Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
İkinci dünya müharibəsinin insan ruhunda yaratdığı dağıntıları aradan qaldırmaq demək olar ki, mümkünsüz idi.
Bu gün 1984-cü ildə rejissor Şamil Mahmudbəyovun ekran əsəri olan “Tənha narın nağılı” filmi barədə danışmaq istəyirəm. Bu həyatda insanın valideynlərini itirməsi qədər bərbad bir şey yoxdur. Fələk balaca Sadiqin də üzünə gülmədi. Atası hamı kimi vətənin dar günündə cəbhəyə yola düşdü. Anasının da çarəsizliyi başqa bir tərəfdən çəmbəri daraldırdı.
Sadiqin bibisi Mədinə balaca Sadiqi özü götürüb saxlamaq qərarına gəldi. Hər insanın həyatında bəlalı bir eşq olur. Mədinəni qız vaxtından kəndin anbardarı Yaqub istəyirdi. Lakin bu istək artıq yerini şiddət dolu eşqə buraxmışdı. Yaqubun evli olduğunu nəzərə alsaq, ortam xeyli gərgin idi. Bunu görən Mədinə Sadiqi də yanına alıb şəhərə köçmək qərarına gəldi. Mədinə uşaqlıq dostu Mərcanı tapıb ondan kömək istədi. “Dost dar gündə tanınar” deyiblər. Mərcan evinin qapısını Mədinəyə açdı və onlar xeyli müddət birlikdə yaşamağa başladılar. Mərcanın evi fərdi yaşayış evi deyildi. Onun qonşuları da var idi. Biçarə oturub nişanlısının gəlməsini gözləyən Surət xanım, müharibənin hər üzünü görmüş və bu yolda ayaq nahiyəsindən ciddi xəsarət alan Qubad və dörd oğlunu cəbhəyə yola salıb yollarını gözləyən Bəyxanım nənə Mərcanla eyni məhlədə qalırdı.
İlk vaxtlar hər şey qaydasında idi. Sadiq məktəbə yazılmışdı, sinfin əlaçılarından idi. Hər nə qədər oxumağa can atsa belə hər insan kimi Sadiq də valideyn həsrəti ilə alışıb yanırdı. Bu sarsıntı Sadiqi də silkələdi. Surətin nişanlısı ona xalasının istəyi ilə başqasıyla evlənəcəyini bildirdi. Bu xəbər Surətdə şok effekti yaratdı və o, canına qəsd etməyə çalışdı. Lakin qonşuların cəld tərpənməsi nəticəsində bu baş vermədi.
Qubadın Mərcandan xoşu gəlirdi. Lakin Mərcanın könlü şəhərin qəssabı olan Əlidə idi. Qubad Əlinin Mərcana elçi gəlməsini özünə sığışdırmayıb, Əli ilə dalaşdı. Sadiq balaca olmasına baxmayaraq diqqətli bir uşaq idi. Surətin keçmiş nişanlısı olan leytenantın qardaşı Xəzər Sadiqlə bir sinifdə oxuyurdular. Xəzər Sadiqlə arasında yaranan anlaşılmazlıq nəticəsində onun istədiyi qıza küçə qızı deməsi iki dost arasındakı gərginliyi pik həddə çatdırdı və Sadiq məktəbdən qovulma bahasına bu sözü udmayıb Xəzərin başını daşla yardı.
Bu ortamda heç cür üzü gülməyən biri var idi. O, Bəyxanım nənə idi. Dörd oğlundan geriyə nar ağacı qalmışdı. Bəyxanım nənə hər gün ağacı suluyar, bar verəcəyinə ümid edərdi. Onun oğullarından üçü döyüşdə həlak olmuş, biri isə itkin düşmüşdü. Bəyxanım nənə fikir çəkməkdən həm can sarıdan, həm də güc sarıdan əldən düşmüşdü. Elə yaşadığı evdəcə oğullarını düşünə-düşünə canını tapşırdı. Sadiq isə Xəzərlə arasındakı mübahisədən sonra məktəbdən atıldı və kəndə, anasının yanına getdi. Mədinə də əşyalarını yığıb Sadiqin ardınca gəldi və onlar kənddə yaşamlarına davam elədilər.
Yaqub isə anbarın qapısını açıq qoyan birinin güdazına getdi. Nəticədə Yaqub tutuldu.
Bax belə bir sonluq!
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)