Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 2025-ci il martın 10-dan 17-dək Milli Teatr Gününün 152-ci ildönümü münasibətilə Bakıda 1-ci “Uşaq Teatr” Festivalı fəaliyyətə başlayacaq.
AzərTAC xəbər verir ki, 6-14 yaş arası uşaqlar üçün nəzərdə tutulan tədbir Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəslin mədəniyyətə marağının artırılmasını hədəfləyib.
Festivalda 15 komanda tərkibində 10 nəfər iştirak edə bilər. Komandaların təqdim etdiyi xalq nağılları əsasında hazırlanacaq tamaşalar 20-35 dəqiqə davam edəcək. Festivalın məqsədi mədəni irsimizi qorumaqla yanaşı, uşaqlara komanda şəklində işləmə bacarıqları qazandırmaq, səhnə mədəniyyəti ilə tanış olmalarına və öz istedadlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.
“Ədəbiyyat və incəsənət”
(17.12.2024)