“İrəvan mətbəxindən nümunələr” layihəsində Qaz əti ilə kartof müsəmməsi

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qaz əti ilə kartof müsəmməsinin hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun! 

 

DÜSTUR 

§ Qaz əti – 200 qr

§ Soğan – 35 qr

§ Ərinmiş kərə yağı – 35 qr

§ Kartof – 80 qr

§ Limon – 15 qr

§ Zəncəfil (təzə) – 10 qr

§ Sarımsaq – 1 qr

§ Sarıkök – 0,1 qr

§ Xardal pastası – 5 qr

§ Sumaq – 10 qr

§ Göyərti – 8 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Təmizlənmiş qaz ətinin xırda tükləri alovda ütülür. Oynaq hissələrdən tikələrə doğranır. Dərisi, xırda sümükləri çıxarılır. Qaz əti suda 60-70 faiz bi- şirilir, hazır olduqda ətlər çıxarılır, işgənəsi süzülür. Mis və ya çuqun teştə yağ əlavə olunur, yağ əriyəndə yarı bişirilmiş qaz ətinin hər iki tərəfi qızardılır. Sonra xırda doğranmış soğan, sarımsaq əlavə olunaraq birlikdə qızardılır. Soğan qızardıqda duz, istiot, sarıkök, sürtkəcdən keçirilmiş təzə zəncəfil, üyüdül- müş sumaq, qaz ətinin işgənəsi əlavə olunur, ehtiyatla qarışdırılır. Teştin ağzı bağlanır və vam odda bişirilir. Hazır olduqda 5-6 dəqiqə yer dəmi alır. Kartof soyulur, təmizlənir, yuyulur, uzununa iki hissəyə bölünür. Duz, xardal və ərinmiş kərə yağı vurulur, 200°C-də qızdırılmış sobada (kürə, təndir) xına rəngi alana qədər qızardılır. Kartof müsəmmə ilə eyni zamanda hazırlanır. Hazır müsəmmə boşqaba çəkilir, qızardılmış kartof günbəz şəklində düzülür. Üzərinə göyərti səpilir, limon sıxılır və süfrəyə verilir. Bu müsəmmə plov və çilovlarla da süfrəyə verilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.