Könül, “Ədəbiyyat və incəsənət”
23 gün öncə yola saldığımız 2024-cü il Azərbaycanın Ana teatrı sayılan Akademik Milli Dram Teatrı üçün necə keçib? Bu sualla teatrın mətbuat xidmətinin rəhbəri, yazıçı, dramaturq Cavid Zeynallıya müraciət etdik. Cavid bəyin cavabı belə oldu:
-Yola saldığımız 2024-cü il teatrımızın tarixində parlaq bir səhifə olaraq yadda qaldı. Həm ölkə daxilində, həm də beynəlxalq arenada keçirilən tədbir və layihələr teatrın nüfuzunu daha da artırdı.
-Bölgələrə səfərləriniz də yadda qaldı.
-Bəli, teatrın regionlara təşkil etdiyi qastrol səfərləri böyük maraqla qarşılandı. Bu səfərlər zamanı klassik və müasir tamaşalar müxtəlif bölgələrin sakinlərinə təqdim olunub. “Manqurt” tamaşası Lənkəran, Gəncə və Mingəçevirdə nümayiş etdirilərək tamaşaçıların böyük alqışlarını qazanıb. “Xanuma” tamaşası qədim Şəkidə, “Bir, iki, bizimki” tamaşası isə Lənkəranda teatrsevərləri sevindirib. “Şükriyyə” Gəncədə, “Cəhənnəm sakinləri” Şəkidə, “Küknarlara məktub” isə yenidən Lənkəranda səhnəyə qoyulub. Bu zəngin mədəniyyət axını “Bölgə Teatrlarının Bakı Premyerası” adlı yeni layihə ilə daha da rənglənib, bölgələrdəki teatrların yaradıcılığı paytaxt tamaşaçılarının diqqətinə təqdim olunub.
-Beynəlxalq səhnədə də Azərbaycan teatrı az görünmədi.
-Elədir ki var. Teatrımız yalnız ölkə daxilində deyil, dünya səhnəsində də öz sözünü deyib. Sankt-Peterburqda yerləşən Aleksandrinski Teatrı ilə əməkdaşlıq memorandumu imzalanaraq yeni yaradıcılıq körpüsü qurulub. Bu tarixi sənədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edən İlham Əsgərov və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) direktoru Sergey Yemelyanov imza atıblar. Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan Teatr Forumunda teatrımız “Sənsiz” tamaşası ilə ölkəmizi layiqincə təmsil edib. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayevdir. Rusiya Federasiyasının Suzdal şəhərində baş tutan II Milli Teatrlar Konqresi və Birinci Yay Festivalında Azərbaycan fəxri qonaq qismində iştirak edib. Tədbir çərçivəsində müxtəlif teatr rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və ustad dərslərinin təşkili ilə bağlı müzakirələr aparılıb. Ötən il teatr tarixində unudulmaz premyeralara da imza atılıb. “İblis və…” tamaşası Sankt-Peterburq Aleksandrinski Teatrında səhnəyə qoyularaq Azərbaycan teatr tarixində yeni bir mərhələ açıb.
-Mükafatlar və fəxri təltiflər barədə də bəhs edərdiniz.
-Teatrın yaradıcı heyəti bu il müxtəlif mükafatlarla təltif edilərək yüksək qiymətləndirilib. Mehriban Ələkbərzadə teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Dövlət Mükafatı ilə təltif olunub. Bununla yanaşı, o, Çingiz Aytmatov adına mükafata da layiq görülüb. Prezident Sərəncamına əsasən, Xalq artisti Laləzar Mustafayeva fərdi təqaüdə, teatrın 19 üzvü isə Prezident mükafatına layiq görülüblər. Akademik Milli Dram Teatrı tərəfindən təsis edilən “Qızıl pərdə” mükafatı sənətkarlara təqdim edilib. Həmçinin ötən il Azərbaycan Tarixi Muzeyində keçirilən tədbirdə mədəniyyət xadimlərinə Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalları təqdim olunub. 10 Mart - Milli Teatr Günü münasibətilə keçirilən tədbir böyük təntənə ilə yadda qalıb. Bu bayramda Akademik Milli Dram Teatrı tərəfindən təsis olunan Milli Teatr Mükafatı öz sahiblərinə təqdim edilib.
Bir sözlə ötən il Akademik Milli Dram Teatrı üçün yalnız zəngin yaradıcılıq ili deyil, həm də yeni zirvələrə aparan uğur dolu bir dövr olub.
-Bu ildən gözləntilər nədir?
-Sənət məbədinin yaradıcı kollektivi bu il də teatrsevərlərə unudulmaz tamaşalar bəxş edir. Hazırda iki tamaşa hazırlanır. Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı əsasında hazırlanan eyniadlı tamaşanın məşq prosesləri gedir. Quruluşçu rejissor Bəhram Osmanovun yaratdığı bu əsər fevralda tamaşaçılara təqdim olunacaq.
Həmçinin Xalq yazıçısı Elçinin “Baş” romanının motivləri əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi səhnə əsərinin məşqləri yaxın müddətdə başlayacaq.
-Uğurlar.
P.S. Yeri gəlmişkən, 2024-cü il Cavid Zeynallının özü üçün də tam düşərli il oldu. Belə ki, onun “Şükriyyə” tamaşasının premyerası böyük rəğbətlə qarşılandı.
Tamaşa 1937-ci ildə Stalin repressiyasına məruz qalmış Azərbaycan qadını - istiqlalçı şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə haqqındadır. Repressiya illərində zülmə məruz qalmış qadınlardan söhbət düşəndə, neçə-neçə qadın, amma ilk öncə Şükriyyə yada düşür. Bu yəqin ki, onun Əhməd Cavada olan sevgisi, 8 illik dəhşətli sürgünlük həyatı, bir ana olaraq övladlarından ayrı düşməyi və özünü qorumaq üçün etdiyi məlum hərəkətlərlə bağlıdır.
Əsərdə müəllif məlum faktlardan istifadə edərək Şükriyyə obrazının hərtərəfli təsvirinə çalışıb.
Qeyd olunduğu kimi, əsər Şükriyyə haqqındadır və o, Stalin rejiminin repressiya qurbanlarından biridir. Belə qadınların isə sayı yüzlərlədir. Həyat yoldaşı Əhməd Cavadın qeyrətini qorumaq üçün, namusuna təcavüz olmasın deyə, Şükriyyə paltarlarını çıxarıb tualetin döşəməsini silir, saçını, üz-gözünü murdarlayır ki, ona dəyməsinlər. Zülm və zorakılığa məruz qalan insan özünü qorumaq üçün müqavimət göstərməyə və özünü qorumağa çalışır. Əsərin baş qəhrəmanı olan Şükriyyənin bu hərəkəti bir növ qeyri-normal quruluşa və insanları məhv edən sərt rejimə qarşı onun etirazdır. Müəllifin qələmə aldığı həyat hekayəsi haqqında gəldiyi qənaət, təlqin etdiyi fikir budur.
Bir qadının dəhşətli həyat və sürgün hekayətindən bəhs edən “Şükriyyə” tamaşasını tamaşaçıların sonsuz maraqla qarşılamaları əlbəttə ki, gənc dramaturq Cavid Zeynallının böyük uğurudur.
“Ədəbiyyat və incəsənət”
(23.01.2025)