İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın yazıçısı və Azərbaycan Əməkdar Mədəniyyət işçisi Xalidə Hasilovanı yaşlı nəsil yaxşı xatırlayar. O, Sovet dönəçmi Azərbaycan ədəbiyyatının ən uğurlu qadın imzalarından biri olub.
Xalidə Hasilova 19 aprel 1920-ci ilə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi, "Göyərçin" jurnalının baş redaktoru, uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır.
Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub", "Lalənin kitabı", "İki yoldaş", "Onun taleyi", "Nəğməli könül", "Məhəbbət olmayanda", "Çətin yollar boyunca", "Xoruzlu dəsmal"və s. kitabları çap olunmuşdur.
Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr", "Lalənin kitabı", "Ulduzlu papaq", "Atlas yarpaqlar" və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir.
N.Nosovanın "Şən ailə", N.Tixonovun "İgid partizan", İlda Pereranın "Zənci balası Atolo", Ə.Nesinin "İndiki uşaqlar möcüzədir", Melih Bayramın "Günəş gözlü Mustafa Kamal" və b. kitabları bu qəbildəndir.
Xalidə Hasilova bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemləri ilə əlaqədardır. Bunlardan "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında", "Gözəl duyğular", "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və s. göstərmək olar.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
- Qırmızı Əmək Bayrağı ordeni
Xalidə Hasilova 5 dekabr 1996-cı ildə - ömrünün 76-cı baharında Bakı şəhərində dünyaya gözlərini qapamışdır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.04.2025)