İKİ MÜTTƏFİQİN ARASINDA - ABŞ mətbuatı Azərbaycanın Yaxış Şərqdə sülh prosesinə təsir imkanlarından yazıb Featured

Heç kim bir-biri ilə anlaşa bilməyən və tez-tez mübahisə edən iki dostu arasında qalmağı arzulamaz. Azərbaycan son dövrlərdə özünün iki mühüm müttəfiqi – Türkiyə və İsrail arasında müvazinəti saxlamağa çalışır.

Bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-nin Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Azərbaycan Türkiyə-İsrail münasibətlərini yaxşılaşdıra biləcəkmi?” başlıqlı məqaləsində yazıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqalədə “Türkiyə Azərbaycanın çoxdankı və ən yaxın müttəfiqidir; hər iki dövlət özünü iki ölkədə yaşayan bir xalqın parçası hesab edir. Digər tərəfdən, İsrail neft, silah və mobil telekommunikasiya kimi sahələrdə geniş ticarət əlaqələri olan Azərbaycanın yaxın tərəfdaşıdır,” deyə qeyd edilir.

Məqalə Azərbaycanın iki müttəfiqi arasında gərginliyi azaltmaq üçün nə etməli olması sualını qoyur. Həm Türkiyə, həm də İsrail Azərbaycana bir neçə sahədə, xüsusilə İkinci Qarabağ Müharibəsində dəstək veriblər. Bu iki ölkə arasında əməkdaşlıq Azərbaycanı beynəlxalq və regional müstəvidə daha da gücləndirər. Müəllif iki müttəfiqimiz arasındakı münaqişəli vəziyyətin ölkəmizin maraqlarına cavab vermədiyini və bunu nəzərə alan Azərbaycanın vasitəçilik üçün bütün mümkün diplomatik vasitələrdən istifadə etməyə çalışdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu reallaşarsa, Azərbaycan müttəfiqlərinə güvənən bir ölkədən Yaxın Şərqdəki münaqişələrdə vasitəçilik edən və onları nizamlayan ölkəyə çevriləcək. Politoloq əmindir ki, Türkiyə ilə İsrail arasında vasitəçilik təkcə Azərbaycanın deyil, eləcə də İsrail və Türkiyənin təhlükəsizliyini gücləndirəcək, bütün regionda sabitliyi artıracaq.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.