Heyran Zöhrabova, “Ədəbiyyat və inscəsənət”
"Yalnız savad kifayət etmir, zəhmət və uğur da çox vacibdir. Mənim uğur formulum qabiliyyət, zəhmət və isrardır. Uğurun elementləri bunlardır"
Bu gün qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günüdür.
Lütfəli Rəhim oğlu Ələsgərzadə 4 fevral 1921-ci ildə Bakının Novxanı kəndində, jurnalist Rəhim Ələsgərzadə və həkim-pediatr Fanya Koremanın ailəsində dünyaya gəlib. İlk təhsilini Bakı şəhərində 16 nömrəli rusdilli məktəbdə alıb.
1931-ci ildə ölkədə yaranmış ağır vəziyyətlə əlaqədar Lütfi Zadə ailəsi ilə birlikdə Tehrana köçmüş və təhsilini amerikalıların Alborz missioner məktəbində davam etdirmşdir. Orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmuş və 1942-ci ildə həmin fakültəni uğurla bitirmişdir.
1944-cü ildə Amerika Birləşmiş Ştatlarına getmiş və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirmişdir. 1946-cı ildə mühəndis-elektrik ixtisası üzrə magistr diplomunu aldıqdan sonra Kolumbiya Universitetinin doktoranturasına daxil olmuşdur. Alim burada onu doktorluq dərəcəsini almağa ruhlandıram müəllimi, professor Ernst Adolf Gilyemin ilə birlikdə elmi tədqiqat aparmış və 1949-cu ildə dissertasiya müdafiə etdikdən sonra mühəndislik bölməsində assistent olaraq çalışmağa başlamışdır.
O, Kolumbiya Universitetində elektromaqnit sahə nəzəriyyəsi, dövrə analizi, sistem nəzəriyyəsi, məlumat və ardıcıl maşınlar nəzəriyyəsi üzrə dərs demişdir.
Lütfi Zadə 1950-ci ildə dosent, 1957-ci ildə isə professor elmi adlarına layiq görülmüşdür. Alim daha sonra"Kibernetikanın atası" hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya köçmüş və 1959-cu ildən ömrünün sonuna kimi Kaliforniyanın Berkli Universitetində professor vəzifəsində çalışmışdır. 1963-1968-ci illər ərzində həmin universitetin "Kompüter elmləri və elektrik mühəndisliyi" kafedrasına rəhbərlik etmişdir. Çalışdığı dövrdə və sonralar bu kafedra "Elektron texnikası və kompüter elmləri" kafedrası kimi fəaliyyətini davam etdirmişdir.
O, daim yeni, orijinal və az tədqiq olunmuş mövzulara maraq göstərmişdir.
Lütfi Zadə müasir idarəetmə elminin əsasını təşkil edən məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə və müşahidə olunma nəzəriyyələrinin, elmdə inqilab yaratmış, riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmış qeyri-səlis məntiq nəzəriyyəsinin və yeni elmi istiqamətlər formalaşdıran bir sıra başqa nəzəriyyələrin banisidir.
O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə yapon alimlərinə verilən ən yüksək "Honda", 1996-cı ildə isə "Okava" mükafatlarına layiq görülmüşdür.
Lütfi Zadə həmçinin 1991-ci ildə Berkli Universitetinin ömürlük professoru seçilən yeganə şəxsdir. 1992-ci ildə Beynəlxalq Robot və İstehsalat Simpoziumu (İSAAM) çərçivəsində Lütfi Zadə"Qeyri-səlis Məntiqin Atası" adına layiq görülmüşdü.
O, NASA və NATO-nun aparıcı mütəxəssislərindən biri olmuşdur. Lütfi Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Yaşadığı Berkli şəhərində "İnstitute Zadeh-ZİFT" İnformasiya Texnologiyaları İnstitutuna da rəhbərlik etmişdir. Qeyd edək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi. O, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri, Amerika Elminin İnkişafı Dərnəyi, Hesablama Maşınları Dərnəyi, Amerika Süni İntellekt Birliyi, Beynəlxalq Qeyri-səlis Sistemlər Birliyi, Avstriya Kibernetika Tədqiqatlar Cəmiyyətinin üzvü olmuşdu.
tədqiqatlarına görə çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülmüşdü.
Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüş, həmçinin, Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan, Rusiya və ABŞ akademiyalarının fəxri üzvü seçilmişdi.
Professor 200-dən çox elmi məqalənin müəllifi, 70-dən çox elmi jurnalın redaksiya heyətinin üzvü olmuş, 50-dən çox doktorant hazırlamışdı.
O, daimi işi yeri ilə yanaşı, Massaçusets Texnologiya İnstitutunda, Stenford Universitetində, elmi-tədqiqat laboratoriyasında (San-Xose) dəvətli professor kimi fəaliyyət göstərir, Fransa, İngiltərə, Kanada, Yaponiya, Braziliya, Sinqapur, Almaniya, Çin, İtaliya, İspaniya, Hindistan, Macarıstan, Yuqoslaviya, Türkiyə, Polşa, Avstriya, İsveç, İsveçrə, Rumıniya, Portuqaliya, Səudiyyə Ərəbistan və s. ölkələrdə mühazirələrlə çıxış etmişdir.
Lütfi Zadə 1946-cı ildə Tehranda tanış olduğu Fanya Zand ilə ailə həyatı qurmuşdu.
Alim vətənini tərk etdikdən sonra Azərbaycana cəmi iki dəfə gəlib. İlk dəfə Bakıya 1965-ci ildə birgünlük səfər etmiş, ikinci dəfə isə 2008-ci ilin noyabrında "BakuTel" Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Üçüncü dəfə isə o, 2017-ci ildə əbədi olaraq vətəninə geri dönmüşdür. Alim 6 sentyabr 2017-ci ildə dünyasını dəyişmiş və 29 sentyabrda Birinci Fəxri Xiyabanda dəfn edilmişdir. Ölümündən bir ay əvvəl o, müsəlman adətlərinə görə vətənində dəfn olunmasını xahiş etmiş, bir məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. Və onun bu istəyi Prezident Administrasiyası tərəfindən həyata keçirilmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)