Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Bu gün sizinlə yaxın keçmişdə rastlaşdığım, daha doğrusu başıma gəlmiş bir əhvalatı və bu əhvalatın toxunduğu bəzi vacib bildiyim məqamları və ortaya qoyduğu təzadları bölüşmək istəyirəm.
Deməli, xəstəxananın dəhlizində stomatoloqun qapısının önündə növbə gözləyən insanların sırasında əyləşib sakitcə telefonda pdf kitab oxuyurdum.
Avtobusda yol gedərkən və ya haradasa növbə gözləyərkən kitab oxumaq vaxtın həm tez, həm də daha faydalı keçməsinə şərait yaradır. Və kitab oxumaq uzun növbələrin sizdə səbəb olduğu stresi də minimum azaldır.
Lakin bir müddət sonra sol tərəfimdə əyləşmiş 65-70 yaş arası bir qadının düz qulağımın dibində hərarətli bir şəkildə və davamlı olaraq ucadan danışması nəticəsində diqqətim yayınmağa başladı və heç cür fikrimi toplaya bilmədim. Bu səbəbdən də, telefonun ekranını söndürüb mən də qadını dinləməyə başladım.
Məndən başqa orada olanların hamısı onu dinləyirdi. Deyəsən bu hərarətli söhbətə gecikən bir tək mən idim.
Düzü, xatırlamıram söhbət nə vaxt və necə başlamışdı, çünki o sırada kitab oxuduğum üçün ətrafdan təcrid olub bütün diqqətimi kitaba yönəltmişdim.
Xüsusi ilə bir məqamı da qeyd edim ki, növbədə gözləyənlər arasında uşaqdan tutmuş qocaya qədər demək olar ki, bütün nəslin nümayəndəsi var idi. Yeniyetmə, gənc, orta yaşlı və s.
Qadın ətrafdakıların hamısının onu eşidə biləcəyi yüksək bir səs tonuyla danışırdı. Əslində bu səs tonuyla danışmasında da elə səbəb hamının ona diqqət kəsilməsini istəməsi idi.
Sözlərindən anladığım qədəri ilə qadın bir neçə il bundan öncə təqaüdə çıxmış ali təhsilli bir müəllim idi. Səhv anlamamışamsa dil ədəbiyyat müəllimi. Söhbət etdiyi gənc oğlan da müəllimənin tanışı idi, yəqin ki, dərs dediyi məktəbdə təhsil almışdı və hal-hazırda Bakıda universitetlərin birində 4-cu kurs tələbəsi idi.
Düzdür, mən söhbət dedim, amma əslində qadın oğlanın danışmasına heç macal vermirdi. Sualları özü verib oğlanın cavabını gözləmədən, daha dəqiqi oğlan cavab vermək istəyərkən çox hallarda onun sözünü kəsib verdiyi suala elə özü cavab verirdi.
Söhbətin çatdığım hissəsindən etibarən nəql etməyə çalışacağam. Deməli, mən dinləməyə başlayanda oğlanı təhsil aldığı universiteti və ixtisası haqqında sorğu suala tutub suallarına yenə özü cavab verdikdən və bir az da təhsil sistemini tənqid etdikdən sonra tələbəlik dövründən, dövrün ən məşhur müəllimlərindən dərs aldığından, ötən əsrdən, köhnə Bakıdan, tələbə həyatından, hazırda məşhur olan qrup yoldaşlarından danışırdı. Ötən əsr köhnə Bakı hissələri nisbətən marağımı çəksə də, bir qədər bu haqda danışdıqdan sonra isə artıq övladlarının oxuduğu universitetlərdən onların diplomlarından danışmağa başlayanda söhbət tamami ilə maraqsız və mənasız bir hala gəldi, çünki bu artıq göstəriş idi. Və bu vaxt mən yenə söhbətdən qopub telfonuma gəlmiş mesajlara baxmağa başladım.
