Bu gün ilin axır çərşənbəsidir - nələri etmək lazımdır? Featured

 

Bu gün - martın 15-i ilin sonuncu çərşənbə günüdür. Çərşənbələrin sonuncusu xalq arasında “İlaxır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Yer çərşənbəsi” kimi adlarla tanınır. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşları bu əziz gün barədə ən müxtəlif mənbələrdən bilgiləri toplayıb sizlərə təqdim edirlər: 

Qədim inanclara görə məhz bu vədələrdə torpaq oyanır, əkinçilik həyatı başlayır və ruzi-bərəkət axınına təməl qoyulur. Torpağın oyanmasının mifik kökləri dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Torpaq türk etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı , həmçinin yaradılışın maddi əsası olması ilə bağlı olaraq mifoloji semantikaya malikdir.

Axır çərşənbənin mərasimləri özünəməxsusluğu və rəngarəngliyi ilə seçilir. Ta qədim zamanlarda insanlar həmin gün sübh tezdən su üstünə çıxar, su üstündən hoppanar, arzularını suya danışar, sudan imdad diləyərdilər. Xalqına qarşı ədalətsiz iş görənləri, ədavət salanları, nahaq qan tökənləri suya tapşırma xalq arasında geniş yayılmışdı ki, günü bu gün də onun izlərinə rast gəlmək mümkündür. Axşam isə tonqallar alovlanar, üzərlik yandırılar, bacalardan torbalar sallanar, qapılara papaq atılar, qulaq falı qurular, oyunlar oynanılardı. 

İlaxır çərşənbənin bayaq qeyd etdiyimiz əkin-biçinlə bağlı özəlliyi də özünü göstərirdi: İnsanlar torpağı əzizləyər, ona coş sözlər söyləyər, onu təmizləməyə çıxar, bağ, bostan və dirriklərdə müxtəlif ayinlər icra edərdilər. Folklorumuzdakı əkinçi nəğmələri məhz burdan qaynaqlanıb. 

Bu günün başqa bir özəlliyi təmizlik işləridir, yeni ilə - Novruz bayramına  təmiz girmək mükəlləfiyyət qədər məcburi və zəruridir. Təmizlik işləri elə aparılmalıdır ki, həyət-bacanın, ev-eşiyin təmizlənməsi, səliqə-sahmanı, gözəlliyi, yeni ilə hazılr olmasını dərhal nəzərə çarpdırsın. Novruz bayramı təkcə ilin təzələnməsi deyil, bütünlükdə köhnə ili yaşamış hər kəsin və hər şeyin təzələnməsi deməkdir. İnsanlar öz yaşadıqları məkanı təmizləyib-təzələdikləri kimi, ruhlarını da hər cür çətinliklərdən təmizləyib yeni ilə yenilənmiş, ruhən və mənən yenidən doğulmuş halda keçməlidirlər. 

Qədim baba-nənələrimiz ilaxır çərşənbədə bir zərurətə də əməl edirdilər: evlərindəki köhnə, sınıq, yararsız nə varsa atırdılar, çünki sınıqların, yararsızların uğursuzluğa səbəb olacağı inancı güclü idi. Çatlaq şüşə və güzgüdən yaxa qurtarmaq isə xüsusən vacib sayılırdı. Onların yeni ilə keçməsi taleyin çatlaya bilməsi xofu yaradırdı. 

Beləliklə, müasir dövrümüzdə icra edilən axır çərşənbə ayinlərinə gəlin ümumilikdə nəzər salaq: sübhün gözü açılar-açılmaz axar su üstünə gedilər. Suya salam verib «ağırlığım-uğurluğum tökül» deyə-deyə 3 dəfə suyun üstündən hoppanılar. (Şəhər yerlərində bu funksiyanı təbii ki, evlərin su kranları daşıdığından axar su üzərindən hoppanmaq təxirə salınır).

Sübh vaxtı möcüzəvi hal alan sudan bir qab gətirilib həyət-bacaya, ev-eşiyə, paltar-palaz üzərinə səpilər. Bu, ilin xoş keçməsi, ağrı-acının olmaması istəyini ifadə edir.

