Valentinə çox uymayın, bu gün həm də Beynəlxalq kitab bağışlama günüdür Featured

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Kimdən soruşsan, 14 fevral nə günüdür, dərhal Sevgililər günüdür deyə cavab verər. Hansısa Valentin adlı xristian rahibin hansısa sevgisinin şərəfinə belə bir gün qeyd edilir. Halbuki 14 fevralın əsas özəlliyi heç də Valentin deyil.

 

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi də qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.

Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir.

Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Son illər Azərbaycanda da bu gün bir sıra tədbirlərlə qeyd edilir. Amma bu il nədisə, hələ ki səssizlikdir.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.