BU GÜN PREZİDENT İLHAM ƏLİYEVİN DOĞUM GÜNÜDÜR - Qalib Azərbaycanın qalib lideri Featured

 

Pərvanə Əliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar        İttifaqının müşavir-katibi, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünyanın siyasi səhnəsində hər bir dövlət adı, tarixi, xalqı və liderinin apardığı mübarizə ilə tanınır. Uzun illər xəritədə kiçik bir məkan kimi görünən Azərbaycan, məhz bu mübarizələrin, xalqın əzminin və qətiyyətli liderliyinin sayəsində bu gün beynəlxalq arenada öz sözünü deyən, gücünü nümayiş etdirən, dünya miqyasında qəbul edilən bir ölkəyə çevrilib. Bu dönüşün arxasında dayanan əsas sima, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Onun rəhbərliyi altında Azərbaycan, yalnız regional çərçivədə deyil, qlobal miqyasda nüfuzlu, qalib bir ölkə kimi dünyaya səs salıb. Bu nailiyyətlərin təməlində isə müdrik siyasətin və dəmir iradənin sahibi olan Ulu öndər Heydər Əliyevin əvəzsiz irsi dayanır.

Heydər Əliyevin təməlini qoyduğu milli dövlətçilik təlimi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə söykənərək müasir inkişaf üçün möhkəm bünövrə yaratdı. Onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirdi, iqtisadi yüksəliş və siyasi sabitlik dövrünə qədəm qoydu. Heydər Əliyev hər zaman Azərbaycanın suverenliyini, xalqın rifahını və ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsini əsas prioritet kimi müəyyənləşdirdi. Bu irsi uğurla davam etdirən İlham Əliyev, atasının ideyalarını yeni dövrün çağırışlarına uyğunlaşdıraraq Azərbaycanı dünyanın diqqət mərkəzinə çıxaran güclü bir lider oldu.

  Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Bu müharibə, yalnız torpaqların işğaldan azad edilməsi deyildi; bu, həm də Azərbaycanın milli kimliyinin, qürurunun və suverenliyinin dünyaya sübutu idi. Xalq, dövlət və ordu birliyi, Ali Baş Komandanın müdrik qərarları ilə əsl qəhrəmanlıq dastanı yazdı. Bu zəfər, Azərbaycan xalqının gücünü, iradəsini və əyilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın azad edilməsi ilə xalqımız 30 illik nisgilin və haqsızlığın sona çatdığını gördü. Bu qələbə, dünya xəritəsində kiçik bir ölkə kimi görünən Azərbaycanın artıq qlobal miqyasda öz haqqını qoruyan, prinsipial mövqeyi olan güclü bir dövlət olduğunu təsdiqlədi.

  Azərbaycanın bu möhtəşəm zəfəri beynəlxalq siyasi səhnədə yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət, ölkəmizin beynəlxalq münasibətlərdə fəal rol almasına, qlobal məsələlərdə söz sahibi olmasına şərait yaratdı. Bu gün Azərbaycan, qlobal problemlərin həllində təşəbbüskar mövqeyi ilə diqqət çəkir. Xüsusilə, iqlim dəyişiklikləri və ekoloji təhlükəsizlik məsələlərinin dünya miqyasında həlli istiqamətində atdığı addımlarla Azərbaycan, təkcə regionun deyil, bütün dünyanın etimadını qazanıb.

  Bu etimadın nəticəsi olaraq 2024-cü ildə Azərbaycan dünyanın ən mühüm beynəlxalq tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı – COP29-a ev sahibliyi etdi. Bu tədbir uğurla keçirildi və Azərbaycanın qlobal miqyasda mühüm rol oynayan, məsuliyyətli və nüfuzlu bir ölkə olduğunu bir daha sübut etdi. Təsdiqlədi ki, həqiqətən də Azərbaycan ekoloji dayanıqlılığa verdiyi töhfələrlə, gerçəkləşdirdiyi genişmiqyaslı layihələrlə böyük işlər görən qüdrətli bir dövlətdir. Bakı, dünya liderlərini bir araya gətirərək iqlim problemlərinin həll yollarını tapmaq üçün qlobal platformaya çevrildi, Azərbaycanın diplomatik, təşkilati və strateji potensialını bir daha nümayiş etdirdi.

  Bu şərəfli yolun mühüm iştirakçılarından biri də Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Onun fəaliyyəti, ölkənin sosial, mədəni və humanitar sahələrinin inkişafına əvəzsiz töhfələr verir. Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun rəhbəri kimi təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirdiyi layihələrlə xalqın rifahını yüksəldir, Azərbaycanın dünya miqyasında tanınmasına xidmət edir. Onun təşəbbüsləri sayəsində Azərbaycanın tarixi abidələri bərpa edilir, milli mədəniyyətimiz qorunur və beynəlxalq səviyyədə təbliğ olunur. Onun apardığı bu işlər, Azərbaycanın tolerantlıq və humanizm dəyərlərini dünyaya nümayiş etdirir.

  Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində ölkəmiz işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq və bərpa işləri aparır. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərlər salınır, yeni infrastruktur qurulur, tariximizin və mədəniyyətimizin izləri yenidən dirçəlir. Bu quruculuq, yalnız daxili inkişafın deyil, həm də Azərbaycanın güclü, qüdrətli və yenilməz bir dövlət olduğunu sübut edir.

Prezident İlham Əliyev humanist dəyərlər, demokratik prinsiplərlə idarə etdiyi ölkəsini tarixi zəfərlərə, qlobal uğurlara və dayanıqlı inkişafa aparan bir dövlət xadimidir. 44 günlük Vətən müharibəsindən sonra dünya Azərbaycanın qələbəsinə, onun gücünə və qətiyyətinə şahid oldu. COP29 kimi qlobal tədbirin Bakıda uğurla keçirilməsi isə bir daha təsdiq etdi ki, dünya artıq Azərbaycanı yalnız qalib bir ölkə kimi deyil, həm də qlobal problemlərin həllində fəal iştirak edən bir lider dövlət kimi tanıyır.

  Ali Baş Komandan,  Prezident İlham Əliyev uzaqgörən siyasəti, xalqına, dövlətinə olan sədaqəti ilə Azərbaycanı dünya xəritəsində güc mərkəzinə çevirdi. Dünyanın onun iradəsi ilə hesablaşmağa vadar etdi. Bu gün Azərbaycan xalqı onun ətrafında bir yumruq kimi birləşərək yeni hədəflərə doğru inamla addımlayır. Tarixi torpaqlarımıza, o cümlədən Qərbi Azərbaycana qayıdışın tezləşməsi üçün əlindən gələni əsirgəmir.  Əminik ki, Azərbaycan xalqı onun iradəsi və cəsarəti ilə bu alınmaz qalanı, Zirvəni də fəth edəcək. Və bu tarixi yolun sonunda bir həqiqət əbədi olaraq səslənəcək: Zəngəzur, Göyçə, İrəvan və bütün Qərbi Azərbaycan mahalları Azərbaycandır!

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2024)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.