İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və Incəsənət” üçün
“Oğuznamə”lərdən birində İrqıl Xoca Oğuzun böyük oğlu Gün xana belə deyir: “Oğuz böyük padşah olmuş və dünyanın idarəçiliyini öz hakimiyyəti altına almış, böyük sərvət və saysız-hesabsız mal-qara toplamışdı. İndi bütün bunlar sizə məxsusdur. Siz altı qardaşsınız və Allahın iradəsilə hər birinizin dörd oğlu, cəmi isə iyirmi dörd nəsliniz vardır. Onların aralarında gələcəkdə münaqişələr baş verməsini Allah rəva görməsin... Bunu dövlətin sabitliyi və sizin qəbilələrinizin təmiz adı üçün etmək zəruridir”.
Dünyanın işlərini ağılla saf-çürük etməyi bacaran, döyüşkən ruha malik olan türkü siyasət və döyüş meydanında məhv etmək müşkül məsələ idi. Bunu bacarmayan düşmənlər öz məkrli siyasətlərini həyata keçirmək üçün, birinci növbədə, türk xalqlarının bütövlüyünü pozmağa, onları üz-üzrə qoymağa və ölkələrində sabitliyi pozmağa çalışıblar. Yaxşı bilirdilər ki, türk xalqlarının birliyini sarsıtmadan, ölkələrində qarşıdurma yaratmadan onları məğlub etmək mümkün deyil. Bu səbəbdən də türklərin ədəbi abidələrində milli birlik həmişə və hər şeydən üstün tutulmuşdur.
Dediklərimizi Azərbaycan türklərinin yazılı yaddaşı olan “Kitabi-Dədə Qorqud” dastanında da aydın müşahidə etmək mümkündür. Dastanda milli birliyin qorunması və möhkəmləndirilməsinə möhtəşəm çağırış ruhu hakimdir və bu, təkidlə tələb olunur.Qarşıdurmalar pislənilir, vətənin bütövlüyü, xalqnı həmrəyliyi və milli birlik ideyaları qırmızı xətlə keçir.
Dastanın ümumi məzmunundan aydın olur ki, oğuzların milli birliyi həm xarici, həm də daxili düşmənlər tərəfindən tez-tez təhlükələrə məruz qalır. Xarici qüvvələri ermənivə gürcü feodalları, slavyanlar və Bizans təmsil edir. Düşmənlərmüxtəlif türk qəbilələri arasında nifaq salır, onları öz əlləri ilə məhv etməyə çalışırlar. İstəklərinə çatmaq üçün qıpçaq türklərini (Şöklü Məlik və Qıpçaq Məlik bugünkü anlamda erməniləri təmsil edirlər)oğuz türklərinin üzərinə qaldırırlar. Ona görə də tanınmış türkoloq Nizami Cəfərov qeyd edir ki, dastanda cərəyan edən tarixi hadisələr “oğuz-qıpçaq qarşıdurması” fonunda baş veirir.
Bununla kifayətlənməyən xarici düşmənlər türk ölkəsində ixtişaş törətmək, sabitliyi pozmaq üçün hətta eyni qəbilədən olan türkləri də bir-biri ilə vuruşdurmağa, üz-üzə qoymağa çalışırlar. Məsələn, “Uşun Qoca oğlu Səyrək boyu”nda iki qardaşı – Səyrəklə Əyrəyi, “Salur Qazan tutsaq olub oğlu Uruz çıxardığı boy”da Qazan xanla Uruzu toqquşdurmağa səy göstərirlər. “Salur Qazanın evinin yağmalanması boyu”nda isə Qaraca Çobanı öz tərəflərinə çəkmək, Qazana qarşı qoymaq üçün ona bəylik təklif edirlər.
Amma oğuz türkləri heç vaxt düşmənlərin fitnə-fəsadına uymur, onların niyyətlərinin baş tutmasına imkan vermir, milli birliyi və vətənin bütövlüyünü qorumağı bacarırlar. El birliyi daxilində üsyan olanda, və ya da xarici düşmənlər el birliyini təhdid edəndə, təcavüzə başlayanda, bütün sancaq bəyləri bir nəfər kimi ölkə başçısı Bayandır xanın ətrafında sıx birləşirlər.Döyüş başlayır, qələbə qazanılır. Oğuzlar sübut edirlər ki, xalqın birliyi və vətənin bütövlüyü sarsılmazdır – İç və Daş Oğuz, adlı-sanlı igidlərin başçılıq etdikləri sancaqlarla Oğuz eli bir bütövdür. Onlar üçün Göyçə də, Ağcaqala da, Bərdə də, Gəncə də, Dərbənd də, Əlincə qalası da əziz və doğmadır.
