Bakı Slavyan Universitetində Gənclər Günü ilə bağlı dəyirmi masa təşkil edilib

 

 

Bu gün - 31 yanvar 2025-ci il saat 11:00-da Bakı Slavyan Universitetinin konfrans zalında “2 fevral - Gənclər Günü”nə  həsr olunmuş “Nəsillərin Görüşü” silsiləsindən “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verirki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi tədbirdə gənclər, veteranlar, ziyalılar iştirak edib.  

 Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Respublikasının "

Əməkdar Jurnalisti, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, yazıçı Varisin  moderatorluğu ilə keçirilən tədbiri açıq elan edib. 

Daha sonra rektorun məsləhətçisi Ənvər Abbasov çıxış edərək dövlətimizin gənclər siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirib, Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin önəmindən bəhs edib . 

 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Əfqanıstan, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranı, polkovnik Cəlil Xəlilov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. 

Polkovnik qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, böyük töhfələr verib:

“Gənclərimizin milli ruhda, mənəvi dəyərlərimizə sadiq şəkildə yetişdirilməsi hər zaman üçün aktual olan məsələlərdən biridir. Təsadüfi deyil ki, dövlət başçımız öz çıxış və müsahibələrində bu məqama xüsusi həssaslıqla toxunur,  Vətənə bağlı gəncliyin yetişdirilməsinin dövlətimizin bu günü və gələcəyi baxımdan həyati önəm kəsb etdiyinə diqqət çəkir. Bu məsələdə ailə ilə yanaşı, təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür ki, biz bu məsuliyyətdən irəli gələn vəzifələri layiqincə yerinə yetirməliyik”.

I Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov “Keçmişdən gələcəyə estafetin ötürülməsi”, Varis “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli “Heydər Əliyev – tərbiyənin mənəvi aspektləri” mövzusunda çıxış ediblər. 

 Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı Əfəndi Axunəli və jurnalist Xəlil Qarəhmədov çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara toxunub, gənclərin  bugünə qədər olduğu kimi, bundan sonra da milli maraqramızın, dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağını vurğulayıblar.

Tədbirin sonunda bir qrup gənc Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fərxi Fərmanla təltif edilib, xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.