“Ədəbiyyat və incəsənət” portalı Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Ümummilli lider Heydər Əliyevdən bəhs edən “Qalib gəldi, qalib getdi” essesinin təqdim edir. Bu esse 16 dekabr, 2003-cü ildə yazılıb.
ANAR
Xalq yazıçısı
QALİB GƏLDİ, QALİB GETDİ
Neçə aydır ürəyimiz səksəkədə idi. Vaxtaşırı səhhətinin yaxşılaşdığını, tezliklə geri dönəcəyini eşitsək də, nigarançılığımız səngimirdi. Onun xəstə çağının görüntülərinin – kino-video kadrlarının, adicə fotolarının meydana çıxmamasını başa düşürdüm, çünki xasiyyətinə az-çox bələd idim. Xəstə, həm də ağır xəstə, həm də yaşı 80-ni ötmüş bir insanın vücudunda da, sifətində də, təbii ki, bir üzgünlük, zəiflik seziləcəkdi. Heydər Əliyev dostlarına da, düşmənlərinə də, doğma xalqına da bu şəkildə, bu halda görünməyə heç cür razı olmazdı. O, yaddaşlarda həmişəki kimi şax yerişli, məğrur duruşlu, xoş sifətli, gülərüzlü, bəzən də sərt, iti baxışlı bir insan kimi qalmaq istəyirdi. Və elə beləcə də qaldı. Bu günlərdə müxtəlif telekanallarda nümayiş etdirilən kadrlarda onun yalnız rəsmi surətini yox, çox təbii, çox səmimi, çox insani cəhətlərini də gördük, şux zarafatlarını da eşitdik, dalğınlıq anlarının, qəmli-qüssəli məqamlarının, musiqidən təsirlənib gözlərinin yaşardığının da şahidi olduq. Əvvəllər gördüyümüz kadrlara da indi ayrı gözlə baxırıq. Neçə ayın həyəcanları, təlaşları içində bir an da ümidimi itirmirdim. İnanırdım ki, bir gün Bakı hava limanında uçaqdan enib üstünə yüyürən jurnalistlərə təbəssümlə baxaraq: – mətbuat səhifələrində məni neçə dəfə dəfn etmisiniz? – deyəcəkdi – görürsünüz ki, sağ-salamatam – deyəcəkdi.
Dekabrın 12-dən 13-nə keçən məşum gecə ümidlərimiz puç oldu. ANS televiziyası qara xəbəri bütün Azərbaycana yaydı, xalqımız yetim qaldı. İlham Əliyev və Sevil xanım atalarını, Azərbaycan böyük oğlunu, mən isə çox doğma, çox yaxın, çox əziz adamımı itirdim.
Bu sözləri tam səmimiyyətlə deyirəm. Heydər Əliyevə nə qohumluğum çatırdı, nə də yaş fərqi, ictimai mövqe etibarı ilə dost ola bilərdik. Amma ömrüm boyu onun diqqətini və qayğısını, isti münasibətini duymuşdum. Bilirdim ki, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə məndən ona pis niyyətlə deyənlər də az olmayıb. Yazıçıların XX qurultayında çıxış edərkən özü bu barədə danışdı. Amma onu da bilirəm ki, bütün bu donoslar mənə olan münasibətinə zərrə qədər də təsir etmirdi və edə də bilməzdi. Çünki insan sərrafı idi. Və kimin kim olduğunu da yaxşı bilirdi. Boğazdan yuxarı təmənnalı sözləri də gerçək əməllərdən seçib ayırırdı. Elə adamlar var ki, özləri lakey xislətli ola-ola, özgəsinin səmimi hisslərinə heç cür inana bilmir. İnana bilmirlər ki, sevgi təmənnasız da ola bilər, hörmət qarşılıqlı da ola bilər. Mənim heç bir vəzifə sahibindən heç vaxt şəxsi umacağım olmayıb. Və Heydər Əliyev iş başında olanda da, olmayanda da ona eyni hörmət və rəğbət hissləri bəsləmişəm. Amma hisslərimi sağlığında ürək dolusu deyə bilməmişəm, təmtəraqlı, gurultulu sözlərlə ifadə etməmişəm. Düşünmüşəm ki, bunu ayrı cür yozacaqlar. Halbuki, Heydər Əliyevin mənim haqqımda, ayrı-ayrı əsərlərim haqqında, 60 illiyimlə bağlı dediyi xoş sözlər mənim onun haqqında dediklərimdən və yazdıqlarımdan az deyil. Yalnız bir dəfə 75 illiyində "Oqonyok" jurnalının sifarişi ilə onun barəsində "Şəxsiyyətin miqyası" adlı ayrıca bir məqalə yazmışdım.
