BU TALE HEKAYƏTİNİ YAZAN ŞƏXS SADƏCƏ ÜMİD EDİR VƏ İNANIR
Əziz oxucular. Sizə Redaksiyamızın poçtundan çox dərdli, hər kəlməsi ürək ağrıdan bir məktubu təqdim edirik. Müəllif kimi biz də xoş sonluğa ümid edir və inanırıq.
Mən Dinar Bədrəddinqızı.
Sizə öz taleyimi yazmaq istəyirəm, 2018-ci il dən bu yana ağır xəstəliyə düçar oldum, 24 yaşım var, 6 yaşlı bir oğlumla ana-atama sığınıb yaşayıram. Düz 6 il əvvəl həkimlər hər iki ağciyərimin sıradan çıxdığını və vəziyyətimin son dərəcə ağır olduğunu bildirmişdilər. Hətta mənə 3 gün vaxt qoymuşdular, öləcəm deyə. Amma içimdə ümid, inam hissi vardı, yaşayacağıma dair. Çünki ömrü verən də, alan da yalnız uca Rəbbimizdir.
Xəstəliyin gücündən ayaqlarım belə tutulmuşdu, atam-qardaşım qucağında həkimləri gəzdirirdi məni. Həkimin son sözü isə "Aparın nə arzusu var, həyata keçirin" olmuşdu. Atamın o zaman mənə "Qızım, hara aparım səni, nə ürəyin istəyir?" sualı oldu, mən isə cavabında kəndimizdən azca aralıda yerləşən bir ziyarətgah olan "Şeyxbaba ziyarətgahına apar" dedim. Əslində mən əvvəllər belə ziyarətgahlara inanmayan, dindən, inanclardan uzaq, möcüzələrin varlığına inanmayan birisi olmuşam. Amma bilmirəm niyə həmin an o ziyarətgah beynimə düşdü, dilimə belə gətirdim aparsınlar deyə. Atam xəstəxanadan çıxarıb maşın tutub apardı məni həmin ziyarətgaha. Maşından düşə bilmədim, oradaca əllərimi açıb ziyarətgaha tərəf dua etdim, "Allahım sən mənə şans, ikinci həyat ver, oğlumu böyüdə bilim" deyə yalvardım, ağladım, dua etdim. 3 gün dualar oxudum, gecə-gündüz demədən. Atama dedim, mən yaşayacam, içimdə belə bir hiss var, məni ayrı həkimlərə apar, müayinələrdən keçim.
Atam dinlədi sözümü və məni başqa yerə həkimə apardı, müayinələrdən keçdim, analiz verdim. Həkimlər bildirdi ki, həqiqətən vəziyyətim son dərəcə ağırdır, amma şans var, yaşayacağam. Təcili aparın Bakıya dedilər, oksigen balonuna qoşulmalıdır, nəfəsi yoxdur.
Həmin 3 gün də dəfələrlə ölüb-dirilirdim, nəfəsim dayanırdı, yarım saat sonra yenidən qayıdırdı nəfəsim. Hətta ölmüşəm bilirdilər və bir dəfəsində üzümə qara yaylıq salmışdılar ki, ölmüşəm. Amma nəfəsim qayıtmışdı və hər kəs şoka düşmüşdü. Özüm sağikən atama demişdim ki, "Molla çağır, gəlib Quran oxusun mənə". Və molla gəlib sağikən Quran oxumuşdu mənə. Həqiqətən də atamgil Bakıya çatdırdılar məni, son nəfəsimdə çatdım, oksigen balonuna qoşmuşdular. Reanimasiyada komaya düşmüşdüm, 1 ay o halda qaldım, amma ölmədim.
Həkimlərin 3 gün qoyduğu vaxt 6 il oldu, 6 ildir ki, pis-yaxşı yaşayıram. Reanimasiyada qalanda hər gün gözümün önündən bir meyid, ölü aparırdılar, ağlaşma, çığırışma, fəryad səsləri qulağımdan getmir heç. Ölənlərin içində yaşlısı da olurdu, uşağı da, cavanı da. Əvvəl orada qalanda çox pis olurdum, ağlayırdım, qorxurdum. Yuxuma belə girirdi, amma zaman keçdikcə alışdım. 1 ay orada qalmışdım reanimasiyada, ilk günlər çətin idi mənə, sonradan öyrəşdim. Dedim ki, onsuz hərkəs bir gün öləcək, nədən və niyə qorxuram ki.
6 ilim, ən gənc gözəl çağlarım xəstəxanalarda, həkim yollarında keçdi. Bezdiyim, yorulduğum, üsyan etdiyim anlar da az olmadı təbii ki. Amma büdrəyə bilməzdim, nə geri dönüşü yox idi bu yolun, nə də dayanmaq olmazdı. Dayana bilməzdim ona görə ki, oğlum var mənim, övlad anadan yetim qalarmış. Bunu anası olmayanlar anlar, ona bu acını yaşatmağa haqqım yoxdur.
Yaşamaq uğrunda mübarizə aparmalıyam, aparıram da, ən azı çabalayıram hələki. Nələrsə etməyə çalışıram, əsas odur ki, büdrəməyim. Qarşıma məqsəd qoydum, özümə söz verdim. Necə yorulsam, bezsəm də, yaşamaq uğrunda mübarizəmi dayandırmayacağam. Sonuna kimi gedəcəm, Allah o zaman məni yaşadıbsa, demək ki, vardır bir bildiyi. İnsan istəsə hərşey mümkündür, necə mümkünsüzü mümkün etmək olur. Təki Allah bizdən üz döndərməsin, bizə o şansı versin. 6 il əvvəl mənə yaşamaq şansını verdiyi kimi, mən hələ də ağır xəstəyəm. Əməliyyat olunmalıyam, ağciyər köçürülməsi olunacaq, amma imkan yoxdur. Müəyyən vəsait lazımdır ki, əməliyyat oluna bilim. Allah mənə ikinci həyat şansını veribsə o zaman, inanıram ki, bu halda da yoxdan bir qapı açacaq, yoxdan var edən Rəbbimizə şükürlər olsun.
Hər zaman qəlbinizdə ümid, inam hissi olsun, insanı yaşadan və güclü edən məhz bu inam, ümiddir. Məni 6 ildir bu içimdəki ümid, inam hissi ayaqda tutur, yoxsa çoxdan yorulub əldən düşərdim. Bəlkə də ağlımı itirərdim, çünki həyatın bəzi gözəlliklərindən məhrum olmuş biriyəm. Gəzmirəm, dolaşmıram, balaca daxmamızın sevgi dolu otağında aparata bağlı yaşayıram beləcə. Amma ümidim, inamım da mənimlə birgə yaşayır, nəfəs alırıq birlikdə. Mən Allahın yaratdığı həmin möcüzələrə inanan qızam, siz də inanın. Bilmirik ki, heç gözləmədiyimiz bir anda çiçək açar bütün ümidlərimiz. Sadəcə inanın, ümid edin.
REDAKSİYADAN: Kömək əli uzatmaq istəyənlər bu barədə poçtumuza yaza bilərlər.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)