Azərbaycanın qlobal perspektivləri:
mədəniyyətlərarası dialoqdan kosmos texnologiyasına
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan, qədim və zəngin mədəni irsi ilə çağdaş texnologiyaların üzvi birliyini kamil şəkildə təmin edərək, xəlqi, irsi, tarixi gözəllikləri üstün gələcəyə daşıyan unikal ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən strateji təşəbbüs, təklif, ideyalar Azərbaycanın qlobal arenada həm mədəniyyətlər, sivilizasiyalararası dialoq, həm də kosmos texnologiyalarında özünəxas mövqeyini möhkəmləndirib. İlham Əliyevin prezidentliyi dönəmində qazanılan uğurlar, ölkənin həm bölgəsəl, həm də beynəlxalq səviyyədəki mövqeyinin səciyyəsini göstərir - gücümüzə güc qataraq, yeni inkişaf tendensiyaları yaradır. Yəni, bu gedişat təsadüf əsəri olmadığı kimi, tendensiya modunda da qalmayaraq, münasib qanunauyğunluqla davam edir.
30 illik işğal dönəmində - o ağır ortama inad, dayanıb-durmadığımız kimi, Zəfərsonrası da, dayanacaq-duracaq deyildik, təbii. Görüləcək işlərimiz çoxdur amma
nəyi,
nə vaxt,
harada və
necə
edə biləcəyimizi də çox yaxşı bilirik (ƏvəlAllah). Biz, XXI yüzilin çağdaş savaşını aparan ölkə (xalq, dövlət), olaraq, savaşda ləyaqət mədəniyyəti göstərməyin qürur və şərəfini daşıyırıq. Mədəniyyətimizdən və liderimizdən güc alırıq.
Mədəniyyətlərarası dialoq:
Azərbaycanın unikal rolu
Azərbaycan Respublikası İlham Əliyevin prezidentliyi dönəmində, fərqli mədəniyyət və sivilizasiyalar arasında körpü rolu oynamağa davam etdi. Mənəvi-mədəni körpü rolu, yalnız coğrafi amillərlə şərtlənib-şəkillənmir, xalqımızın bu coğrafiyanın imkan və imkansızlıqlarına qazandıra bildiyi yaradıcılıq hadisələri ilə təzahür və təcalla tapır.
Bu xüsusiyyət, ölkəni yalnız öz bölgəsində deyil, həm də qlobal arenada önəmli bir mədəniyyət ocağına çevirir.
• Bakı Humanitar forumları:
Bu forumlar, dünyanın müxtəlif ölkələrindən olan uzmanları, siyasətçiləri və bilginləri bir araya gətirərək, qlobal fikir alış-verişinin aparıldığı önəmli platformaya çevrilib. Burada mədəniyyətlər, sivilizasiyalararası dialoq, müxtəlif təfəkkürlər və təcrübələrin paylaşılması təşviq, tərənnüm edilir. Azərbaycanın, özəlliklə də Bakı şəhərinin bu müzakirələrdəki mərkəzi rolu, ölkənin beynəlxalq nüfuzunun artmasına təkan verir.
• Şuşa və Naxçıvanın İslam mədəniyyətinin paytaxtları kimi tanınması:
Şuşa və Naxçıvanın İslam mədəniyyətinin paytaxtları olaraq tanınması, Azərbaycanın tarixi və mədəni irsinin qlobal səviyyədə tanınmasına və qorunmasına böyük töhfə verir. Bu, Azərbaycanın fərqli mədəniyyətlər arasında işbirliyi və ortaq çalışmaların inkişafında əsaslı bir töhfəsi oldu. Belə hallarda təsirlər, sözün ən müsbət emosiyası ilə qarşılıqlı faydalı olur.
Ayrıca, ötən illər içində, Şəki, Şuşa - Türk dünyasının, Bakı - İslam dünyasının Mədəniyyət, Gəncə - Avropanın Gənclər paytaxtı olub. Belə statuslar öz-özünə, birdən-birə, təsadüfən qazanılmır və doğrulmur, əlbəttə…
• UNESCO və ISESCO ilə işbirliyi:
Azərbaycanın UNESCO və ISESCO ilə işbirliyi, ümumdünya mədəni irsinin qorunması və təbliği sahəsində ölkənin lider mövqeyini təsdiqləyir (möhkəmləndirir). Azərbaycan, bu qurumlarla konstruktiv bağları inkişaf etdirərək, qlobal mədəniyyət mühitindəki yerini möhkəmləndirir və həmçinin ümumdünya irsinin qorunmasına özəl diqqət yetirir. Bu planda, dövlətimizin müvafiq qurumları ilə birgə, Heydər Əliyev Fondunun danılmaz fəaliyyətlərini də şükranlıq və qədirbilənliklə vurğulayırıq.
