Əlibala Məhərrəmzadə, iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı.
15 fevral günü Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayevin doğum günüdür.
Akademik səviyyəsi, nəzəriyyə və ixtiraları ilə elmin ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirən Arif Mir Cəlal oğlu Paşayev bütün varlığı ilə alim, müəllim, ziyalı adına şərəf gətirərək elmin nüfuzuna çevrilmiş mütəfəkkir alimlərimizdəndir.
Arif Paşayev 1934-cü il fevralın 15-də Bakıda görkəmli yazıçı Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlmişdir. O, Odessa Elektrotexnika Rabitə İnstitutunda radiofizika ixtisası üzrə ali təhsil almışdır. 1957-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) laborant kimi əmək fəaliyyətinə başlamışdır.
Sonralar AMEA-nın Astrofizika sektorunda kiçik elmi işçi, Fizika İnstitutunda kiçik və böyük elmi işçi, Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları və Yarımkeçiricilərdə elektromaqnit və akustooptik proseslərin fiziki- texniki problemləri laboratoriyalarının müdiri vəzifələrində uzun illər çalışmışdır. 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi, bir neçə il sonra eyni əsaslı doktorluq dissertasiyası ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Elmi fəaliyyətinin əsas istiqamətini yarımkeçiricilər fizikası və yarımkeçirici cihazların tədqiq edilməsi olan akademik Arif Paşayev 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
1996-cı ildən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasına rəhbərlik edən akademik Yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini ölçmək məqsədilə yüksək tezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsaslarını yaratmış, müxtəlif təyinatlı çeviricilər sahəsində yeni elmi istiqamətin əsasını qoymuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılan silindr şəkilli yarımkeçirici hissələrin xüsusi müqavimətinin kontaktsız ölçülməsi üçün “Siqma”, yüksək aşqarlı yarımmetalların kontaktsız tədqiqi üçün “RO”, lövhə və silindirvari nümunələrin qeyri-bircinsliyinin kontaktsız ölçülməsi üçün “BİN” seriyalı cihazlar ölkəmizdə bu istiqamətdə əldə olunan elmi nailiyyətlərin göstəricisi olmaqla yanaşı, dünyanın elmi mərkəzləri tərəfindən də elmi yenilik olaraq qəbul edilmişdir.
Dünyanın qüdrətli elmi mərkəzləri tərəfindən fizika, texnika və kosmik tədqiqatlar sahəsində nüfuzlu alim kimi qəbul edilən, yarımkeçiricilər fizikası istiqamətində xüsusi nailiyyətlərə imza atan görkəmli alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim kimi tanınan akademikin elmi tədqiqat işlərinin digər bir hissəsi fotoelastik material kimi daha sadə hazırlanma texnologiyasına malik olan kristallik kvars əsasında akustooptik modulyatorun işlənilməsi ilə bağlıdır. 1993-1997-ci illərdə ilk dəfə olaraq əldə etdiyi elmi nailiyyətləri bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq edən alim siqnalların zaman təhriflərinə korreksiyasının, çevrilməsinin, tezlik modulyasiyalı siqnalların izləyici qəbulunun akustooptik üsullarını və bu üsulları reallaşdıran qurğuları sintez etməklə kifayətlənməmiş, onların parametrlərini hərtərəfli şəkildə araşdırmış, alınan nəticələrə aid elmi məqalələri dünyanın bir çox nüfuzlu elmi nəşrlərində dərc etdirmişdir.
Daim elmi axtarışlarda olan Arif Paşayev müxtəlif elektromaqnit sahələrinin keçirici mühitlə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatlarına cərəyan burulğanları ilə nəzarət üçün yeni üsullar və qurğular yaratmış, elektron mikrometri, dərinlik nasoslarının içliklərinin diametrini və dərin deşikləri ölçmək üçün proqram təminatlı xüsusi elektron qurğular, SD-1 kondisionerlərinin diaqnostikası üçün stend ixtira etmiş, yenilikləri, elmi nailiyyətləri ilə elmin ümumbəşəri dəyərlər sisteminə layiqli töhfələr vermişdir.
