CƏLİL XƏLİLOV: “XII Qlobal Bakı Forumu daha təhlükəsiz və ədalətli dünya nizamına tarixi çağırışdır”

 

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu dünyamızın gələcəyi, planetimizin təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir”.

 Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dünyanın nüfuzlu siyasətçilərinin, hökumət nümayəndələrinin təmsil olunduğu Forumda gələcək dünya nizami, sülh və humanizm, habelə qlobal problem və təhdidlərlə mübarizə kimi vacib məqamlara diqqət çəkilib:

 “Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu ümumdünya əhəmiyyətinə malik son dərəcə önəmli  beynəlxalq tədbir, səmərəli müzakirə platformasıdır. Dünyamızın üzləşdiyi problemlər, planetimizin qarşılaşdığı təhdidlər bu bəlalardan birlikdə mübarizəni zəruri edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı xüsusi əhəmiyyətə malikdir. Cənab Prezidentimiz öz çıxışında bir sıra nüanslara diqqət çəkdi ki, bunların sırasında COP 29, ekoloji və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, sülh və təhlükəsizlik səylərinin artırılması və s. kimi məsələlər yer alır. 

 Prezidentimiz öz çıxışında bütün dünyaya planetimizin xilası, sülh və həmrəylik baxımından mühüm mesajlar verdi, vacib çağırışlar səsləndirdi. Hansı ki, bu çağırışlar yeni, daha ədalətli və təhlükəsiz dünya düzəninin formalaşması baxımından həyati əhəmiyyətə malikdir.

 Prezidentimiz Forumdakı çıxışında Avropa İttifaqının monitorinq missiyasına, bu missiyanın faktiki olaraq kəşfiyyat missiyasına çevrildiyinə diqqət çəkdi. Fransa və digər qüvvələrin Ermənistanı silahlandırmaq, yeni müharibəyə hazırlamaq cəhdləri bir daha dünya siyasilərinin gözü önündə ifşa olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ortaya qoyduğu çoxaylı faktlar və dəmir arqumentlərlə bütün dünyaya sübut etdi ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələr var və bu qüvvələrin başında Fransa, eləcə də erməni diasporu gəlir. 

 Prezidentimizin çıxışında Qərbin korrupsioner məmurları, onların erməni diasporu tərəfindən maliyyələşdirilməsi ilə bağlı həqiqətlər də açıq şəkildə ortaya qoydu. Cənab İlham Əliyev Ermənistanın havadarı qismində çıxış edən korrupsioner məmurları adbad ifşa etdi. Göstərdi ki, Azərbaycan bütün bu faktlar haqqında məlumatlıdır və hər zaman olduğu kimi bu gün də həqqiəti dilə gətirməkdən çəkinmir.  

 XII Qlobal Bakı Forumu həm yeni dünya düzənin formalaşması, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından tarixi əhəmiyyətə malikdir. Yüksək səviyyədə təşkil edilən bu Forum ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq, dünyadakı hər kəsə sadəcə Cənubi Qafqazda deyil, planetimizdəki reallıqları daha aydın dərk etməkdə kömək edəcək”.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.