Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“Ataların belə bir məsəli var: “Ot kökü üstə bitər”. İnsan da harada yaşamasından asılı olmayaraq öz dədə-baba yurduna bağlı olur. Yəqin ki, bu sevgi qanla ötürülür. Mənim ömür hekayəm belədir- Yardımlıda cəmi səkkiz il yaşamışam. Orta təhsilimi Biləsuvarda başa vurub Rusiyaya getmişəm və qırx ildir ki, orada yaşayıram. Amma Azərbaycanla əlaqələrim həmişə olub. Əvvəllər ata-anamın ziyarətinə tələsirdim, indi isə məzarlarını ziyarətə tələsirəm. Bunun özü də bağlılığa səbəb olan qırılmaz tellərdən biridir. Bir də ki, babalarım Mirbaba ağa, Mirəmən ağa da deyilənlərə görə çox səxavətli, bölgəmizin sayılan, mərd kişilərindən olublar. Yəqin bunun da taleyimdə öz rolu var. Atam Mircəfər ağa sovet dövründə yaşayıb, sadə peşə sahibi olmasına baxmayaraq o da səxavətli, əliaçıq kişilərdən biri olub. Saxladığı mal-qaranın arasında “imam malı” deyilənləri olub ki, el-obanın kasıblarına paylayırmış. İkiotaqlı evimizin bir otağı həmişə məscid kimi istifadə edilirmiş, atam tez-tez orada imam ehsanı verirmiş..."
Bu sözlər Moskvada yaşayan Mir Əkbər Fətiyevə məxsusdur. O, Azərbaycan diasporunun say-seçmə nümayəndələrindən biridir.
Fətiyev bu günlərdə növbəti ad gününü qeyd edir. Bu münasibətlə Mir Əkbəri təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(28.11.2024)