Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Vaqif Şadlinski deyirdi: “Mənim uşaqlıqdan bir əqidəm var. Mən heç vaxt heç kəsin qarşısında sınmamışam. Özümdən qat-qat güclü adamlarla vuruşmuşam, amma sınmamışam. Dünyanın çox çaxnaşmalı dövründə anadan olmuşam. Yaşa dolduqca bu, belə də davam edib. 1940-cı ilin yanvar ayında Qərbi Azərbaycan adlanan məkanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşam. Ziyalı ailəsində doğulmuşam. Dərinlərə baxsaq, xan nəslindənik. Bir gün yadıma gəlir ki, atam gəldi. O, Vedi rayonunun mərkəzi məktəbinin direktoru idi. Atam anama dedi ki, yığışın... Bizi köçürdürlər...
Və 10 gün sonra evə bir Vartan gətirdilər ki, burada qalacaq. Biz də bir otağımızı ona verdik. Bir qərar qəbul edildi ki, 1948–51-ci illərdə haradasa 100 min əhali köçürülsün. Bu köçün ilk mərhələsinə biz düşdük. Ailədə 7 uşaq idik. Baxmayaraq ki, anam savadsız qadın idi, amma savadsız qadın 7 uşağı savadlı etdi."
Vaqif müəllim 1963-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olub.
O, bir çox vəzifələrdə çalışıb. 69 ildir ki, əmək fəaliyyətindədir.
V. B. Şadlinski 1964-cü ildə ADTİ-nin 3 saylı tələbə yataqxanası üzrə tələbə şurasının sədri, 1965-ci ildə fakültə tələbə həmkarlar şurasının sədri, 1966-cı ildə isə İnstitut Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
V. B. Şadlinski 1967-ci ildə institut partiya komitəsi bürosunun və Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin üzvü, həmçinin Ümumittifaq Həmkarlar İttifaqı İşçilərinin X qurultayına nümayəndə seçilmişdir. İctimai fəaliyyəti elmə və təhsilə olan hədsiz sevgi ilə üzvi surətdə birləşdirən V. B. Şadlinski 1970-ci ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında çalışmağa başlamış, Vətənə və xalqa nümunəvi xidməti ilə bu tədris ocağında professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, 1988–1991-ci illərdə I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992–1994-cü illərdə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994–1995-ci illərdə ATU-nun Ümumi işlər üzrə prorektoru, 1996–2001-ci illərdə Tədris işləri üzrə prorektoru vəzifələrində uğurla fəaliyyət göstərmişdir. V. B. Şadlinski ATU-nun Böyük Elmi Şurasının üzvü, eləcə də yaradıcısı olduğu Azərbaycan "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin sədridir.
V. B. Şadlinski ölkəmizdə dərc olunan bir sıra nüfuzlu və beynəlxalq aləmdə tanınmış elmi jurnalların – o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Azərbaycan Tibb Jurnalı", Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsil" jurnalı, Azərbaycan Tibb Universitetinin "Sağlamlıq" jurnalının Redaksiya Şurasının üzvüdür. V. B. Şadlinski 600-dən artıq elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 46 dərsliyin, 23 tədris-metodik vəsaitin, "İnsan anatomiyası üzrə Atlas"-ın, Azərbaycan, rus, ingilis və latın dillərində "Anatomik terminologiya"-nın müəllifidir.
Hal-hazırda isə tibb elmləri doktoru, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor. ATU-da İnsan anatomiyası kafedrasının müdiridir.
24 yanvar 2025-ci ildə Azərbaycan Tibb Universitetində Vaqif Bilas oğlu Şadlinskinin 85 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirildi. Tədbirdə professor V. Şadlinskinin ömür yoluna və əmək fəaliyyətinə həsr olunmuş "Son məqsəd həqiqətdir" adlı sənədli film nümayiş etdirildi. Filmdə yubilyarın 85 il əvvəl dünyaya göz açdığı həyat yoluna işıq salınıb.
Vaqif Bilas oğlu Şadlinskinin 85 illik yubileyində göstərilən ehtiram və nümayiş etdirilən sənədli film də onun ömür yolunun, elmi nailiyyətlərinin və vətənpərvərliyinin qiymətləndirilməsi üçün əhəmiyyətli bir hadisədir. Onun kimi insanların elmi irsi gələcək nəsillər üçün əvəzsiz bir xəzinədir.
Əlavə etmək lazımdır ki, vətənpərvərlik, el-obaya, doğma irsə bağlılıq akademik V. Şadlinskinin bütün fəaliyyətinin hər dövrdə qayəsini, strateji xəttini təşkil edir. Hər bir mühazirəni və təcrübə məşğələsini tutarlı dəlillərlə, konkret faktlarla klinika ilə nəzəriyyənin inteqrativ nümunəsinə çevirmək, hər mövzu üzrə bir deyil, bir neçə bilavasitə mövzunu işıqlandıran hadisələr, elmi arqumentlər nümayiş etdirmək – Vaqif müəllimin fitri istedadının nəticəsidir.
Vaqif müəllimə uzun ömür arzu edirəm. 100 yaşı onun üçün cavanlıq yaşıdır. 150 yaş və dahasını arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(25.01.2025)