1 saylı Laçın Tam Orta Məktəbində Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, “Vətən səsi” saytının əməkdaşı Mina Rəşidlə şagirdlərin görüşü keçirilib.
Mina Rəşidin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, dövlət himnimizlə başlanan tədbirdə torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.
Sonra məktəbin direktoru, əslən Laçın rayonundan olan Vəfa İsmayılova çıxış edərək Mina Rəşidin yaradıcılığı, onun şeirlərinin dərsliklərə, ibtidai siinif və məktəbəqədər bir sıra vəsaitlərə daxil edilməsindən danışıb.
Direktor onu da bildirib ki, Mina Rəşid Ağdamın Qiyaslı kəndindəndir, Birinci Qarabağ Müharibəsində atası şəhid, iki qardaşı qazi olub.
Daha sonra şagirdlər Mina xanımın azad Qarabağa həsr etdiyi şeirlərdən söyləyiblər.
Sonda Mina Rəşid “Zəfərdi mənim adım” adlı kitabını məktəbin müəllim və şagirdləri üçün imzalayıb. Belə gözəl tədbirin təşkili üçün yazıçı, müəllim Nurlana İşığa və direktor Vəfa İsmayılovaya xüsusi təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)