Sürəyya Bəylərbəyovadan Esmira Fuada qədər Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənətə

 

Qadın yazarlar - onlar həqiqətən də bədii ədəbiyyata, publisistikaya rəng qatırlar, ortaya kişilərdən fərqli - daha duyğusal, daha emosional yazılar qoyurlar. Bu gün onlardan ikisi barədə söz açmaq istəyirəm. Çünki hər ikisinin doğum günüdür. 

 

SÜRƏYYA BƏYLƏRBƏYOVA

Tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sürəyyə Bəylərbəyova 1897-ci il fevralın 3-də müəllim ailəsində anadan olub. 5 yaşında ata-anasını itirdiyindən yazıçı S.S.Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanılıb. Orada olduğu müddətdə müqəddəs Anna adına Bakı qadın gimnaziyasını qızıl medalla bitirib, 1913–19-cu illərdə Bakıda III şəhər qadın rus-tatar məktəbində müəllimlik edib. 1929-cu ildə Əli Bayramov adına qadınlar klubuna üzv olub, burada ictimai əsasla işləyib, həm də stenoqrafçı kursunda oxuyub. 

1931–33-cü illərdə Bakı kino idarəsində işlər müdiri işləyərkən onu bədii tərcümə problemi cəlb edib. İlk tərcümələri A.Bartonun əsərləri olub. 1938-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında işlədiyi vaxtdan tərcüməçiliklə məşğul olmağa başlayıb.

Müasir Azərbaycan ədəbiyyatının fonduna daxil olan bədii əsərlərin əksəriyyətini, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri yüksək səviyyədə hərfi tərcümə edib, beləliklə, bədii tərcümə ustalarına kömək edib. M.S.Ordubadinin "Dumanlı Təbriz" romanını, A.Şaiqin, Mir Cəlalın hekayələrini, C.Cabbarlının "1905-ci ildə", "Od gəlini" pyeslərini, M.İbrahimovun "Həyat" pyesini, "Azərbaycan nağılları"nı, S.Vurğunun "Vaqif", "Fərhad və Şirin" mənzum dramlarını rus dilinə tərcümə edib. 

1934-cü ildən vəfat edənə qədər Azərbaycan Yazıçılar İttifaqında çalışıb. 1941–45-ci illərdə illər İkinci Dünya müharibəsində "Fədakar əməyə görə" medalı ilə təltif edilib. 

Tərcümə kitabları:

1. A.Barto. "Qardaşlar"

2. S.Fedarçenko "Sonunu kim tapa bilər?"

3. A.Barto "1 may"

4. A. və R.Barto "Ağlağan qız"

Sürəyya xanım 1977-ci ildə martın 14-də vəfat edib. Allah rəhmət eləsin, Amin!

 

ESMİRA FUAD

Filologiya elmləri doktoru Esmira Fuad 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub.

Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyib.

Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda  elmi fəaliyyətə başlayıb. Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. 

O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuadön 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Böyük Vətən Müharibəsində qələbənin qazanılmasında Azərbaycan qadınlarının rolu"na, Almaniyanın Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutunun isə "Xocalı soyqırımı"na həsr olunmuş yazıçı və jurnalist yazılarının müsabiqələrində qaliblərdən biri olub.

2008-ci ildə Azərbaycan Qadınlarının III, Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultaylarına nümayəndə seçilib. Amerika Bioqrafiya İnstitutu tərəfindən Cənubi Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edilib. 2016-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu üzrə ilin alimi seçilib.

Elmi əsərləri:

1. Şəhriyar poeziyasında xalq həyatı

2. Məhəmmədhüseyn Şəhriyar (Ədəbi mühiti, həyatı və yaradıcılığı)

3. Əgər bir ömrüm də olsaydı

4. Ağ üzlü Qara Moşu

5. Azərbaycan xalça sənətinin Kamili

6. Dünyaya naxış insanlar

7. Söz sərrafı Şəhriyar

8. Sözə sevdalılar

9. Quba və qubalılar (həmmüəllif)

10. Zakir Bağırov-90. O, həyata yalnız xeyirxah işlər görmək üçün gəlmişdi.

Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Esmira xanıma Allah xeyirli ömür nəsib etsin. Amin!

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.