Dastanın ümumi məzmunundan belə bəlli olur ki, ölkədə qarışıqlıq yaradan daxili düşmənlər daha qorxuludurlar. Necə deyərlər, xain içəridən olanda qapı kilid tutmaz. Eposda Dirsə xanın “igidləri”, bəzi saray adamları, Təpəgöz və Aruz Qoca daxili düşmənlərin ümumiləşdirilmiş obrazlarıdır. Şəxsi mənafeləri üçün Dirsə xanla oğlu Buğacı üz-üzə qoyanların, xalqı fiziki cəhətdən məhv edən, onu yeddi dəfə köç etməyə məcbur qoyan, alplar başı Qazanı, onun qardaşı Qaragünəni, Büğdüz Əməni zəbun edən, Aruza qan qusduran və Qıyan Səlcuqu həlak edənTəpəgözün, Qazana asi olub İç Oğuzla Daş Oğuzu bir-birinə düşmən etməyə çalışan Aruz qocanın xəyanəti və sui-qəsdi, ölkədə sabitliyi pozmaları məmləkətin dağılmasına, xalqın parçalanmasına və beləliklə, mülli müstəqilliyin məhv olmasına yönəlmişdir. Daxili çəkişmələr, iğtişaş və qiyamlar ölkəni qeyri-sabit içtimai-siyası duruma, anarxiya girdabına sürükləyir, vətəndaş qarşıdurmasına – vətəndaş müharibəsinə səbəb olur, siyasi və iqtisadi durumu çətinləşdirir, torpaqların xarici düşmənlər tərəfindən işğal olunmasına rəvac verir. Sadə vətəndaşların, görkəmli dovlət xadimi və sərkərdələrin fiziki məhvi ilə nəticələnir. Məsələn, dastanda daxili düşmənlərin hərəkətləri Bamsı Beyrək, Qıyan Səlcuq, Alp Rüstəm, Uşun Qoca oğlu, Dəmir donlu Mamaq kimi dövlət xadimi və sərkərdələrin faciəli ölümünə gətirib çıxarır.
Oğuzlar ölümü və zindanlarda can çürütməyi el birliyinə, vətənə və xalqa xəyanət etməkdən üstün tuturlar. Qaraca Çoban ona bəylik təkilf edən düşmənə deyir: “Boş-boş danışma, itim kafir! İtimlə bir yalaqdan yal içən, azğın kafir”. Yaxud qiyam törədən Aruzdan Qazana asi olmaq “təklifi” alan Beyrək xəyanətkara deyir: “Mən Qazana asi olmazam. Mən Qazandan dönməzəm, bəllü bigil. Qazandan dönməzəm, gərəksə, yüz para eylə”.
Dastan Vətənin bütövlüyü və milli birlik üçün təhlükə yaradan halların qarşısını almağın konkret yollarını da göstərir. Bu yol ölkənin müdafiə qabiliyyətini yüksək saxlamaq, sosial ədalətin təntənəsi, qanunçuluğa əməl etmək, vətəndaş həmrəyliyi, insanların hüquq və azadlıqlarının qorunması,xalqın mənafeyini hər şeydən üstün tutan rəhbərlərin ətrafında sıx birləşməkdir.
Dastanda xalqı üz-üzə qoymaq,qiyam və iştişaş törətmək və buna cəhdetmək ən ağır cinayət sayılır. Ən böyük fəlakət, dövlətin sabitliyinə, milli birliyə ən ağır qəsd hesab olunur.
Bu cinayəti törədənlər mənsəbindən və mövqeyindən asılı olmayaraq, ən ağır şəkildə cəzalandırılır. Xainə və xəyanətkara aman yoxdur. Beyrək son nəfəsində belə xəyanətkarın (Aruzun) cəzalandırılmasını tələb edir. Xalqın birliyinə qəsd edən Aruz Qazanın doğma dayısı olsa da, etdiyi cinayətə görə başı kəsilir. Basat xalqa düşmən kəsildiyinəgörə süd qardaşı Təpəgözü məhv edir. Buğac atası Dirsə xana xəyanət edib, onu “kafir ellərinə” əsir aparmaq istəyən qırx namərdlə açıq döyüşdə onların bir qisminin boynunu vurur, bir qismini isə həbs edir. Beləliklə, vətəndaş qarşıdurması aradan qaldırılır, ölkədə sabitlik yaradılır, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin olunur.
