Qoşqar yuxular diyarında - FANTASMAQORİYA Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Səhər açılır. Günəşin şəfəqləri pəncərədən otağıma süzülüb zümzümə edərək deyir:

-Gəlmişəm otağına, Qaragiləm, oyadam səni. 

 

Gözlərimi çətin də olsa, açıb ilk olaraq telefonda saata baxıram. Sonra cavab verirəm:

-Səhv salmısan yenə ay Günəş, Qaragilə burda qalmır. İmkan ver beş dəqiqə yataq

Sonra “5 dəqiqədə keçsin qalxaram”, deyib, gözlərimi yenidən yumuram. Biraz keçir, saata yenidən baxıram, telefonu üzü üstə yerə qoyub,  əl-üzümü yumaq üçün gedirəm  hamama. Necə deyərlər, əl əli yuyar, əl də üzü. 

Elə də edirəm. Üzümə suyu vurub yuxumu dağıdıram, sonra otağa keçib əl üzümü qurulayarkən, birdən qapı döyülür. Yaxınlaşıb ilk öncə gözlükdən baxıram. Boyu görsənməsədə aşağıdan bəstəboy, çalmapapaqlı, girdəsifət, nurani üzlü bir qocaya bənzəyən birini görürəm. 

Doğrusu qapı ilk döyüləndə ilk ağlıma gələn su pulu yığan idi. Dedim, yenə hamamda uşaqlar hoqqa verib su da çox yazıb, ona görə gəlib. Gözlükdən baxandan sonra isə həm sevindim, həm də biraz həyəcanlandım. Ona görə ki, səhərin gözü açılmamış qapı döyülürdü, qapının arxasında isə belə bir adam. Bir tərəfdən dəli şeytan qulağıma pıçıldadı ki:

-Bəlkə, günah limitin dolub ona görə gəliblər.  

Digər tərəfdən isə o biri qulağıma mələk pıçıldadı ki:

-Yox əşşi. Nə günah ?! Səndən bəyəm safı, günahsızı varki ?! Hələ bir üstəlik günah limitin də ola və dola. Olsa olsa, cənnətdən gəlib yerinin hazır olduğunu deyib gedərlər. 

Xülasə, heç birinə qulaq asmadım. Fikrim daha da qarışmadan risk edib qapını açdım. İlk kəliməsi bu oldu:

-Sizi deyib gəlmişəm, mənim müsəlman qardaşlarım. Gəlmişəm ki, sizi oyadım. 

Bir dəqiqəlik sükut çökdü, üzünə zillənib baxdım. Qəfil yadıma M.Ə.Sabir düşdü. Sonra qeyri-iradi dedim:

-“Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,

  Yatmışları razı deyiləm kimsə oyatsın,

  Tək-tək ayılan varsa da, həq dadıma çatsın,

  Mən salim olum, cümlə cahan batsa da batsın,

  Millət necə tarac olur olsun, nə işim var ?!

  Düşmənlərə möhtac olur olsun, nə işim var ?!”

Cavabını heç gecikdirmədən dedi:

-“Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,

Ölülər yatmağıdır, yox buna payan, ölübə !

Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,

Bədənində donuşub, ləxtələnib qan, ölübə !

Hansı bir doktora ərz etdim onun illətini,

Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!”

Ardını mən gətirdim, A.İldırım sağolsun:

-“Vərəm olsa, hökmünü tez bildirir,

Əcəl gəlir solğun üzü güldürür,

İyirmi ildir nə bitər, nə öldürür,

Cigərlərdən qopan ah da qalmadı...

Üz tutacaq bir dərgah da qalmadı”

O başladı, A.Şaiq sağolsun:

-“Baxdıqca bu aləmlər edər könlümü bərbad,

Xəstə ürəyim aldı dərindən yara bir də.

Doktor, yetər, əl çək, buna yoxdur çara bir də,

Olmazsa muradımca bu viranələr abad”

Nə deyəcəyimi bilmədim. Qəfil "Ulduz" filmi yadıma düşdü:

-Doktor dedi ki, yalnız Nazik ona dərmandır. Bəli, bəli. 

Qəfil ayıldım. 

-A kişi bir saxla görək. Ay dayı, səhv salmısınız ey, nə müsəlman ?! Mən ateistəm, yatmışlardakı yarı dindar, yarı bilməm nə bilim nə. İki saatdır az qala deyişirik. Məscid bax ey, küçənin o biri başındadır.- deyib, qapını örtdüm. 

“Sən öləsən imkan verməzlər səhərimizi də düz-əməlli açaq”- deyib qeyri-ixtiyari başladım:

-“Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax !

Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax !

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,

Hökmü adil padişahi-qadirü qəhharə bax !

Sübh söndü, şəb ki, xəlqə qiblə idi bir çıraq,

Gecəki iqbalı gör, gündüzdəki idbarə bax !

‌Sonra “sağol Qoşqar, sağol M.P.Vaqif” dedim. “Əşşi birazda yatım, sonra durub işlərimi həll edərəm” düşündüm. 

Otağa keçəndə gözümə şkafın küncünə alıb yığdığım, 10-15 kitab göründü. Hansı ki, bu kitablardan hərəsindən 20-30 səhifə oxumuşdum. Bir anlıq vicdanım sızıldadı, amma yuxu daha şirin idi. “Yatım biraz sonra durub oxuyaram” düşündüm. Yerimə təzəcə uzanıb, gözlərimi yummuşdum ki, birdən səs gəlməyə başladı:

-Səs: Qoşqar, Qoşqar. 

