Könül, “Ədəbiyyat və incəsənət”
Vaqif Mustafazadə və Tofiq Bayram. Məşhur cazmen və məşhur şair. Onları tək populyarlıqları birləşdirmir, həm də 16 dekabr tarixi birləşdirir.
VAQİF MUSTAFAZADƏ
16 dekqbr Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür. O, 45 il bundan əvvəl Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
V.Mustafazadənin musiqi stili “Caz-Muğam” adlanır. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır.
1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir: Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Onun işıqlı xatirəsi daim xalqımız tərəfindən əziz tutulur, hörmətlə anılır.
TOFİQ BAYRAM
Tanınmış şair, Əməkdar incəsənət xadimi Tofiq Bayramın isə bu 16 dekabr günü doğum günüdür, anadan olmasının 90-cı ildönümüdür.
Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlayıb. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı redaksiyasında, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləyib.
Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə edib. A.T.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb.
Tofiq Bayram müxtəlif iş yerlərində çalışsa da, onun dəyişməyən əsas iş yeri isə yazı masası olub ki, ədəbiyyatımız, poeziyamız üçün bir-birindən dəyərli əsərlər yazıb, tərcümə ilə məşğul olub. 1998-ci il sentyabrın 24-də Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılışında Ümummilli Lider Heydər Əliyev çıxış edərək demişdir: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var”.
Biz ki unutmuşduq ilk məhəbbəti,
Ah bu qəfil görüş kaş olmayaydı.
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı.
Bu isə unudulmaz Tofiq Bayramın bir bənd şeiridir.
Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat edib, Bakının Əmircan kəndində dəfn olunub.
Hər iki böyük sənətkarın ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)