Azərbaycanlı gənclərin də iştirak etdikləri Dünya Gənclər Forumu çərçivəsində müasir gəncliyin bəşəriyyətin aktual problemlərini incəsənətin dili ilə ifadə edəcək Dünya Gənclər Teatrının təqdimatı olub.
AzərTAC xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əl-Sisi və bu ölkənin birinci xanımı İntizar əl-Sisinin də iştirak etdikləri təqdimatda foruma qatılan müxtəlif ölkələrin gəncləri iştirak ediblər.
Dünya Gənclər Teatrının Şarm əl-Şeyxin Konqres Mərkəzində təqdim edilən ilk tamaşası bütün insanlığı narahat edən silahlı münaqişələr, COVID-19 pandemiyası, bu fəlakətlərlə mübarizədə gənclərin həmrəyliyinə həsr olunub. Tragikomediya janrında səhnələşdirilmiş premyerada gənclərin ictimai-siyasi xadimlərə, liderlərə yeni qlobal çağırışlar fonunda daha qətiyyətli addımlar atmaq, dünyada ədaləti və insanların bərabərliyini təmin etmək, yoxsullara yardım göstərmək çağırışları yer alıb. Tamaşada, həmçinin texnologiyanın ən son nailiyyətlərindən də istifadə olunmaqla interaktiv səhnələr təqdim olunub.
Bir sıra nüfuzlu televiziya kanalları tərəfindən canlı yayımlanan tamaşa forum iştirakçılarının alqışları ilə qarşılanıb. Dünya Gənclər Teatrının yaxın gələcəkdə dünya turuna çıxacağı bildirilir.