Diasporumuz çox fəaldir - Norveç Nobel Komitəsinə bəyanat ünvanlanıb Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Son vaxtlar diasporumuz çox fəallaşıb. Əlbəttə ki, burada Diasporla İş Üzrə Dövlət Komitəsinin müstəsna fəaliyyəti göz önündədir. Komitə sədri Fuad Muradov ölkə-ölkə gəzərək diaspor fəallarıyla görüşür, müxtəlif tədbirlər sıralanır. Nəticədə soydaşlarımız daha sıx təşkilatlanırlar. Bu da növbəti bir diaspor xəbəri.

 

İsveçdə fəaliyyət göstərən "Qobustan - Azərbaycan Aydınlar Ocağı"nın təşkilatçılığı ilə keçirilən "Qanlı 20 Yanvar" adlı videokonfransın yekununda Norveç Nobel Komitəsinə bəyanat qəbul edilib. Videokonfransın 100-dən çox iştirakçısı – "Qobustan - Azərbaycan Aydınlar Ocağı"nın üzvləri, Azərbaycan diaspor fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları Norveç Nobel Komitəsinin sədri Jorgen Vatne Frydnesə və Komitənin üzvləri - Asle Tojeyə, Anne Engerə, Kristin Klemetə, Qry Larsenə bəyanat ünvanlayıblar.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçova 1990-cı ilin oktyabrında Norveç Nobel Komitəsi tərəfindən verilən Nobel Sülh Mükafatına etiraz yer alıb. 1990-cı il 20 Yanvar qətliamında əli Azərbaycan xalqının qanına bulaşmış Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsinin ədalətsiz qərar olduğu diqqətə çatdırılıb.

20 Yanvar faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi əsaslar olduğu bildirilib. Onların BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi konvensiyaların tələblərini pozduğu qeyd olunub.

Bəyanatda dünya ictimaiyyətinin ədalətə inamı və Nobel Sülh Mükafatının mənəvi nüfuzunun güclənməsi baxımından Mixail Qorbaçovun bu mükafatdan məhrum olunmasının əhəmiyyəti vurğulanıb.

Hətta məhrum etməsələr belə bu bəyanat öz işini görəcək. Məlumatlandırmaq işin hamısı olmasa da yarısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.