Onun əldə etdiyi nailiyyətlər, ixtiralar, yeni fiziki elementlər gəmiqayırmada, neftmaşınqayırmada, müdafiə, tibb sənayelərində və digər sahələrdə geniş tətbiq edilir, həmçinin onlardan yüksək çevikliyə malik nəzarət sistemlərinin yaradılmasında tətbiq olunmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir.
Mütləq şəkildə onu da qeyd edək ki, ömrünün böyük bir mərhələsini ölkəmizdə mülki aviasiyanın qurulması və inkişafına həsr edən Arif Paşayev 29 ildən artıqdır ki, Milli Aviasiya Akademiyasının rektoru kimi fəaliyyət göstərir. Bu nüfuzlu elm, tədris mərkəzində qüdrətli elm təşkilatçısının rəhbərliyi ilə tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni, müasir standartlara, tələblərə cavab verən ixtisasların tədrisinə başlanılıb. Ən əsası - Mülki Aviasiyanın bütün istiqamətləri üzrə milli kadrların hazırlanması üçün münbit şərait yaradılıb. Elə hazırda səmalarda pərvazlanan təyyarələrin mütləq əksəriyyətinin kadr heyəti də bu ocaqdan çıxanlardır.
Milli Aviasiya Akademiyasının fəaliyyətinin əsas istiqamətlərindən birini isə böyük qürur və iftixarla qeyd etmək istəyirik: 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük Zəfərə imza atan Vətənimizin təhlükəsizliyinin təmin edilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi kimi mühüm və vacib məsələlərin həllinə təkan verərək bu təhsil ocağı müharibə dövründə və ondan sonrakı illərdə xüsusi əhəmiyyət kəsb edən pilotsuz uçuş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasının müəllifi olmuşdur. İstər ikinci Qarabağ savaşında, istər də ondan sonrakı məsuliyyətli dövrdə mülki aviasiyaya məxsus təyyarə və helikopterlərin, düşmən üstünə şığıyan pilotsuz uçuş aparatlarının, radio texnoloji avadanlıqların idarəetməsində, minaların zərərsizləşdirilməsində Milli Aviasiya Akademiyasının mühüm rolu vardır. Və bu rolun altını xüsusilə cızmaq lazımdır.
Bütün həyatını ölkənin elmi potensialının inkişafına, yüksək texnologiyaların sənayedə tətbiqinə, peşəkar aviator, mühəndis kadrların yetişdirilməsinə həsr edən Arif Paşayev 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adını qazanmışdır. İlk dəfə olaraq funksional elektronikanın müstəqil elmi istiqaməti olan neqatronika sahəsi məhz akademik Arif Paşayevin elmi məktəbində üzə çıxmışdır.
500-dən çox elmi əsərin, 30-dan çox kitab və monoqrafiyanın, 60-dan çox ixtira və patentin müəllifi olan akademik Arif Paşayevin məsləhətçiliyi və rəhbərliyi ilə onlarla namizədlik və doktorluq dissertasiyaları hazırlanaraq müdafiə olunmuşdur. Bununla yanaşı, Arif müəllim Rusiya, Ukrayna, Latviya və Estoniya kimi ciddi elmi mərkəzləri olan ölkələrdə müdafiə olunan doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmiş, elmi yeniliklərə imza atan alimlərə öz xeyir- duası vermişdir.
Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Eller, Beynəlxalq İnformasiyalaşdırma akademiyalarının həqiqi üzvü, Rusiya Mühəndislik Akademiyasının fəxri üzvü seçilən akademik Arif Mir Cəlal oğlu Paşayev “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri”, Milli Aviasiya Akademiyasında nəşr olunan “Elmi məcmuələr” jurnalının, “Elmi əsərlər” toplusunun, “Səma” beynəlxalq elmi-kütləvi jurnalının baş redaktoru kimi publisistikadan elmi maarifçilik yolunda uğurla istifadə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 2004-cü ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf”, 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunmuş, 2005-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Akademik Arif Paşayev heç bir təmənna ummadan 91 illik ömrünü xalqına, dövlətinə sərf edibdir, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar arasında yer tutubdur. Onun missiyası Vətənə, millətə, məmləkətə təmənnasız sevgidən ibarətdir.
Səmimi qəlbdən onu doğum günü münasibətilə təbrik edir, şərəfli ömür yolunda möhkəm cansağlığı, yeni nailiyyətlər arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)