Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
Mənə danışma ağrıdan, acıdan.
Mənə danış xoşbəxtlikdən. Axı mənə maraqlı deyil bildiklərim, maraqlıdır, danış bilmədiklərimdən.
Danış mənə aldığın rahat yuxudan.
Danışım mən də sənə gördüyüm kabuslardan. Səhər günəş şəfəqlərinin qəlbinə necə doğduğundan danış. Danış mənə səhərdən, danışım sənə gecədən. Danışım sənə səhərin üstünü örtdüyü, gecənin qabığını qopardığı yaralarımdan. Danış mənə çiçək açmasından, danışım sənə səhradakı kolluqdan. Danış küləyin həznindən mənə, danışım sənə o küləyin qəddini əydiyi ağaclardan. Danış mənə gülüşlərini, danışım sənə o gülüşlərin ardında gizlənən kədərdən. Danış mənə bağırışlardan, danışım sənə səssiz haraylardan.
Danış mənə aldığın nəfəsdən, danışım sənə kəsilən nəfəsimdən.
Danış mənə uşaqlığından bu günə qədər saxladığın oyuncaqlardan, danışım sənə gizlətdiyim bıçaqlardan.
Danış yazlardan mənə, danışım qışlardan sənə. Danış sənə alınan bahalı hədiyyələrdən, danışım sənə məhrum edildiyim sevgidən.
Danış mənə xoşbəxt ailə tablosundan, danışım sənə bir dam altında yaşayan yad insanlardan.
Danış mənə isti çayından, danışım sənə bacasından tüstü çıxan soyuq evlərdən. Danış mənə yorulan bədənindən, danışım sənə usanan ruhumdan.
Danış mənə dəniz mavisindən, sənə dəniz dalğasından, boğulmaqdan danışım.
Danış mənə, sevinclə baxan gözlərdən, danışım sənə qan ağlayan qəlblərdən. Danış mənə parlaq gələcəkdən, danışım sənə kəsilən ümidlərdən. Danış mənə danışmadıqlarını, danışım sənə susdurulduğum cümlələrdən. Danış mənə sevgidən, danışım sənə yanlış insana olan doğru hisslərimdən. Danış mənə barmaqlıqların ardında yatan məhkumlardan, danışım sənə azad məhbuslardan.
İzah et mənə var olduğum halda yox olmağı, mənasızlıq içində məna, anormallıq içində normallıq axtarmağı.
Sən gəl, belə et. Danış mənə yaşamaqdan, mən isə, danışım sənə yaşayaraq ölməkdən.
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)