Gəzir, gəzir, tapa bilmir ki, bilmir - ESSE Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

İnsan da təbiətin bir hissəsidir, nədənsə bəzilərimiz təbiətin bizim hissəmiz olduğunu düşünürük. Hüseyn Cavid gözəl söyləyib: " Təzad həyatın ahəngidir." Bu ahəngi bəzilərimiz israflıqla xərcləyib müflis oluruq, əlbəttə ki, mənəvi müflis.

 

Maddiyyat bərpa oluna bilər, var- dövlət geri qayıtma yolunu tapa bilər, qorxma yaddaşı yaxşıdır. Vay o günə ki, mənəvi müflislik ikiəlli bizi sinəsinə sıxa, indi gəl qurtar o güclü qollardan.

Həmin güclü qollardan qurtulsan belə, bayaq söylədim axı mənəvi gücün- vicdanın, əxlaqın getdisə, bir də geri qayıtmayacaq, o yolu bir dəfə itirir və əbədi azıb yoxa çıxır.

Elə həyatımızda adı doğma özü yad olanların da bəzilərinin vicdanı onları tərk edib "Əbədi itmişlər diyarına" pənah aparır.

İtmə səbəbləri isə "gülünc faciə" ilə bağlıdır.

Sanki səmadan ulduzların içindən bir ulduz seçirsən, bu mənim ulduzumdur- deyirsən. İnsanların- çoxluğun içindən sən onu seçirsən, heç kəsin vermədiyi dəyəri verirsən. O adamın bu dəyəri dərk etməsi mümkün olmur. Beyni bu hissləri qəbul etmir, beyin "buzluqda dondurulmuş rolunu" oynamağı tövsiyə edir.

Bax belə verilmiş dəyərin dərəcə qiyməti yüksək olsa da, qarşı tərəf üçün x= o olur.

Axı bu hisslər yaddı, sonra isə biz o dəyərin dərəcə qiyməti ilə razılaşmayıb onu geri alırıq.

Dəyəri anlamayan bədbəxt ən gözəl şansını itirir, həyatı boyu ona o qiyməti verən olmur. Eləcə bu adam həyatını macəra axtarışı ilə davam etdirən yorğun səyyaha çevrilir. Gəzir, gəzir, gəzir... Tapa bilmir ki, bilmir.  

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.