Keçmişimizi öz səhifələrində yaşadan və bunu gələcək nəsillərə çatdıran, xalqımızın 1300 illik dünyagörüşünü, mədəniyyət və mənəviyyatını özündə əks etdirən “Kitabi-Dədə Qorqud” bizə milli birliyimizin və həmrəyliyimizin necə böyük dəyər olduğunu göstərir. Bu birliyin və həmrəyliyin pozulmasının hansı faciələrə səbəb olduğunu anladır. Beləliklə, gələcək nəsillərə milli birliyi qorumaq və daxili çəkişmələrdən çəkinmək barədə vacib mesajlar ötürür. Ötürülən mesajları düzgün oxumaq, anlamaq və nəzərə almaq isə hamımızın borcudur. Əslində “Cılız və xırda hisslərdən, şəxsi mənafedən doğan daxili çəkişmələrin Oğuz icmasının dağılmasına gətirib çıxarması və bunun sonuncu boyda dərin məyusluqla, ağrı və sarsıntı ilə təsviri tarixin bizə xatırlatdığı acı ibrət dərsidir”.
“Kitabi-Dədə Qorqud” dastanı bizim heç vaxt dəyərini itirməyən dərsliyimizdir. Bu dərslik (dastan) “elə bir enerji mənbəyidir ki”, istəsək də, özümüzü ondan ayrı təsəvvür edə bilmərik. Onu oxumağa məcburuq. Çünki “Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir...Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq öyrənməli və bilməlidir”. (Heydər Əliyev)
"Kitabi-Dədə Qorqud"a qayıdış azərbaycançılığa ən böyük töhfədir, gücümüzə güc qatır. Azərbaycançılıq isə etnik mənsubiyyət olmayıb, ölkədə yaşayan bütün etnik qrupları və xalqları ümumi mənafe ətrafında birləşdirməkdir. Onların mənəvi-əxlaqi və psixoloji birliyinin, birgəyaşam üsulunun ən gözəl formuludur.
Geniş missiya daşıyan dastan bizi başa salır ki, milli birlikistəniləntəxribatınqarşısınıalmaqiqtidarındadır. Milli müstəqilliyə qovuşmağımızda, 20 Yanvar hadisələrində və 1990-cı illərdə baş vermiş iğtişaşların aradan qaldırılmasında, müstəqilliyimizin möhkəmlənməsində və daxili sabitliyin qorunmasındakı həmrəylik, nəhayət, İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə milli birliyimizin və yekdilliyimizin misilsiz gücünün parlaq sübutudur. Birliyimizin təntənəsidir.
Bu gün birliyimizin qorunması və möhkəmləndirilməsi isə həmişəkindən daha çox vacibdir. Tarixi şəraitin özü, xalqımızın beynəlxalq arenada üzləşdiyi ədalətsizliklər və ikili standartlar, türk ölkələrinin birliyinin yaranmasına və möhkəmlənməsinə olan siyasi qısqanclıqlar, revanş xəyalı ilə yaşayan erməni tör-töküntülərinin hələ də qalması, ölkəmizin indiyəcən məruz qaldığı çətin sınaqlar, hələ də Respublikamızda siyasi sabitliyi pozmağa can atanların olmasımilli birliyimizin və həmrəyliliyimizin, etnik-siyasi mütəşəkkilliyimizin möhkəmləndirilməsini həyati zərurətə çevirir. Zaman böyük qayıdış və quruculuq işlərinin uğurla başa çatdırılması, ölkəmizin gələcək inkişafı, “müstəqilliyimizin daimi və əbədi olması” üçün bizə birlik ideyası ilə yanaşı, vahid xalq olaraq güclü lider ətrafında sıx birləşməyi diktə edir.
Bu yolda Ana kitabımız “Kitabi-Dədə Qorqud” isə həmişəki kimi güclü stimul verməklə öz böyük missiyasını yerinə yetirməyə davam edir.Biz “Kitabı-Dədə Qorqud”un “xatırlatdığı acı ibrət” dərslərindən nəticə çıxarmalı, Mehmet Akifin “Girmədən təfriqə bir millətə düşmən girəməz” misrasını özümüzə şüar etməli, etnik mənsubiyyətimizdən, dünya görüşümüzdən, fərqli mədəniyyət, inam və etiqadlarımızdan asılı olmayaraq vahid Vətənimizin və dövlətimizin mənafeyi naminə birliyimizi daha da möhkəmlətməli, dövlətimizə bərk-bərk sarılmalı və güvənməliyik.
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)