Kosmik texnologiyalar və yeniliklər:
Azərbaycanın kosmos sənayesindəki uğurları
Azərbaycan, kosmos sahəsindəki çağdaş uğurları ilə qlobal kosmos ailəsinin nüfuzlu üzvü olaraq tanınır. Kosmos texnologiyalarına yatırımlar, ölkənin təhlükəsizliyini gücləndirmək və iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilir.
• Azerspace peykləri:
Azerspace peykləri, ölkəmizi kosmos sahəsində aparıcı mövqelərə çıxarır. Bu peyklər, telekommunikasiya, təhlükəsizlik və informasiya texnologiyaları sahəində Azərbaycanın qlobal təsirini artırır. Azerspace-1 və Azerspace-2 peykləri, yalnız Azərbaycan üçün deyil, ümumən bölgə üçün də önəm daşıyır.
• Beynəlxalq Astronavtika Konqresi:
Respublikamızın beynəlxalq kosmik təşəbbüslərində aktiv iştirakı, ölkənin dünya çapında kosmos sahəsindəki mövqeyini möhkəmləndirib. Beynəlxalq Astronavtika Konqresi kimi tədbirlərdə Azərbaycanın iştirakı, ölkənin kosmos texnologiyalarına olan ciddi yanaşmasını göstərir və bu sahədəki inkişaf potensialını ortaya qoyur.
• Tədqiqat və innovasiyalar:
Kosmosdan yararlanma, yalnız milli təhlükəsizliyin təmini və iqtisadi inkişafın stimullaşdırılması ilə məhdudlaşmır. Azərbaycan, kosmosdan əldə edilən bilgilərdən yararlanaraq, kənd təsərrüfatı, ekoloji dəyərləndirmə, təbii fəlakətlərin qabaqlanması kimi sahələrdə araşdırmalar aparır. Bu isə ölkənin müxtəlif sahələrdə innovativ yanaşmalarla inkişafını sürətləndirmiş olur.
TEXNOFESin 2021-ci ildə ilk dəfə Türkiyə dışında - Azərbaycanda keçirildiyini də, bu planda vurğulamış olaq.
Texnokultur:
Mədəniyyət və texnologiyanın sintezi
Azərbaycanın çağdaş inkişaf strategiyasının əsas prinsiplərindən biri mədəniyyət və texnologiyanın birləşdirilməsidir. Bu, ölkənin həm mədəniyyətlər, sivilizasiyalararası dialoqda, həm də texnoloji tərəqqidə lider mövqeyini daha da gücləndirir. Texnologiyanın inkişafı ilə mədəniyyətin inteqrasiyası, Azərbaycanın qlobal perspektivdəki mövqeyini daha da möhkəmləndirir və yeni imkanlar yaradır.
• Mədəniyyət və texnologiyanın birləşməsi: Azərbaycan, qədim mədəni irsinə texnoloji yenilikləri inteqrasiya edərək, çağdaş dünyada öz mövqeyini bərpa edir. Bu yanaşma, əlbəttə həm ölkə daxilində, həm də xaricdə böyük bir inkişaf potensialı yaradır. Mədəniyyətin və texnologiyanın inteqrasiyası, bizim qlobal arenada yeni bir inkişaf modelinin öncülü olma iddialarımızı daha da gücləndirir.
Beləliklə,
Azərbaycan, həm mədəni irsi, həm də kosmos texnologiyalarındakı çağdaş uğurları ilə bölgəsəl və qlobal liderlik yolunda inamla irəliləyir. Prezident İlham Əliyevin strateji baxışı, Azərbaycanın çağdaş dünyadakı rolunun bariz örnəyini təcalla etdirir. Bu uğurlar, Azərbaycanın yalnız bugünkü deyil, gələcək inkişafına da güclü təkan verir və ölkənin qlobal təsirini artırmağa davam edir.
İlham Əliyevin irəligörüşlü, qabaqcıl liderliyi xalqımızın, ölkəmizin, coğrafiyamızın ruhunu və üslubunu qoruyaraq, keçmişlə gələcəyin, mədəni irslə yeni çağırışların dərin məzmunda birliyini təmin və təqdim etməkdədir.
Bəli,
Azərbaycanın həm mədəniyyətlərarası dialoq, həm də kosmos texnologiyaları sahəsində əldə etdiyi uğurlar daha üstün gələcək vəd edir. Vədəmiz-vaxtımız, başa çatan və qarşı gələn illərimiz xeyirli-uğurlu olsun!
Yerdə yaratdıqlarımız göy üzünə duamız, alqışımız dəyərindədir!..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)