Cəlil Məmmədquluzadə və teatr Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Dram əsərlərinin təsir gücünə, teatrın əyanilik imkanlarına və aktyor sözünün kəsərinə inanan C.Məmmədquluzadə hələ seminariyada oxuduğu illərdə aktyor sifəti ilə tamaşalarda çıxış etmiş, tətil günlərində və Naxçıvanda işlədiyi illərdə “huşyar dostları” ilə birlikdə Naxçıvan şəhərində M.F.Axundzadənin “Hekayəti-molla İbrahimxəlil kimyagər”, “Hekayəti müsyo Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadukini-məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran”, N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” Ə.Haqverdiyevin “Dağılan tifaq” və. s əsərləri tamaşaya qoymuşdur. Bu tamaşaların bəzilərinə M.Cəlil özü rejissorluq etmiş və baş rolların ifaçısı olmuşdur.

 

            1916-cı ildə “Ölülər” Bakıda tamaşaya hazırlanarkən baş rolların bölünməsində və məşqlərdə C.Məmmədquluzadənin şəxsən iştirak etməsi, baş rolların (Ş.Nəsrullah və İsgəndər) ifaçıları Ə.Qəmküsara və M.Əliyevə, həmçinin tamaşanın rejissoru H.Ərəblinskiyə verdiyi tövsiyələr, sonralar əsərin Daşkənd, Şuşa,Tiflis və Təbrizdə müəllifin öz iştirakı ilə tamaşaya hazırlanması və nümayiş etdirilməsi, böyük ədibin yerli teatr həvəskarları ilə əlaqələri onun teatra yüksək qiymət verdiyini və teatr işinə dərindən bələd olduğunu göstərir.

       “Böyük demokrat” qeyd edir ki, səhnə üçün yazılmış əsərlər “camaatı öz üstünə güldürüb, eyibini özünə nişan verməli”, məişətimizin eyiblərini göstərməli”, “mərəzlərimizə gülünməli” və insanı düşündürməlidir.Təsadüf deyil ki, “Ölülər”i tamaşaya hazırlayarkən M.Cəlilin tövsiyələrini nəzərə alan H.Ərəblinski aktyorlara demişdi: “Siz tamaşaçıları güldürməkdən çox düşündürməyə çalışmalısınız. Pyesin müəllifinin və biz aktyorların məqsədi donmuş şüurları oyatmaqdır.” Məhz belə əsərlər yüksək bədiiliklə, səhnədə insanların gözü qarşısında nümayiş-təqlid edildikdə onların əxlaqına və tərbiyəsinə ciddi təsir göstərir.

       C.Məmmədquluzadə belə əsərlərə özünün “ustadi-əzizi” saydığı, “təmsilat yazanların ustadı, kamil ədiblərin fəxri”, “səhnəmizin atası” adlandırdığı M.F.Axundovun komediyalarını, dünya ədəbiyyatının Şekspr, Molyer, Qoqol kimi sənətkarlarının əsərlərini nümunə göstərirdi. Qətiyyətlə M.Cəlilin öz əsərlərini də bu sıraya daxil etmək olar.

            C.Məmmədquluzadə məzmunsuz və ideyasız, bayağı “pyes və nümayişləri” kəskin tənqid edir, tamaşalara əyləncə xarakteri vermək və tamaşaçı cəlb etmək üçün dram əsərlərinə yersiz balet dəstəsi və rəqs məclisləri “yapışdırmaq” ənənəsini pisləyirdi. Teatrlarda “ibrətli nümayiş əvəzinə mütribbazlıqlar, şantajlar nümayiş etdirilməsinə” qarşı çıxırdı. “Bihəya nümayişlər”in çavanların və məktəblilərin əxlaqını və tərbiyəsini korladığını, belə şeylərlə  teatrların “lap əbəs yerə zibilləyindiyini” göstərirdi. Müqəddəs sənət məbədlərinin belə şeylərlə “zibilləndiyini” görən ədib fəryad qopararaq deyirdi: “Heyf, teatrlarımıza!”

            M.Cəlil özünün “Eşq mədrəsəsi”, “Teatr konfransı”, “İşçi teatrı” və s. əsərlərində qeyd etdiklərimiz barədə öz qəti mövqeyini ortaya qoyur və yazırdı: “Hər şey dünyada tərəqqi eyləyən kimi, teatrımız da, şəkk yox, tərəqqi edə gərək”.

Təsadüfi deyildir ki, “Molla Nəsrəddin” jurnalı öz səhifələrində yazırdı: «Məlumdur ki, camaatın qabağa getməsi üçün teatr məclisləri ən faydalı bir şeydir. Bəlkə, belə olan surətdə teatr məclislərinin inkişaf tapacağını lazım və vacib bilmək lazımdır”.     

