Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Ruhumda açılan hər yarayla bir addım daha atmışdım halbuki sənə. Oxuduğum hər kitabda axtarmışdım mənə aid olmayan gülüşlərini, baxışlarını, tapa bilməmişdim. Axtarmışdım, həm məni qovduğun üçün səndən gedən bütün yolları, həm sənsiz köz olan qəlbimi göstərmək üçün sənə gələn yolları axtarmışdım…
Dinlədiyim hər mahnının sevdiyim hər cümləsi idin sən. Ruhumun, hislərimin ən dərinliyində, sevginin ən gözəl yaşında qəlbimdə taxt quran idin. Və indi yoxkən də var olansan bir az məndə. Var olacaqsan, bilirəm. Qələmim yazacaq, bir ömür səndən yazacaq. Susmayacaq, mən susacam, o danışacaq. Və mən sənə gələn yollarda azacağam bir ömür. Bilə-istəyə, dönüb dolaşıb nə sənə gələcəyəm, nə səndən gedəcəyəm. Bir ömür o cığırlarda sənin gəlib almanı gözləyəcəyəm, yaralı uşaqtək səni gözləyən gücsüz vücudumu.
Ali Ashikarın hər cümləsində dönürəm biraz özümə, özlüyümə. Onun da dediyi kimi, səni sevmək mənim vaxtımı almayıb, hə. Səni sevmək məndən məni, ruhumu alıb, sevgilim.
Yağan yağış yox, yoxluğun üşüdür bu gün məni... Xatirə dəftərindən bir vərəq daha göndərdim sənə. Təki sən sağlıcaqla qal, mən arxanca baxaram. Sən sağlıcaqla qal, mən yollarını gözlərəm...
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)