Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı vəhşiliklər törətdilər.
Faciə nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. Həlak olanların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri var idi.
O dövrdə nəinki hadisələrə siyasi qiymət verilmədi, əksinə, səbəbkarların və günahkarların adları belə xalqa açıqlanmadı.
Hadisəyə ilk münasibətini bildirən ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni humanizm və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirdi. Hadisələrə əsl hüquqi, siyasi qiymətin verilməsi də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxarıb, xalqla birliyini bir daha təsdiqlədi.
Sizə həmin günlərdə əsl qəhrəmanlıq göstərən dənizçilərimizdən danışaq:
Onlar faciədən dırhal sonra dünyanın dörd tərəfinə radioqramlar göndərdilər.
50-dən çox ölkənin dənizçiləri Bakı buxtasından yayılan dəniz siqnalını qəbul edib faciədən xəbər tutdular və öz ölkələrinə çatdırdılar. Bu, dünya dənizçilərinin həmrəy olduğu ilk hadisə kimi tarixə düşdü.
SSRİ Hərbi Dəniz Donanmasının komandanı, admiral V.Sidirovun və digər yüksək vəzifəli rəhbərlərin buxtanın dərhal boşaldılması tələblərinə baxmayaraq dənizçilər yerlərindən tərpənmədilər. Bu səbəbdən sovet hərbi gəmiləri yanvarın 20-də hərəkətə keçdi və mülki gəmiləri müxtəlif silahlardan atəşə tutdular. “Neftqaz-3”, “Neftqaz-10”, “Neftqaz-16”, “Аktаu”, “Vodoley-4”, “ÜİLKGİ-nin 40 illiyi” və s. gəmilər xəsarət aldı. Təkcə “Vodoley-4” gəmisində minə yaxın güllə, raket izləri aşkar edilmişdi.
Hadisədən sonra “ekstremist” damğası ilə həbs edilən 50-yə yaxın azərbaycanlı dənizçi ittifaqın müxtəlif şəhərlərindəki həbsxanalarında işgəncələrə məruz qaldı. Dənizçilər bir müddət sonra azadlığa buraxılaraq vətənə qayıtdılar.
Onların qəhrəmanlıq dastanı barədə əfsus ki, çox az adam bilir. Amma onların adları mütləq tarixdə qalmalıdır.
“Ədəbiyyat və incəsənət”
(20.01.2025)