Vay o günə ki, qürbətin təmtərağına, cah-cəlalına aldanıb gecikəsən…-VƏTƏN DƏRSLƏRİ Featured

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Vətənim verdi mənə namü nəmək,

Vətəni unutmaq, məncə, nə demək?!

(Abbas Səhhət)

 

Dünyanın əşrəfi sayılan insan məfhumunu səciyyələndirən başlıca amillərdən ən mühümüdür vətən. Hər kəsə Tanrı tərəfindən bəxş edilmiş ülvi nemətlərdəndir torpaq. Bu nemətlərin ən dəyərlisi də elə vətəndir. Vətənin tarixi hardasa bəlkə də bəşərdən daha qədimdir. “Hər insanın doğulduğu yerdi vətən“, yaxud “hər kəsə anadan olduğu yerdi vətən”- deyənlər yanılırlar. Bu, heç də belə deyil. Bu cür fikirləşənlərin mövqeyindən yanaşaraq, bəşər övladının harada doğulmağını və harada anadan olmağını fərdi qaydada əsas götürsək, Vətən anlayışı əl yetəcək zaman, vaxt qədər günümüzə yaxındır. Belə olduqdasa əcdadlarımızın- ulu babalarımızın haqqına girmiş olarıq. Vətən uluların sabahlarına mirasıdır. Bizə görə, vətən əcdadlarımızın doğulduğu yerdi, ilk vaxtlardan qoruyub, məskunlaşdıqları məkandır. Bu məqamda din adamı Qautama Buddanın sözü müəyyən mənada yerinə düşür: “Bu günkü həyatımız dünənki düşüncələrimizin, sabahkı həyatımız da bu günkü düşüncələrimizin əsəridir…”

Bundan əlavə, aşağıdakı belə bir deyimlə də tez-tez qarşılaşırıq: “Günün harda xoş keçirsə, ora da vətəndi.” Bu düşüncədə olan insanlar var ki, ona gün-güzaranı qürbətdə də xoş keçir kimi gələ bilir. Bu cür adamlara xatırlatmaq yerinə düşər ki, hörmətli yazarımız A. Yenisey demişkən: “Vətən dörd bir yanı qürbətlə əhatə olunmuş yerdir.”

Çox güman ki, bu səbəbdən də qürbətlə vətənin həzzini bir-birindən ayıra bilmədiyindən vətən həsrətini, vətəndaşlıq hissini hələ dərk etməmişlər, hislər labirintində azıb qalmışlar. Görünür ki, bu adamların millət, vətən duyğularını qürbət ləzzəti üstələmiş, könüllərindəki yurd ocağının tonqalı yaxşı qalanmamışdır. Vətənə məhəbbət ailənin, cəmiyyətin və dövlətin ayaqda qalması, milli mənəvi dəyərlərin qorunması,onun gələcək nəsillərə aşılanması deməkdir. Qürbəti vətən hesab edənlər, bunu gündəlik həyat tərzinə çevirənlər unudurlar ki, hər doğulan uşaq dəyərli şairimiz M. Araz demişkən vətən daşı olmalıdır. Vətən daşı olan bu uşaq eyni zamanda vətəndaşlıq hissinin sabaha daşıyıcısıdır. İlk vətəndaşsa Adəm övladı olub. Vətəndaşlıq həzzinin ilk daşıyıcısı da odur. Adəm övladları çoxaldıqca nəsil əmələ gətirərək yer üzünə səpələnmişlər. Nəsillər dəyişdikcə yer kürəsi vətənlərə bölünmüşdür. Nəsil nümayəndələrinin vətəndaş olmasısa ta qədimdən uşağın doğulduğu ailədən, mənsub olduğu nəslin genindən və düşdüyü mühitdən, cəmiyyətindən asılı olmuşdur. vətəndaşlıq hissi körpəlikdən və onun tərbiyəsindən başlanır. Vətən təəssübkeşliyi, xalqa, millətə rəğbət hissi valideynin uşağa bəslədiyi münasibətindən, övladın ata-anasına hörmətindən qidalana-qidalana körpənin mənsub olduğu ailənin düşdüyü mühitin ona necə aşılanması ilə nəsildən nəslə ötürülərək formalaşır. Necə ki, ağaç kökləri ilə torpaq və havayla təmasda olmasa, su içə bilməz, qol-budaq atammaz, pöhrələməz, çoxalmaz. Çoxları o yaşda özü də bilmədən bu duyğunun ilahi duyğu olduğunun fərqinə varmır. Ana qucağından onu ayrılmağa qoymayan hansı duyğunun, hansı hissin nə olduğunu anlamır. Elə buna görədir ki, müdriklərimiz vətəni, torpağı ana qucağı ilə tən tutmuşlar.