İlk öncə fikir verməsəm də, sonra yerimdən hövsələsiz şəkildə qalxdım. 

-Nə var ey, Qoşqar ha Qoşqar ?! 

Qapını açıb çölə baxdım. Heç kim yox idi, əsəbiləşdim. Sonra qərara gəldim ki, bunların hamısı yuxusuzluqdandır. Ən yaxşısı gedib yatmaqdır. Yoxsa ki, məni qara basırdı. Əl-qərəz otağa keçdim yenə. Uzanmaq istəyəndə yenə səslər gəlməyə başladı:

-Səs: Qoşqar, Qoşqar. Bura gəl. 

Əsəbiləşdim, içimdə Qoşqarı ismin yiyəlik halında haldan hala salaraq getdim görüm nə məsələdir. “Kimsən axı sən” deyib səsləndim

-Səs: Bu bizik, burdayıq. Sənin kitabların. Sən hələ bizi oxumamısan. Bizsiz çox şeydən xəbərdar ola bilməzsən. Yəqin ki, bunları bilirsən. Sən bizi axıra kimi oxumalısan. 

- Nə olub a kişi ?! Yekə kitablarsınız, nə səs-səsə verib hay-küy salmısınız? Sizi alanda dedim ki, oxuyacam sizi, hərənizdəndə 20-30 səhifə oxumuşam axı. Mən yetimin balasının bir vaxtı var ki, bəyəm kitab oxusun ?! Bir az kitablığınız olsun də. Məsələ işdə deyil ey, kitab gərək biraz "vinimatelni" olsun. Yaxşı yadıma düşdü, elə o vaxt yazıq Vaqifin kartiçkalarını da siz gizlətmişdiniz. Bəlkə yalandı ?

-Səs: Qoşqar biz səni çox yaxşı başa düşürük. Amma, bunu anla ki, sən bizi oxumasan heçnə əldə edə bilməyəcəksən. Hələ bir o kəməri belinə bir bağla görək. 

- Baş üstə. Yaxşı bağlanmır ey bu nəsə. A kişi bir dəqiqə görüm ey. Nə kəmər, nə bağlanmaq ? Acından günorta dururam ey mən. Arıqlayıb çöpə dönmüşəm, bir dəri bir sümük qalmışam. Ona görədə kəmər belimə yaxşı olmur. Siz də burda dəstgah açmısınız. Mən sizə  Elşən falan deyiləm, səhv salmısınız. İmkan verin, səssiz olun beşcə dəqiqə gözümüzü yumub yataq. Yox bir Göygöz kosa, Simnar xan, Həkim baba, nə bilim nə. Ən yaxşısı yuxudu vallah, yatmaq lazımdır. Yoxsa mən getdikcə dəli oluram. Yerimə keçib astaca uzanıram. Yuxuya yenicə keçmişdim ki, qəfil küçədən qışqırıq  səsləri gəlməyə başladı:

- Eşidirsinizmi məni ? 9-un yarısında Alman zabiti ilə görüşüm var, buraxın məni. 

Heçnə düşünmədən cəld küçəyə qaçdım, bu Anjelika idi. Onu almanların əlindən yenicə xilas eləmişdim ki, qəfil alman zabitlərindən biri məni güllələdi, yerə yıxıldım. Anjelikaya “qaç canını qurtar” dedim. Qarşılığında Anjelika: “Sağol Mehdi. Amma sən hələ Anjelika xalanı yaxşı tanımırsan”- dedi. 

 

- Ölüm anında əsəbiləşdim, bir dəqiqə nə Mehdi, nə danışırsan sən ?! Mehdi kimdi ? Qoşqar olmalı idi, səni mən xilas elədim axı ay vəfasız. Artıq gec idi, Anjelika qaçmış, mənsə yerdə  güllələnmiş vəziyyətdə son nəfəsimdəykən alman zabiti başımın üstünü qara bulud kimi alıb silahı mənə tuşlayıb dedi:

- Zabit: Son arzunu de Mehdi. 

 

Eşidər eşitməz əsəbləşdim. A yekə kişisiniz nə Mehdi Mehdi salmısınız. Adım Qoşqardı. Guya 5 dəqiqə yatacaqdım, keçdim Anjilikanın zibilinə indi əbədi yatacam. Belədə ki, vallah yatmaq istəyirəm - dedim. 

 

- Zabit: Sənin bu arzunu reallaşdıracam. Dur qalx ! 

Qalxa bilmirəm axı. 

-Zabit: Sənə dedim dur qalx !

Vallah qalxa bilmirəm. Necə qalxım axı ?! Zalım oğlu zalım gülləni doldurmusan bədənimə, indi də deyirsən dur qalx ? Nə mən Arnoldam, nə  Toni Stark, nə də sizin o Mehdi. 

 

-Zabit: Elə ölsən yaxşıdı deyib, silahı mənə tərəf tuşlayıb atəş açır. Dərin bir nəfəs alıb yuxudan dik atılıram, sək səkə ilə oyanıram. Sən demə yuxu içində yuxu görürəmmiş bayaqdan. Dostum başımın üstündə, bismillah kəlimlərini sadalayır və deyir:

 

-Dostum: A kişi, bayaqdan sənə demirəm dur qalx, işə gecikirsən ?! Nə olub, nə yuxu görmüsən yenə ? 

 

Vallah, heşzad. Sən sualı səhv verdin. Sual ver ki, ay yetimin balası nə yuxu görməmisən ?!

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.