Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov - rəsmi nekroloq

 

“Ədəbiyyat və incəsənət” portalı görkəmli yazıçı, kinodramaturq və rejissor Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı ölkə prezidentinin, birinci vitse-prezidentin, digər vəzifəli və tanınmış şəxslərin imzaları ilə yayımlanmış nekroloqu təqdim edir. 

 

“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü ilində vəfat etmişdir.

Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış, əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında başlamışdır. 

Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan Rüstəm İbrahimbəyov Moskvada 1967-ci ildə ali ssenarist kursunu, 1974-cü ildə ali rejissorluq kursunu bitirmişdir. 

Rüstəm İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli simalarındandır. O, çoxcəhətli fəaliyyəti ilə ölkəmizin hüdudlarından kənarda da tanınmışdır. Nəsrimizin yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olan Rüstəm İbrahimbəyov öz səmərəli yaradıcılığı ilə bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynamış, yarım əsrdən artıq müddət ərzində ədəbi-mədəni mühitin inkişafına töhfələr vermişdir. Sənətkarın sosial-mənəvi problemləri, dramatik konfliktləri və müasirlərimizin daxili aləmini həyat həqiqətləri əsasında ustalıqla əks etdirən povestləri və hekayələri, pyesləri və ssenariləri ədəbiyyatımızın və milli kino sənətinin məzmunca yeniləşməsində əhəmiyyətli rol oynamışdır. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmləri çəkilmişdir. Mühüm sosial həqiqətlərdən söz açan, rəngarəng və dolğun obrazlarla zəngin bu əsərlər özünəməxsus dəst-xətti ilə seçilən sənətkara böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazandırmışdır. 

Rüstəm İbrahimbəyovun ssenarist və rejissor olaraq kinematoqrafiyanın inkişafında da təqdirəlayiq xidmətləri vardır. Yazıçının ssenariləri əsasında çəkilən “Bir cənub şəhərində”, “Səhranın bəyaz günəşi”, “İstintaq”, “Ad günü” və bir çox digər filmlər geniş şöhrət tapmış, yüksək mükafatlarla təltif edilmişdir. Onun həmmüəllif ssenaristi olduğu “Urqa” filmi 1991-ci ildə Venesiya Beynəlxalq Kinofestivalının ali mükafatına, “Günəşdən usanmışlar” filmi isə 1994-cü ildə Kann Beynəlxalq Kinofestivalının ali mükafatına və 1995-ci ildə Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülmüşdür. 

Rüstəm İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, eyni zamanda ictimai fəaliyyət göstərmişdir. O, 1967–1981-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1981–1985-ci illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olmuş, 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 

Rüstəm İbrahimbəyovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1976-cı ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarını almış, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının ali dövlət təltifi olan “Şöhrət” ordeninə layiq görülmüşdür. 

Görkəmli yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. 

Allah rəhmət eləsin!”

 

İlham Əliyev 

Mehriban Əliyeva 

Əli Əsədov 

Sahibə Qafarova 

Samir Nuriyev 

Eldar Əzizov 

Fərəh Əliyeva 

Anar Kərimov 

Anar Rzayev 

Şəfiqə Məmmədova

Oqtay Mirqasımov

Ramiz Fətəliyev 

Rasim Balayev

Hacı İsmayılov

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.