Vətəndaşlıq hissi özünü dərk edənlər üçün həmişəyaşıldır, hər bir vaxt təzə-tərdir, həmişəyaşardı. Vətənpərvərlik duyğusu yazın orta ayına bənzər. Təbiətin bu çağında hər tərəfdən şeriyyət yağır. Canlı rəssam tablosunu seyr etməkdən göz doymayır, ürək riqqətə gəlir. Yamyaşıl don geymiş ağaclardan, məstedici rayihəsi ətrafı bürüyən rəngbərəng güllərdən, çiçəkləri al-əlvan çəmənlərdən, quşların təkrarsız əsrarəngiz nəğmələrindən adamın canına şirin bir istilik yayılır, damarında qanı qaynayır, o kəsin yaşamağa həvəsi artır.

İnsan yaşlaşdıqca, müdriklik yaşına çatdıqca vətənə qarşı sevgisi də böyüyür. Necəki, günlər bir-birini qovaraq ayları, aylarsa illəri doğur. İl üstə il gəldikcə insanın hiss və duyğuları da qol-budaq atıb şaxələnir, uşaqlıq xatirələri ayaq açıb, yaddaşda varaqlanır. Ömrün qürub çağı yaxınlaşdıqca  o bir az da duyğusallaşır. Bəlkə də, bu onun torpaqdan yaranıb torpağa gedəcəyindəndir. Klassiklərimizdən birinin dediyi kimi: “Bu dünya duracaq yer deyil, ey can səfər eylə!” Bu fikrin davamını ən çox oxunan hesab olunan alman mütəfəkkiri Artur Şopenhauerin aforizmlərindən birində də görürük: “Öldükdən sonra, doğulmadan öncə haradaydıqsa, oraya qayıdacağıq.”

Bizim fikrimizcə də, insanın ahıl çağında vətən, yurd, el-oba məhəbbəti torpaq yağışı, qarı canına hopdurduğutək adamı daha çox özünə cəlb edir, duyğularını oyadaraq iliyinə, qanına yeriyir. Bu elə bir ilahi həzz, elə bir ruhi hissdir ki, insan can üstdə olanda belə dünyasını dəyişənə qədər onu tərk etmir. Bayatılardan birində əbəs yerə deməyiblər: 

 

Əzizim vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı.

 

Belə bir fikir də var ki, can tərk edəndə cismini həmin kəsin son umacaq yeri, dünyadan rahat köçmə təsəllisi vətəndir. Bu baxımdan da “ölməyə vətən yaxşı”- deyiblər müdriklərimiz. Ömür boyu yaşamaq uğurunda dəniz kimi coşub çağlayan, qarışqa tək hər zəhmtə qatlaşan insan ölümüylə torpağa qarışırsa, qoyub getdiyi əməlləri ilə bu dünyada yaşayaraq vətəndaşlıq hissini gələcək nəsillərə ötürür. Vay o gündən ki, qürbətin təmtərağına, cah-cəlalına aldanıb gecikəsən...

 

Nə qədər insan gördüm ki,əynində libası yox,

Nə qədər libas gördüm ki,içində insan yox…

(Mövlana Cəlaləddin Rumi)

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.