Rusiyanın “Birinci kanal"ının əməkdaşı Marina Ovsyannikova dünənki gecə efirində böyük cəsarət nümayiş etdirərək “Vremya" proqramının canlı efirində müharibə əleyhinə plakatla kadrlara daxil olub. Bu xəbəri bütün dünyanın Putinizmə nifrət edən tərəqqipərvər insanları rəğbətlə qarşılayıb. Bəs onun taleyi necə olub?
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən xəbər verir ki, Marina Ovsyannikovanın həbs olunduğu deyilir, amma onun harada olduğu və nə ilə hədələndiyi məlum deyildir.
Ovsyannikovanın saxlanması barədə hələ rəsmi məlumat yoxdur. TASS dövlət agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla yazır ki, Rusiyanın İstintaq Komitəsi araşdırma yoxlamasına başlayıb.
"Ovsyannikovaya münasibətdə onun hərəkətlərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (Rusiya Silahlı Qüvvələrinin istifadəsi barədə bilə-bilə yalan məlumatların açıq şəkildə yayılması) ilə cinayət tərkibinin olması ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu, fevralın 24-dən - Rusiyanın Ukraynaya müdaxiləsi başlandıqdan sonra təcili olaraq qəbul edilən yeni bir cinayət maddəsidir. Hərbi əməliyyatlar haqqında məlumatların "ictimaiyyət arasında yayılmasına" xidməti mövqeyindən istifadə edərək yol verən şəxslərin 5 milyon rubla qədər cərimə və ya 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.
Səhərə qədər yaxınları Ovsyannikova ilə heç bir əlaqə qura bilməyiblər.