Lakin sonra mən mesajlara cavab verərkən necə olmuşdusa söhbət yenə təhsil sisteminə istiqamətlənmişdi. Və bir anda qadının verdiyi bir sual məni diqqətimi yenidən onun söhbətinə yönəltməyimə məcbur etdi.
Sual belə idi: "Kollecə kimlər gedir?"
Gənc oğlan: "9-dan çıxanlar, univerisitetə qəbul ola bilməyənlər"-, deyə cavab verib davam etmək istəyirdi ki, qadın yenidən onun sözünü kəsib verdiyi suala yenə özü cavab verməyə başladı.
- 2 alanlar, avara-avara gəzib heç dərsə girməyənlər, dərsdən xəbəri olmayanlar... Kollecə kimlər girir ki, bunlar girir də.
Və bu yerdə artıq necə deyərlər səbir kasası doldu. Mən şəxsən tanımasam da, çox güman ki, qadın el arasında nüfuzlu, hörmətli bir müəllim idi. Və oradakı insanlarıın da heç biri üçün: "Bir dəqiqə dayanın, axı orta ixtisas təhsili alanların hamısı sizin dediyiniz tipdə insanlar deyil"-, deyib də kollec bitirən şəxsləri müdafiə etməkdə, daha doğrusu müdafiə etmək deyil də, doğruları dilə gətirməkdə maraqlı deyildi. Amma mən susa bilməzdim. Təkcə ona görə yox ki, mən özüm də orta ixtisas təhsilliyəm, ona görə ki, bu düşüncə düzgün deyil. Ətrafdakılardan, başda da elə o qadının özündən böyüyə qarşı hörmətsizlik damğası ilə qarşılaşa biləcəyimi bilsəm də bunu gözə aldım. Çünki mən orada sadəcə orta ixtisas təhsilli biri deyil, eyni zamanda da orta ixtisas təhsilli insanların siması idim.
- Kollec bitirənlər savadsız olur?
Sualım çox qəfil və çox qəti olmuşdu.
Çox güman ki, belə qəfil bir vaxtda və belə bir sualla qarşılaşacağını ağlına gətirmirdi. Və yenə çox güman ki, ətrafındakı insanlardan da, kiminsə, hətta düz sağında oturmuş bir gəncin orta ixtisas təhsilli olub da ona reksiya verə biləcəyini də düşünməmişdi. Buna görə də rahat danışırdı.
Qəfil gələn sualım onu bir az duruxdurdu, nə cavab verəcəyini bilmədi. Ətrafdakıların nəzəri qadından kənarlaşıb mənə yönəldi. Nəinki o qadın, heç kim bu sualı gözləmirdi. Bir neçə saniyyəlik ortaya çökən sükutdan sonra üzümə baxmadan: "Söhbət sizdən getmir, mən sizi nəzərdə tutmuram. Mən ümumiyyətlə danışıram. Ali təhsil başqa şeydir. Məktəbdə dərs deyən müəllim mütləq ali təhsilli olmalıdır."-, deyə cavab verdi.
Əvvəl kollecə gedənlər deyib sonra “söhbət sizdən getmir” deməsində təzad var idi, həm də axı "kollecə gedənlər 2 alanlardır" ifadəsi ilə “məktəbdə dərs deyən müəllim mütləq ali təhsilli olmalıdır” ifadəsi eyni şey deyil axı.
"Ali təhsil başqa şeydir, amma işə qəbul imtahanında subbakalavrlar da, baklavrlar da eyni kəfəyə qoyulur və imtahanda eyni proqrama tabe tutulur. Razıyam ayrı şeydir, amma gərək imtahanlarda da fərqli proqrama tabe tutulsunlar. Bəs niyə eyni proramla imtahan olunurlar ? "-, deyə cavab verdim. Yenə nə deyəcəyini bilmədiyi üçün: "Zatən Azərbaycanın təhsil sistemi sıfır səviyyəsindədir"-, söylədi.
Daha sonrasında mən artıq susamağı seçdim və söhbəti davam etdirmədim.
