Gənclər Kitabxanasında “Nəriman Nərimanov - 155” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib

 

Bu gün görkəmli dövlət xadimi, həkim, yazıçı,  publisist Nəriman Nərimanovun anadan olmasının 155 illiyi tamam olur. Görkəmli yazıçının 155 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Nəriman Nərimanov -155” adlı elektron məlumat bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitavbxanadan verilən məlumata görə,  elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib. Özündə bir sıra bölmələri cəmləyən bazada yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, müəllifi olduğu hikmətli fikirlərlə yanaşı, AMEA Tarix və Etnologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyevin “Nəriman Nərimanov və Azərbaycanın milli maraqları”, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın  “Doktor Nərimanov bir metaforanın qurbanı” kimi məqalələrinin tam mətni təqdim edilir.

 Elektron bazada Nəriman Nərimanovun müəllifi olduğu yaradıcılıq nümunələrinin, məcmuələrdə, dövri mətbuatda dərc edilmiş əsərlərinin, məqalələrinin, məruzələrinin, imzaladığı dekretlərin, əmrlərin, sərəncamların, məruzə və çıxışların siyahıları da yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Nəriman Nərimanovun oğluna bitməmiş məktubu”, “Dissertasiya və avtoreferatlar”, “Xatirəsinin əbədiləşdirilməsi” “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, kitablarının virtual sərgisi də təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.