Bu gün korifey sənətkarımız NƏSİBƏ ZEYNALOVANIN doğum günüdür Featured

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Səhnədən könüllərə uzanan yol: Nəsibə Zeynalovanın işıqlı ömrü – mən məhz korifey sənətkarımız barədə fikirlərimi bir cümləyə sığışdırsaydım, belə izhar edərdim. Həqiqətən də onun ömür yolunun işığı daim izləyicilərinin mənəviyyatı üzərinə düşəcək. Daim xoş ovqat, təbəssüm bəxş edəcəkdir.

 

1916-cı ilin 20 aprel səhəri – Azərbaycan sənətinin səmasında parlayacaq bir ulduz dünyaya gəlir. Bu gün onun doğumunun 109 ili tamam olur. Aradan onilliklər keçsə də, Nəsibə Zeynalovanın yaddaşlarda qoyduğu izlər solmayıb, səhnə və kino sənətində parlaq şəkildə yaşamaqdadır.

Onun doğulduğu dövr – Bakı şəhərinin neftlə nəfəs aldığı, mədəniyyətin isə yeni çiçəklənməyə başladığı bir zaman idi. Nəsibə xanım sənətə, deyərsən, ana bətnindən bələd idi. Atası Əbdülhüseyn Zeynalov – həm neft sahibkarı, həm də teatr xadimi olaraq bu sevginin ilk təməlini qoydu.

1932-ci ildə Teatr Texnikumunu bitirdikdən sonra Nəsibə Zeynalova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk dəfə peşəkar səhnəyə çıxdı. Səhnə onun üçün sadəcə bir sənət sahəsi deyil, nəfəs aldığı, var olduğu bir dünyaydı.

Zeynalova 130-dan çox tamaşada müxtəlif qadın talelərini, fərqli obrazları ustalıqla canlandıraraq tamaşaçı ilə emosional bir körpü qurdu. Onun oynadığı Gülbahar ("Ölülər"), Xədicə ("Almaz"), Telli ("Hacı Qara") kimi obrazlar artıq yalnız səhnə xatirəsi deyil – milli mədəniyyətin canlı səhifələrinə çevrilib.

Onun sənəti təkcə teatrla məhdudlaşmadı. Kino dünyasına da unudulmaz töhfələr verdi. 40-dan artıq filmə çəkilən Nəsibə xanım hər bir obrazında həyatın müxtəlif üzlərini tamaşaçıya təqdim etdi. “Əhməd haradadır?” filmindəki Şərəfxanım, “Ulduz”dakı Fatmanisə, “Bəyin oğurlanması”ndakı Nənə obrazı onun xalq arasında necə dərin rəğbət qazandığını göstərirdi.

1982-ci ildə ona verilən SSRİ Xalq artisti adı, təkcə rəsmi bir titul deyildi – bu, onun sənətə və xalqa bağlılığının rəmzi idi. Bu ada layiq görülməsi onun ömürlük zəhmətinə verilmiş mənəvi bir təltif idi.

2004-cü ilin mart ayında, 87 yaşında dünyadan köçsə də, onun yaratdığı obrazlar hələ də yaşayır. Hər dəfə bir səhnə açıldıqda, bir film səsləndikdə, Nəsibə Zeynalovanın nəfəsi o anı bəzəyir.

Allah korifey sənətkarımıza qəni-qəni rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.