Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Zəngəzur… Bu ad artıq sadəcə coğrafi məkan deyil, ulusumuzun tarixi yaddaşı, mübarizə iradəsi və beynəlxalq hüququn məğzidir.
Azərbaycan Prezidenti Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki (28.01.2025) nitqində Zəngəzur dəhlizi ilə bağlı danışarkən, əslində, tarixə, hüquqa və gələcəyə dair bir manifest təqdim etdi. Zəngəzur yalnız bir dəhliz deyil; bu, ulusun birləşdirici damarlarının açılması, ayrılıq üzərində qurulmuş hər bir haqsızlıq divarının çökdürülməsi deməkdir.
Azərbaycanın Avrasiyanın nəqliyyat xəritəsindəki mərkəzi mövqeyini təsvir edərkən, bir həqiqət gün kimi aydındır: Azərbaycanın müstəqillik illərində atdığı strateji addımlar onu bölgənin siyasi, iqtisadi və logistik cazibə mərkəzinə çevirib. Gündoğar-Günbatar, Quzey-Güney nəqliyyat dəhlizlərinin keçdiyi bu məkan artıq təkcə yüklərin deyil, həm də mədəniyyətlərin, sivilizasiyaların və inteqrasiyanın keçid qapısıdır. Prezidentin vurğuladığı kimi, rəqəmsallaşma və ortaq layihələr Azərbaycanda işbirliyi mədəniyyətini yeni zirvələrə qaldırır.
Amma tarixin digər bir üzü də var. Bu üz, Zəngəzur üzərindən gedən yolda Ermənistanın qərəzli, qeyri-konstruktiv siyasəti ilə kölgələnir. Ermənistanın Zəngəzur dəhlizi məsələsində beynəlxalq hüququ ayaqlar altına ataraq manipulyasiya oyunları oynaması, əslində, məğlubiyyətin və təcridin ifadəsidir. Prezidentin bir daha açıq şəkildə səsləndirdiyi mövqe isə sadə, ədalətli və beynəlxalq hüquqa əsaslanır: Azərbaycandan Azərbaycana keçid təmin edilməlidir. Bu, məlum 10 noyabr razılaşmasının öhdəliyi və Azərbaycanın haqlı tələbidir.
Zəngəzur dəhlizinin önəmi yalnız iqtisadiyyatla məhdudlaşmır. Bu dəhliz eyni zamanda tarixi ədalətin bərpa simvoludur. Sovet hakimiyyətinin 1920-ci ildə Günbatar Zəngəzuru Azərbaycandan ayırması ilə başlayan faciəvi tarixi xronologiya Prezidentin nitqində bir daha xatırlanır. Çar Rusiyasının erməniləri Qarabağa köçürməsi, Qarabağ xanının qətli, “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması və Xocalı Soyqırımı kimi tarixin qanlı səhifələrini unutmamışıq.
Bu gün Azərbaycanın gücü yalnız iqtisadi inkişafında və beynəlxalq nüfuzunda deyil, həm də tarixin ədalətini qorumaq iradəsindədir. Zəngəzur dəhlizi bu iradənin simvoludur. Ermənistan rəhbərliyi bu gerçəkliyi nə qədər tez qəbul etsə, bir o qədər də öz təcridini yüngülləşdirər. Əks halda, Ermənistan dalan bir ölkə olaraq qalmaya davam edəcək, Azərbaycan isə öz tarixi yolunda irəliləyəcək.
Azərbaycan Prezidenti müşavirədəki nitqi ilə bir daha göstərdi ki, bu torpağın, bu mədəniyyət iqliminin övladı yalnız tarixini bilmir, həm də gələcəyini qurmağa qadirdir. Zəngəzur dəhlizi gələcəyin yol xəritəsidir – qlobal inteqrasiyanın, tarixi ədalətin və milli suverenliyin birləşdiyi xəritə! Bu xəritədə iki ad var: ancaq onun biri Azərbaycan, digəri Ermənistan deyil! Yol bizi Azərbaycandan- Azərbaycana götürəcək! Necə deyərlər, ha Gündoğar ha Günbatar - Zəngəzur Zəngəzurdur! Qarabağa Ar(t)sax, Zəngəzura Sünik deməklə deyil - çün elə o tapıntılar da erməni kökündən gəlmir, illa türk kökənli yer adlarıdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(30.01.2025)