Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib - ADİL KƏRİMLİ TOPLANTIDA İŞTİRAK EDİB Featured

 

Dekabrın 18-də İtaliyanın Roma şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib. Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, toplantıda əvvəlcə beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib, sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Toplantıda Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmizin incəsənət və mədəniyyət xadimlərini Romada görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında tədbirdə iştirak edən şəxslərin hər birinin mədəniyyətimizin müxtəlif sahələri üzrə xüsusi nailiyyətləri ilə seçilən, onun təbliğinə töhfə verən, harada yaşamasından asılı olmayaraq, Azərbaycan milli kimliyinin daşıyıcıları olan dəyərli həmvətənlərimiz olduğunu bildirib.

Nazir qeyd edib ki, bu şəxslərin Azərbaycanın və zəngin mədəniyyətinin təbliğinə verdiyi töhfələr, Vətənə bağlılıqları təqdirəlayiqdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva toplantıda iştirak edən mədəniyyət elçilərinin Azərbaycanın zəngin mədəni irsinin təbliğində müstəsna xidmətlər göstərdiyini bildiriblər. 

Daha sonra toplantıda Azərbaycan mədəniyyəti və incəsənətini xaricdə təbliğ edən görkəmli şəxslərin çıxışları dinlənilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.