Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan bir yaşda qocalmır. İnsan bəzi reallıqlarla barışanda qocalır. Mənə elə gəlir ki, biz bu ölkədə hamımız ya erkən böyüdük, ya da heç böyüyə bilmədik. Bəlkə də, ruhumuz uşaqlıqda sıxılıb qalmış bir xatirənin içindədir, bizsə davamlı şəkildə onu azad etməyə çalışırıq. Amma o xatirə elə möhkəm yapışıb ki, bizdən qopmaq bilmir.
Uşaqlığımızı o qədər tez əlimizdən aldılar ki, böyüdüyümüzü belə anlamadıq. Gözlərimizi açanda artıq bizdən nələrsə gözləyirdilər. Daha az xəyal qurmalı, daha az sevinməli, daha çox mübarizə aparmalı, daha çox səbr etməli idik. Ən kiçik istəklərimiz üçün belə “bu qədər şeyin içində bunu da istəyirsən?” deyə bir səs eşitdik. Həyatın bizə borclu olduğu o xoşbəxt anları özümüz qazanmadan yaşamaq haqqımız yox idi. Ona görə də çoxumuz hiss etmədən bir az da susduq, bir az da içimizə çəkildik, bir az da çiyinlərimizi əyib həyatın axarına qarışdıq.
Gənclik - deyirlər, ümiddir. Gənclik - arzuların dalınca getməkdir. Amma biz nə vaxtsa arzularımızın dalınca getdikmi? Bizə hər zaman deyildi ki, “elə etmə, belə etmə, çox xəyala dalma, gerçəkçi ol.” Elə gerçəkçi olduq ki, sonunda hər şeyin eyniliyinə o qədər alışdıq ki, dəyişmək belə istəmədik. Ümid? O artıq uşaqlıqda oyuncaq sandığımız bir şeyə çevrilib, nəsə bir gün gerçək olacaqmış kimi, amma heç vaxt gerçək olmayan bir şey.
Bizi gəncliyin azadlığı ilə aldadıb, sonra qollarımıza görünməz zəncirlər bağladılar. "Azadsan!" dedilər, amma “bunu etmə, onu etmə, belə danışma, belə düşünmə” dedilər. Həyatımızın hər saniyəsi başqalarının qərarları ilə doldu. Düşüncələrimiz azad deyildi, duyğularımız azad deyildi, seçimlərimiz heç deyildi. Və biz hiss etmədən ruhumuz get-gedə qocaldı. Elə bir qocalıq ki, artıq səhərlər güzgüyə baxanda gözlərimizin dərinliyində uşaqlığımızın qırıntılarını tapmağa çalışırıq.
Bəzən küçədə gedən gənclərə baxıram. Nə qədər yorğun görünürlər. Nə qədər qırılmış, nə qədər həvəsdən düşmüş. Ürəklərində daşıdıqları yüklər yaşlarından qat-qat ağırdır. Onların gözlərində gənclik deyil, həyata qarşı bezginlik var. Qırıq arzular, quruyub solmuş ümidlər. Sanki hələ başlamamış bir həyatın son nöqtəsini görməyə məcbur ediliblər. Və mən soruşuram: bu ölkənin həqiqətən neçə nəfəri gənc qalıb?
Dünən Gənclər Günüydü. Amma bayram etmək üçün nə qədər gəncimiz var idi? Fiziki olaraq yox, ruh olaraq. Çünki bu ölkədə insan bəzən 20 yaşında elə qocalır ki, 50 yaşında olandan daha çox yorğun görünür. Gənc olmaq azaddırsa, niyə bu qədər məhdud hiss edirik özümüzü? Gənclik dəyişiklik deməkdirsə, niyə dəyişmək bu qədər qorxulu gəlir? Gənclik ümid deməkdirsə, niyə hər səhər “bu gün də keçəcək” deyə düşünürük?
Bəlkə də, bu sualların cavabı yoxdur. Bəlkə də, biz nə vaxtsa cavab tapacağıq. Amma indi bildiyim tək şey budur: bu ölkədə çox az insan həqiqətən gənc qala bilir. Mən isə artıq bilmirəm, o az adamlardan biriyəm, yoxsa çoxdan qocalmışlardan.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)