xəbər ailəsinə çatanda, onların dünyası başına yıxıldı. Anası göz yaşları içində qızının məzarını ziyarət edərkən özünü günahlandırırdı:

– Melisa'm… Mən səni qoruya bilmədim… Bizim qərarlarımız sənin həyatını məhv etdi. Sənin arzuların vardı, amma biz səni dinləmədik.

Atası hər gün qızının məzarını ziyarət edir, göz yaşları içində qəmli səslə pıçıldayırdı:

– Melisa, qızım… Biz səni itirdik. Mən sənin arzularını məhv etdim, qızım. Səni qorumaq lazım idi, amma səni zülmə məhkum etdik. Bağışla bizi…

Melisa'nın faciəsi ailəyə ağır bir dərs oldu. Onlar kiçik qızları Leyla'nın həyatını qorumaq üçün hər şeyi etdilər. 

Leyla'nın arzularını dəstəklədilər, təhsil almasına və öz ayaqları üstündə dayanmasına kömək etdilər. Leyla təhsil aldı, uğur qazandı və bacısının xatirəsini ürəyində yaşatdı.

 

Bu, Melisa'nın hekayəsidir. Amma hər gün neçə Melisa yaşayır və ölür? Hörmətli valideynlər, qızlarınızın xəyallarını məhv etməyin. Onlara təhsil verin, öz yollarını seçmələrinə imkan yaradın. Qızlarınız cəmiyyətin işıqlı gələcəyi, azad və güclü qadınlarıdır.

Hər göz yaşı bir hekayədir – bəziləri arzuların məhvi, bəziləri isə susmuş çarəsizlik haqqında yazılır.

Melisa'nın göz yaşları isə onun xəyallarını məhv edənlərin imzası. idi. 

Övladlarınızın üzərində imzanız acı yox, ümid olsun.

 

Və bəzi qızlarımız, tələsməyin ailə qurmağa. Öz hüquqlarınızı bilin, özünüzü qorumağı öyrənin və işləyin. Ondan sonra ailə qurun. Yoxsa belə davam edərsə, hələ də neçə qızın xəyalları məhv olacaq, şiddət qurbanı olacaqsınız və bəlkə də gənc yaşda 

öldürüləcəksiniz.

Gənc yaşda həyatınızı məhv etməyin, həyata bir dəfə gəlir insan.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.