Bu il görkəmli muzeyşünas və mətnşünas, Əməkdar mədəniyyət işçisi, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru olmuş Turan Cavidin anadan olmasının 100 illiyi qeyd edilir. Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Turan Cavidin həyat və yaradıcılığına həsr edilən “Cavid nəslinin qoruyucu mələyi” adlı videomaterial və “Cavidlər nəslinin son yadigarı” adlı biblioqrafik icmal hazırlanıb.
Kitabxanadan aldığımız məlumata görə, hazırlanmış “Cavid nəslinin qoruyucu mələyi” adlı videomaterialda Turan Cavidin mürəkkəb, ziddiyyətli dövrlərə təsadüf edən ömür yolu, bədii fəaliyyəti haqqında məlumatlar təqdim edilir. Həmçinin materialda Turan xanımın atası, görkəmli dramaturq Hüseyn Cavidlə bağlı uşaqlıq xatirələri, görkəmli şairin irsinin toplanmasında, qorunmasında, təbliğində, nəşrində və gələcək nəsillərə çatdırılmasında, şairin Bakıdakı ev-muzeyinin yaradılmasında və fəaliyyətində olan müstəsna əməyi haqqında faktlar yer alır.
Materiallarda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin onun şəxsiyyətinə olan dərin hörmət - ehtiramından bəhs olunur, Turan xanımın Ulu Öndərlə olan foto və videogörüntüləri təqdim edilir.
“Cavidlər nəslinin son yadigarı” adlı biblioqrafik icmalda Turan xanımın redaktə etdiyi, onun həyat və bədii fəaliyyəti haqqında qələmə alınan “Cavid, Mişkinaz. Hüseyn Cavid haqqında xatirələr”, “Cavid, Hüseyn. Əsərləri”, “Turan Cavid: ömür salnaməsi”, “İnsan ömrü bir dalğa kimi...”, “Vaxtdan uca” kimi kitabların biblioqrafik təsviri və annotasiyası təqdim edilir.
Materiallarda Cavid əfəndinin ömür-gün yoluna işıq saçan, böyük şairin faciəli taleyindən, zəngin bədii irsindən bəhs edən “Cavidnamə” əsərinin müəllifi, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın Turan Cavidlə bağlı xatirələri də yer alıb.
Hazırlanmış material kitabxananın rəsmi saytında https://ryl.az/ və sosial şəbəkələrində yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)