            Səhnəni “pakizə bir yer” hesab edən C.Məmmədquluzadə teatrın inkişafı üçün atılan hər bir addıma sevinir, onun tərəqqisinə mane olan əngəlləri kəskin tənqid edirdi. O, yerlərdə “drama cəmiyyətləri”nin açılmasını alqışlayırdı. Bakıda “Tənqid təbliğ teatrı”nın açılmasına sevinir və buranı “Canlı Molla Nəsrəddin teatrı” adlandırırdı.

            Görkəmli ədib həm imkanlı şəxslər, həm də dövlər orqanları tərəfindən teatr və teatr işçilərinə maddi və mənəvi dəstək göstərilməsini zəruri hesab edirdi. “Oyun-oyuncaq” və “Teatr işlərimiz” başlıqlı yazılarda o, diqqəti bu məsələlərə cəlb edirdi. 1923-cü ildə qələmə alınmış “İki xəbər” adlı yazıda hökumətin teatr üçün verilən məxarici azaltması ciddi tənqid olunurdu. Göstərilirdi ki, hökumət “məxarici o dərəcədə azaldıb ki, teatrın davam gətirməyinə ümid qalmır”.Yazıda daha sonra təəssüflə qeyd edilirdi ki, lazımsız işlərə xərclənən pullara qənaət etmək əvəzinə, teatr-sənət məbədinə xərclənən cüzi pullara qənaət edilir.

Bəzi yazılarında aktyorların maddi durumuna da toxunan görkəmli yazıcı və publisist onların teatr rəhbərliyi tərəfindən lazımi himayə görmədiklərini  nəzərə çatdırırdı. Teatrlarımızın milliyyətcə rus, erməni, gürcü və polyak aktyorlara möhtac qalmasına acıyırdı. “Teatr” felyotununda bu məsələlərdən geniş bəhs edirdi.

            O, öz yazılarında yeri gəldikcə teatra rəhbərlik işlərindən də söz acırdı. Məsələn, “Yadigar” və “Mükafat” başlıqlı yazılarda ədib teatrlarda müdirlik və rejissorluq üstə baş verən intiriqaları və donosçuluğu tənqid edirdi. 1922-ci ildə “Yeni yol” qəzetində çap olunmuş “Teatr işlərimiz” məqaləsində müəllif teatra rəhbərlik işlərinin yarıtmaz qurulduğunu qeyd edir, Bakı kimi bir şəhərdə teatr işlərinin “fəna surətdə olmasının baislərinin” ciddi məzəmmətə layiq olduqlarını göstərirdi.

            Aktyor sənətinin sirlərinə dərindən bələd olan və altyor sözünün kəsərinə dərin inam bəsləyən M.Cəlil onları “teatr kimi müqəddəs bir maarif və sənət məbədinin xadimləri” adlandırır. Qeyd olunur ki, teatr işçilərinin mənəvi aləmi pak olmalıdır, onlar öz sənətlərinə ürəkdən bağlanmalıdırlar. Aktyorlar arasındaki intriqlara toxunan görkəmli ədib bu cür halların teatrımızın inkişafına mənfi təsir etdiyini bildirirdi. Teatrları belə hallara yol verən aktyorlardan təmizləməyə çağırırdı. O qeyd edirdi ki, aktyorlar “səhnə kimi pakizə bir yerə qədəm qoymağa” mənəvi haqq qazanmalıdırlar.

            Digərləri kimi C.Məmmədquluzadə də tamaşaçının teatra münasibətindən bəhs edərkən deyirdi: doğruluq və inam. Tamaşaçı teatra yalnız emosional təsir almaq üçün gəlir və onun səhnədən təkcə bir istəyi var - inanmaq. Bunu reallaşdırmaq isə aktyorların üzərinə düşür.

            C.Məmmədquluzadə Azərbaycan teatrının inkişafında böyük xidmətləri olmuş A.Mirzə, M.Əliyev, S.Ruhulla, H.Abbasov, H.Sarabski və digərlərini nümunə göstərir və onların əməyini yüksək qiymətləndirir, gənc aktyorları onlardan öyrənməyə çağırırdı.

