Özbəkistanda Nizami adına Dövlət Pedaqoji Universitetində Azərbaycan Mərkəzi yaradılacaq

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yeni  sədri Abduqaffor Qırğızboyev arasında görüş keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində ilk öncə rektor Abduqaffor Qırğızboyev Azərbaycanla dostluq və əməkdaşlıq haqqında danışaraq, rəhbərlik etdiyi Universitetin tarixi, onun Özbəkistanın elm, ictimai, təhsil sahəsində mövqeyi və rolu haqqında məlumat verib.  Rektor Abduqaffor Qırğızboyev Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyan Universitetdə görülən işlər, qazanılan nailiyyət haqqında danışıb və hazırda Özbəkistanın bu nüfuzlu ali məktəbində 23 minə yaxın tələbənin təhsil aldığını qeyd edib. O, Universitetin bazasında Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin fəaliyyət göstərdiyini vurğulayıb və ötən illərdə Dostluq Cəmiyyətinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində Özbəkistanda çoxsaylı tədbirlər və layihələrin reallaşdırıldığını xüsusi qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Abduqaffor Qırğızboyevi Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin direktoru vəzifəsinə təyin olunmağı münasibəti ilə təbrik edib, Universitetin hər bir azərbaycanlı üçün əziz olduğunu və dostluq əlaqələrimizin genişləndirilməsi və inkişafı yolunda əhəmiyyətini qeyd edib.

O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin təbliği, tədqiqinə Azərbaycan dövləti tərəfindən daim  böyük önəm verildiyini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il Nizami Gəncəvi ili elan olunduğunu söyləyib.

Samir Abbasov rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzi haqqında danışaraq, Mərkəzin Azərbaycan-Özbəkistan dövlətləri arasında dostluq, strateji əməkdaşlığın əsasçısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıdığını qeyd edib. Diplomat Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mərkəzinin yaradılması, Azərbaycan universitetləri ilə əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, birgə layihələrin reallaşdırılması, Nizami Gəncəvi irsinin tədqiqi və təbliği, habelə bu istiqamətdə konfrans, təqdimat və müsabiqələrin keçirilməsi barədə təkliflərlə çıxış edib. O, ötən ildən keçirilməsinə başlanan və hər il Azərbaycanda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu haqqında məlumat verib və Özbək Nizamişünasların bu mötəbər tədbirdə geniş iştirak etdiklərini razılıqla qeyd edib.

Samir Abbasov 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan

30 ilə yaxın Ermənistan tərəfindən işğal olunan torpaqlarını azad etdiyini və Prezident İlham Əliyev tərəfindən Azərbaycanın azad edilən Şuşa şəhərinin mədəniyyət paytaxtımız  kimi qəbul olunduğunu, 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan edildiyini bildirib. Diplomat bu münasibətlə Şuşa haqqında xüsusi jurnalı, habelə “Nizami Gəncəvi ili” münasibəti ilə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Özbək dilinə tərcümə olunmuş şairin “Xəmsə” əsərini rektora hədiyyə edib.   

Görüşdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin kafedra müdiri, professor Erkin Nuriddinov da iştirak edib.

Tərəflər il ərzində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mərkəzinin yaradılması, Universitetdə Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, mədəniyyətimiz, ədəbiyyatımıza dair birgə tədbirlərin, layihələrin reallaşdırılması, Nizami Gəncəvi irsinin tədqiqi, təbliği, habelə Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə işlərin həyata keçirilməsinə dair razılıq əldə ediblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.