İndi gələk bu əhvalatın ortaya qoyduğu məsələlərə.
1. Cəmiyyətdə orta ixtisas təhsilli olanlara münasibət birmənalı deyil.
Əgər orta ixtisas təhsili alanlara qarşı hətta ali təhsilli bir müəllimin münasibət bu cürdürsə, peşə təhsili alanlara qarşı olanı ümumiyyətlə heç düşünmək belə istəmirəm.
Məgər biz bütün peşə sahiblərinə hörmətlə yanaşmağı elə müəllimlərdən öyrənməmişdikmi?
2. Təhsillə dünyagörüşü hər zaman üst-üstə düşmür.
3. Doğrudan da Azərbaycanda təhsil sistemi heç də ürək açan vəziyyətdə deyil.
4. Və son olaraq önəmli olan qəbul imtahanıdır, yoxsa semestr?
Əslində məsələ bütöv bir cəmiyyətin əksəriyyətinin düşüncə tərzindədir.
Məsələn, xaricdə insanlar ali təhsil ala bilmək üçün təhsil müəssisəsinə pul ödəyirlər. Bizdə isə insanlar oxumadan diplom ala bilmək üçün təhsil müəssisəsinə pul ödəyirlər.
Əslində, bəzi xarici ölkələrinin təhsil sistemində olduğu kimi bizdə də diqqət daha çox qəbul imtahanına deyil də, tələbənin ali təhsil müəssissəsində təhsilini davam etdirə bilməsi üçün hər semestrdə keçməli olduğu semestr imtahanına ayrılsa, şəffaflıq üçün ciddi nəzarət bu imtahanların üzərində qurulsa, bununla təhsil sistemindəki bir çox problem həll oluna bilməzmi?
Məsələn, hansı problemlər:
Savadlı kadrların yetərsizliyi problemi.
İllərlə əziyyət çəkib, hazırlığa gedib, lakin imtahanda həyəcana görəmi, ya başqa hər hansı bir səbəbə görəmi istədiyi balı toplaya bilməyib istədiyi ixtisasa qəbul ola bilməyən. Məcbur sevmədiyi ixtisasda təhsil alıb nəticədə ixtisasını sevmədiyi üçün sırf oxumaq xətrinə oxuyub peşəkar olmayan kadr problemi.
Və yaxud da imtahandan kəsildiyi, heç bir ixtisasa qəbul ola bilmədiyi üçün canına qəsd edib intihar edən abituriyent problemi.
Doğrudur, mən ölkənin ən məşhur müəllimlərindən dərs almamışam, amma mən də öz müəllimlərimdən gözəl dərslər almışam.
Məsələn, bir müəllimimiz var idi. Çox zaman müəllimlər tələbə və ya şagirdə uşaqlar deyə müraciət edir, amma o, bizə yoldaşlar deyə müraciət edirdi və deyirdi ki, müəllim istər tələbəyə, istərsə də şagirdə heç vaxt yuxarıdan aşağı baxmamalıdır, çünki o şagird və ya tələbə sabah gəlib onunla birlikdə çiyin-çiyinə çalışacaq, onun iş yoldaşı olacaq. Və buna nümunələr də göstərirdi.
Məsələ əslində hansı peşənin sahibi olmağın deyil, öz sahəndə necə işlər gördüyündür. Bənna daşdan divar hörüb bina ucaldır. Müəllin o divarlar arasında insan.
Və mən tənqidçi deyiləm, bu yazını yazmaqda da məqsədim tənqid etmək deyil, qınamadığını yaşamadan ölməz insan, amma bu çərçivəli və məhdud dünyagörüşünün dəyişməli olduğunu düşünürəm. Ona görə də bacardığım qədəri ilə qınaq obyektinə çevirmədən yazmağa çalışdım.
Dediyim kimi, təhsillə dünyagörüşü heç də hər zaman üst-üstə düşmür, buna görə də insanları aldıqları təhsil pilləsinə görə dərəcələndirərək kimisə aşağılamaq düzgün deyil.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)