20 yanvar – qara yanvar - ESSE Featured

 

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Unutmaram heç zaman mən o qara gecəni, qəlbi yaran gecəni, beyni yoran gecəni. Nifrətimlə hər zaman xatırlaram cinayəti, xəyanəti zülmətdə parıldadan düşməni...

Ürəyimi ağrıtdı, göynətdi mənim o müdhiş gecənin sıxıntıları, yandırdı, yaxdırdı şəhidlərin axıdılan qanları. 

 

Ülvinin, Larisanın, İlhamın, Fərizənin... neçə-neçə günahsız həmvətənimin qəlbində dondu nakam arzuları, cavabsız qaldı sual dolu baxışları. 

Qara gecənin qara gəlişiylə qara geyindi analar, bacılar, qara bəzəndi noğullu-nabatlı xonçalar, küçələrə döşəndi şəhid qanlı, qırmızı qərənfil naxışlı xalçalar. 

Yer də qızardı, göy də. Soldu neçə gül çöhrələr, tənhalaşdı qönçə ömürlər. Yalqız qaldı min arzulu, min həvəsli sevənər, sevilənlər...

Dözmədi kamanımız, tarımız, qaboyumuz, sazımız da. Dərdli, hüznlü ürəkləri inlətdi, ağrılı, yanğılı dil açdı, neçə-neçə ağıya, isti göz yaşına qarışdı...

Vətənimizin, millətimizin alnına baxt qaralığı yazdı – 20 Yanvar! 

Tariximizə, yaddaşımıza əbədi həkk olundu, “Şəhidlər xiyabanı” adlı böyük göz dağı qoydu 20 Yanvar – Qara yanvar!

 

“Ədəbiyyat və incəsənət”

(20.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.