Ölkəmizdə ilk dəfə olaraq Kəlağayı Festivalı keçiriləcək Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Kəlağayı nədir? Azərbaycan qadınlarının həm gözəllik simvoludur, həm də milli mental xüsusiyyətlərinin, dini inanclarının bir atributudur. Və bu gün adi baş örpəyindən daha geniş anlam daşıyan kəlağayının yüksək səviyyədə təbliği könül oxşayır. 

 

Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə aprelin 27-də “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində ilk dəfə olaraq respublikamızda  “Kəlağayı Festivalı” keçiriləcək. 

Festival Xətai rayonunda Ukrayna dairəsindəki Heydər Əliyev parkında yerləşən 925 tamaşaçı yeri olan Amfiteatrda baş tutacaq. 

Festivalın proqramı belədir:

Saat 11:00-dən 12:00-yə qədər sərgi ilə tanışlıq, saat 12:00-də rəsmi açılış, sonra möhtəşəm konsert proqramı.

Konsertdə dövlət qurumlarından, KİV-lərdən nümayəndələr, tanınmış şairlər, müğənnilər, aşıqlar iştirak edəcək. 

Mirvarid Dilbazi Poeziya Məclisi tədbiri el bayramı səviyyəsində keçirəcəklərinə əminlik bildirir. 

Sərgidə Şəkidən, İsmayıllıdan tanınmış kəlağayı ustalarının hazırladıqları kəlağayıların nümayişi və satışı da təşkil olunacaq. 

Kəlağayı xanımların baş tacı, qeyrət, ismət ölçüsüdü. Kəlağayı nənələrimizin nənəsindən bizə qalan mənəvi mirasdı, üz aydınlığıdı. Babalarımızın babasının öz ömür-gün yoldaşlarına hədiyyə etdiyi gözəllik və yaraşıq rəmzidir. Analar Vətəni, torpağı, yurdu, namusu, isməti, abır-həyanı qorumaq üçün başına kəlağayı örtüb, kəlağayıya and içdirib ərlərini, oğullarını, qardaşlarını torpaqlarımızı qorumağa göndərib. Kəlağayıya, əsrlərin sınağından üzüağ çıxıb gələn digər milli-mənəvi dəyərlərimizə diqqət, qayğı, onun yüksək səviyyədə təbliği, tanıdılması  bugünkü və gələcək nəsillərin tərbiyəsində, Vətənini, millətini sevən nəsil yetişdirməkdə mühüm məsələdir. 

Kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının  birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə rayonların  İcra Hakimiyyətlərinin dəstəyi ilə “Sazlı, Sözlü Kəlağayı  Günləri” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir və bu tədbirlər ilin sonuna qədər davam etdiriləcək. Bütün bu işlərin yekunu 26 Noyabr “Azərbaycan Kəlağayısı Günü”ndə keçirələcək tədbirlə yekunlaşacaq. Dekabr ayında isə qurum ilboyu keçirilən tədbirlərin hesabatını verəcək. 

Beləliklə, kəlağayı, musiqi, sənət və sözsevərlər 27 aprel 2024-cü ildə keçirilən möhtəşəm “Kəlağayı Festivalı”na dəvətlidir. Giriş sərbəstdir.

Mən də portalımız adından hamını, xüsusən gənc xanımları Kəlağayl Festivalına dəvət edirəm! 

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.