III “Kitabqurdu” Yaz Oxu Marafonu çərçivəsində “Buknik” layihəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı marafonun təşkilatçısı olan Azərbaycan Nəşriyyatlar Assosiasiyasına istinadən xəbər verir ki, 70-dən çox şagirdin, onların valideynlərinin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin iştirakı ilə baş tutan “Buknik” layihəsi kifayət qədər uğurlu alınıb.
Əvvəlcə komandalar şəklində parkın girişində toplanan uşaqlar arasında ünsiyyət təmin edilib. Uşaqlar fəaliyyətin sonunda dostlaşıb, növbəti görüşləri planlaşdırmağa başlayıblar.
Daha sonra oyun məkanında iştirakçılar komandalara bölünüb və aralarında müxtəlif yarışlar keçirilib. Qaliblərə kitab hədiyyələri təqdim ol.
Ardınca komandalar parkın müxtəlif yerlərində quraşdırılan imza köşklərində müəlliflərlə görüşüb, şəkil çəkdirib, kitablarını imzalatdırıb, yeni kitablar haqqında məlumat alıblar.
Sonda aktyor Kamal Yaşarın təqdimatında nağıl saatı baş tutub.
Qeyd edək ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası ilə yanaşı, Təhsilin İnkişafı Fondu və “SİMART” Sağlam İnkişaf Platformasının da təşkilatçılığı ilə keçirilən III “Kitabqurdu” Yaz Oxu Marafonuna 6 – 10 yaşlı uşaqlar qoşula bilərlər.
Daha az yaşı olan uşaqların iştirakı isə valideynin tövsiyə və nəzarəti əsasında mümkündür. Kitablar 6 – 10 yaşlı uşaqlar (ibtidai siniflər) üçün nəzərdə tutulub. İştirakçılar marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdırlar. Səhifədə kitablar, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılər.
İştirakçılar seçilmiş 6 kitabı iyunun 25-dək oxumalıdırlar. Müsabiqə iki mərhələdən ibarətdir.
Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq. İmtahanın ilk mərhələsi onlayn qaydada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər finala vəsiqə qazanacaq.
Final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq.
Birinci yeri tutan iştirakçıya 1000, ikinci yeri tutan iştirakçıya 500, üçüncü yeri tutan iştirakçıya isə 300 AZN mükafat, digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikatlar veriləcək.
İştirakçılar marafonda iştirak etmək üçün aşağıdakı kitabları oxumalıdırlar:
- Amin Sükut – “Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?”
- Elgüsel – “Yumağın macəraları”
- Fatimə Alxaz – “Buku, qaranlıq və Toki”
- Xəyalə Murad – “Bir yarpağın arzusu”
- Sevinc Elsevər – “Novruz nağılı”
- Zahid Xəlil – “Bizim kəndin nağılları”
Marafonun teleqram kanalına bu link vasitəsilə qoşula bilərsiniz: https://t.me/IIIkitabqurdu_marafonu
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)