Axır çərşənbə ilə bağlı çox maraqlı inanclar da var, məsələn, uçaqlar torba və papaq atdıqları ilk qapıdan razı qalarlarsa il onlar üçün uğutlu keçər. Yaxud, yetkin qızlar arxası qapıya durub ayaqlarındakı ayaqqabının sağ tayını geriyə atarlar. Ayaqqabının burnu qapıya tərəf düşsə, demək yaxın vaxtda ərə gedəcəklər. Yaxud, un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət paylananda onların ocağı bağlı qalmasın. Yaxud da, bir neçə parça kömürü, bir ovuç duzu və bir-iki qara pulu kuzəyə qoyub damdan atarlar. Deyilənə görə, kömür qara günün, duz gözüşorluluğun, acgözlüyün, qara pul da yoxsulluğun nişanəsidir. Onları kuzəyə qoyub damdan atmaqda niyyət qara gündən, gözüşorluqdan, yoxsulluqdan qurtulmaq arzusudur.

Bayram tonqalı qalamaq vacibdir, bugünədək gəlib çatmış ən əsas ayin də məhz budur. Uşaqlar, yeniyetmələr və gənclər ocaq üstündən atlana-atlana murad tutub deyərlər:

Ağırlığım, uğurluğum,

Ağrım, acım,

Qadam, balam –

Hamısı tökülsün

bu odda yansın,

bu ildə qalsın. 

Tonqal yanıb axıra yetəndə ocaqdakı közlərin üzərinə üzərrik səpib deyirlər: «Odumuza, ocağımıza kəm baxanın gözləri bax beləcə partdasın, özü də oda düşüb çatdasın».

Belə bir inanc da var ki, axır çərşənbədə dünyadan köçənlərin ruh bir anlığa evinə, ailəsinə baş çəkməyə gəlir. Gün axşama qədər ev-eşikdə, qapı-bacada xoş ovqatlı, üzügülər olmaq, ətirli-dadlı yeməklərdən bişirmək gərəkdir ki, uluların ruhu gələndə özlərindən sonrakıların gün-güzəranını xoş görsün ki, arxayın gedə bilsin.

İlaxır çərşənbədə uluların adını anmaq, ruhlarını şad etmək üçün evdəki şirin-şəkərdən pay ayırıb qəbir üstünə getmək, yasin oxutdurmaq savabdı. Eləcə də onların ruhları üçün şam yandırmaq. 

İlaxır çərşənbə süfrəsində bəzi bölgələrimizdə «yeddiləvin, yeddilöyün» xonçası mühüm yer tutur. Xonça sini və məcməyiyə düzülmüş 7 cür nemət - çörək, duz, üzərrik, kömür, güzgü, su və yumurtadan ibarət olur. Bu zaman süfrədə həmçinin şirniyyat, çərəz, şam düzülməli, süfrələr göz doyduran olmalıdır. Adətə görə, xonça bayramın 12 günü süfrədə qalmalıdır.

Bəzi bölgələrdə isə İlaxır çərşənbə və Novruz bayramı süfrəsi üçün tutulmuş xonçada adları «s» hərfi ilə başlayan «Yeddi sin» adlanan 7 nəsnə olur. Buraya su, səməni, sünbül, sumaq, soğan, sulaq, sarımsaq daxildir.  «Yeddi sin» xonçasında yalnız şirin şeylər, yəni su, səməni, sünbül, süd, səbzi, səməni halvası və sucuq qoymaq ənənəsi də mövcuddur.

Və ən nəhayət, axır çərşənbəsində harasa getmək məsləhət deyil. Səfərə yollananın yeddi il ev-eşiyindən, rahatlığından ayrı düşəcəyi deyilir, odur ki, ilaxır çərşənbə axşamı hər kəs öz evində, ailəsinin yanında olmalıdır.

Bayramınız mübarək, əziz oxucularımız!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.