Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Dövlət Tərcümə Mərkəzinin ləğvinə başlanılıb.
“Ədəbiyyat və incəsənət” portalı “Bakuinfo”nun məlumatına əsaslanaraq xəbər verir ki, dövlət qurumları ləğv prosesi ilə bağlı kreditorlara müraciət ediblər.
Kreditorlar iki ay ərzində tələblərini aşağıdakı ünvana verə bilərlər: 1033 Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121 A.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabr ayında iki qurumun ləğvi ilə bağlı sərəncam imzalayıb.
Nazirlər Kabineti qurumların ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görməli, publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Hökumət, həmçinin sözügedən publik hüquqi şəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)