            Ümumiyyətlə, M.Cəlil gənclərin teatra biganə münasibətindən, onların (xüsusən qadınların) səhnəyə çıxmaq istəməməsindən bərk təəssüflənirdi. Bunun səbəblərinə toxunan teatr təəssübkeşi cəmiyyət üzvləri arasında nəinki qızların, hətta oğlanların da “aktyorluğa qurşanması”nın pis qarşılanmasından, onların ələ salınması, məsxərəyə qoyulması, ölümlə hədələnməsi və qətlə yetirilməsindən, teatr binalarının talan edilməsi və yandırılmasından hiddətlənirdi. “Molla Nəsrəddin”in səhifələrindəki karikaturalarda belə halları çox kəskin tənqid edirdi. Məsələn, 1909-cu ilin fevral ayında Bakı şəhərinin ilk teatrının (Tağıyev Teatrı-12 yanvar 1908-ci ildə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" milli operasının premyerası bu teatrda baş tutmuşdu) yanması ilə əlaqədar “Molla Nəsrddin”in səhifəsində verilmiş bir karikaturada  fanatiklərin və ruhanilərin əl-ələ tutaraq sevinclə rəqs etmələri acı-acı təsvir edilirdi. R.Nəzərova «Molla Nəsrəddin” jurnalı estetik tərbiyə haqqında” məqaləsində yazır ki, “M.Cəlil «Molla Nəsrəddin» jurnalında camaata «teatr haramdır!», «teatra kömək edənlər o dünyaya», «…..şapka qoyan İvan sifətində gələcək», qramafon səsinə «yox, yox haramdır ona qulaq asmaq, oradan cin səsi gəlir», «müsəlman teatrçıları şəriətə xilafdır» deyən din nümayəndələri ilə həmişə mübarizə aparırdı. Jurnal çox kəskin dildə, bəzən gülməli, bəzən kədərli, bəzən felyeton, hekayə, son xəbərlər, bilməli xəbərlər və bəzən də satirik şeirlər vasitəsilə vaizlərin çürük fikirlərini ifşa edirdi…Jurnal şəkillərdən çox məharətlə istifadə edərək xalqı başa salırdı ki, teatrlara gedin, bədii zövqünüzü inkişaf etdirin, boş vaxtlarınızı şən, gümrah və əyləncəli yerlərdə keçirin”.

“…Hər gecə böyüklər üçün verilən teatrlara nəinki məktəb şagirdi, hətta əmcək uşaqlarının da analarının çarşabı altında ağlaşa-ağlaşa gəlmək”lərinə, onların yaşlarına uyğun olmayan tamaşalara baxmalarına qarşı çıxan C.Məmmədquluzadəni düşündürən əsas məsələlərdən biri də ölkəmizdə uşaq teatrlarının olmaması idi. O, bir sıra yazılarında ilk dəfə olaraq bu  məsələni qaldırmışdı. 1923-cü ildə yazılmış “Uşaq teatrı” adlı məqaləsində vaxtı ilə Naxçıvanda M.F.Axundzadənin komediyalarının məktəb uşaqları üçün tamaşaya qoyulmasını xatırlayan ədib yazırdı: “Haman gün elə yadımızdadır: iki yüzdən artıq məktəb şagirdlərinin bir böyük bayramı idi. Necə asan imiş iki-üç saatın içində bi qədər uşağı xoşbəxt etmək!” Uşaqların teatra olan həvəsini və teatrın bir tərbiyə məktəbi olmasını nəzərə alan, “uşaq teatrında nə qədər böyük bir aləm var”, - deyən C.Məmmədquluzadə uşaq teatrı yaratmağın vaxtı çatdığını bildirirdi. O, redaktoru olduğu «Molla Nəsrəddin» jurnalında da bədii zövqü inkişaf etdirmək, uşaq və gəncləri tərbiyə etmək üçün teatr tamaşalarının oynanılmasına yüksək əhəmiyyət verilirdi. Bədii tərbiyədə teatr tamaşalarının roluna böyük qiymət verən jurnal yazırdı ki, adam öz buraxdığı nöqsanları özü görə bilmir, lakin teatr tamaşalarına baxdıqda həmin nöqsanların ümumiləşdirilmiş nümunələrini görür. Jurnal, ümumiyyətlə, teatrların, xüsusilə məktəb teatrlarının olmasına, onun tərbiyəvi əhəmiyyətinə yüksək qiymət verirdi. Çünki uşaqların dərsdən sonra boş vaxtlarını lazım olmayan yerlərdə keçirmələrindənsə, məktəb teatrlarında keçirmələri daha əlverişlidir

O, “Uşaqlarımız” adlı felyetonunda belə yazırdı: “…uşaqlarımız üçün də lazımdır teatr hazırlamaq və bundan ötrü lazımdır teatr yazanlarımıza təklif edək ki, uşaq pyesləri yazsınlar, ta ki, teatr idarələrimizin bəhanəsi kəsilsin…”. O, uşaqlar üçün teatr tamaşalarının olmadığını bəhanə gətirənlərə çıxış yolunu da göstərirdi: 1) böyüklər üçün nəzərdə tutulan bəzi əsərləri uşaqlar üçün də göstərmək olar, 2) xarici dillərdə olan uşaq pyeslərini tərcümə edib nümayiş etdirmək olar, 3) yazarlara uşaq pyesləri sifariş etmək, onları bu işə təşviq etmək lazımdır.

            Ümumiyyətlə, Azərbaycan teatrının mürəkkəb və ziddiyyətli bir şəraitdə təşəkkül tapmasında, üzləşdiyi problemlərin həllində və bu günkü səviyyəyə çatmasında digərləri kimi C.Məmmədquluzadənin də xidmətləri çox olmuşdur. O həm özünün ölməz səhnə əsərləri, həm milli səhnəmizin inkişafı üçün yazdığı publisistik yazıları, həm də əməli fəaliyyəti ilə teatrımızın inkişafında xüsusi rol oynamışdır.

                                                                                              

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.