“Çirkabın üstünü gül-çiçəklə bəzəyərək örtməyə çalışırıq” - AKTUAL Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bir çiçək yalnızca  günəş və istilik görsə, susuz qalsa  quruyub solacaq. Bir çiçək sadəcə yağış və soyuq görsə yanıb çürüyəcək.

Bizim cəmiyyətimizdə gənclər ya pəncərəönü çiçəyi kimi yetişdirilir, ya da qarda-qışda belə açıq havada buraxılıb ehmal edilir. 

Ehmal edilən hər şey ölər deyirlər.

Ağac da, çiçək də, insan da, ümid də, gənclik də. Hətta ən ali dəyərlər belə.

Bəzən gəncliyi cəmiyyət ehmal edir, bəzən ailə, bəzən də elə gənclərin özü.

Bizim gəncliyimiz relyef sərhədləri, mentalitet qəlibləri, maddi imkanlar çərçivəsi, dəyərsizlik kodeksi, kimlərinsə mənfəət, məqam, mövqe divarları arasında sıxışdırılır.

Ehmalkarlıqdanmı, iradəsizlikdənmi, ağılsızlıqdanmı bayağı həvəslərin, pis vərdişlərin qurbanına çevrilir.

Bu gün bəşər cəmiyyətinə nəzər salsaq sanki şəxsiyyət çürüməsi baş verir.  Şəxsiyyət, xarakter anlayışı yavaş-yavaş yoxa çıxır. Bayağı dəyərlər formalaşdıqca gerçək, ali dəyərlər aradan aparılır. Xarakterli prinsipial gənclərin yerini göstərş maraqlısı, şəxsiyyəti formalaşmamış, şəxsi fikri, dünyagörüşü olmayan fərdlər alır.

Və belə olan halda nəinki gənclik, bütün cəmiyyət  bütövlükdə uçuruma doğru sürüklənir.

Zahiri gözəllik - xüsusən də qadın həddindən ziyadə gözəllik simvoluna çevrilib deyə -  bu gün cəmiyyətin ən aktual məsələsi xarici gözəllikdir. İnsanlar zahirlərini bəzəyib mənəviyyatlarını ac saxlayırlar. 

Kimsə elmini, dünyagörüşünü artırmağa, öyrənməyə, ədəbiyyata, incəsənətə bu qədər ciddi yanaşmır. Kimi mikrofon götürüb müğənniliyə, kimi canlı açıb bloggerliyə, bir sözlə, bayağılığa can atır. Dini və əxlaqi dəyərlər çoxdan tərk olunub. Depresiya, ümidsizlik burulğanı gəncliyi çənginə alıb. Həyat çay kimi öz məcrasından çıxıb, hədəfindən yayıınıb.

Gənclərin bir qismi göstəriş, başqa bir qismi qazanc, gün-güzəran dərdindəndir. 

Ötən il Türkiyədə bir küçə sorğusu böyük əks səda yaratdı. Sorğu zamanı adi geyiminə görə sıradan vətəndaş hesab edilib dindirilərkən sosial çürümədən danışan qadının akademik olduğu ortaya çıxdı.

O an ağlıma nədənsə ilk Səttar Bəhlulzadə gəldi. 

"Məni pal-paltar maraqlandırmır. Məndən sonra deməyəcəklər ki, nə yeyib, nə geyib. Deyəcəklər ki, nə yaradıb..." 

Əziz islam peyğəmbəri hələ əsrlər öncə buyurmuşdu ki, "Vay olsun axir zamanda yaşayan o valideynlərin halına ki, övladlarının dünyalarını abad etməkdən ötrü hər şeyi edərlər, amma onlarım axirətləri üçün çalışmazlar."

Biz bu gün məhz həmin dövrü yaşayırıq.

Mənəviyyatın yoxluğu nəticəsində yaranmış boşluğu dolduran çirkabın üstünü gül-çiçəklə bəzəyərək örtməyə çalışırıq.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.