İndi bu böyük şəxsiyyətin miqyasının o vaxt mənim yazdığımdan da böyük olduğunu etiraf edirəm. Və şübhə etmirəm ki, illər ötdükcə bu miqyasların çox-çox daha böyük olduğunu da dərk edəcəyik.
Heydər Əliyevi tanıyanda çox gənc idim. Sonrakı illərdə Azərbaycan rayonlarına səfərlər zamanı, müxtəlif vaxtlarda Gəncədə, Naxçıvanda, Şuşada, habelə İstanbulda və Ankarada, Moskvada, Romada, Pekində və Şanxayda, Alma-atıda, Bişkəkdə, dövlət başçılarıyla söhbətlərində, sənətçilərlə ünsiyyətində, tarlalarda, ya küçələrdə adi adamlarla görüşlərində onu yaxından müşahidə etmək imkanım olub. Saysız-hesabsız toplantılarda, yubileylərdə onu dinləmişəm, yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etmişəm, iki-üç dəfə isə təkbətək çox ətraflı, məhrəm söhbətlərimiz olub. 1997-ci ilin payızında İtaliyadan qayıdarkən təyyarədə ta Romadan Bakıyacan üç saatdan artıq ikilikdə danışmışıq. Bu söhbətləri gündəliyimdə bütün ayrıntılarıyla və tam dəqiqliklə isti-isti qeyd etmişəm.
İndi mənim bu böyük insanın xatirəsi qarşısında borcum – hafizəmdə və kağız üzərində qalmış bütün təfərrüatları, uzun illər müşahidə etdiklərimi və məhrəm söhbətlərimizin tam mətnini, eləcə də Heydər Əliyev fenomeni haqqında düşündüklərimi iri bir yazı şəklində qələmə almaqdır və mən mütləq bunu edəcəm.
Ağır itkimizin təsiri altında yazdığım bu kiçik qeydlərdə isə Heydər Əliyev taleyinin yalnız bir əsas cəhəti üstündə durmaq istəyirəm. Zənnimcə, Heydər Əliyev bu dünyaya həmişə qələbə çalmaq üçün gəlmişdi.
O heç bir vaxt qarşısına çıxan heç bir çətinliyin qabağından qaçmazdı. Ən qorxulu vəziyyətlərdən belə zəfər çalaraq çıxardı. Xalq Cəbhəsi hakimiyyətdə olan vaxt rus qoşunlarının Azərbaycandan çıxarılmasını böyük tarixi uğur hesab edirlər. Razıyam. Amma çıxarılan ordunun yerini tutacaq milli zabitlər korpusunun əsasını axı Heydər Əliyev çox-çox qabaqlar Sovet dönəmində Naxçıvanski hərbi məktəbini yaratmaqla, neçə-neçə gənci SSRİ-nin ali hərbi məktəblərinə göndərməklə qoymuşdu.
Sirr deyil ki, sovet dövründə Azərbaycanın hərbi çağırışçıları orduda ya tikinti batalyonunda, ya mətbəxdə işlədilirdilər. Böyük əhəmiyyətini yalnız 15-20 il sonra Qarabağ davası başlananda tam dərk etdiyimiz bu iş – milli hərbi kadrların yetişdirilməsi – sovet ehkamları üzərində qələbə idi. Azərbaycanı yalnız xammal ərazisi kimi görmək istəyənlərə qarşı – ən yeni sənaye ocaqlarının qurulması – SSRİ-nin iqtisadi ətalət siyasətinə qalib gəlməkdi. 37-ci ilin milyonlarla repressiya qurbanlarından yalnız birinin – böyük Hüseyn Cavidin nəşinin tapılıb vətənə gətirilməsi hələ də zehinlərdə hökm sürən Stalin buzlaqlarının əridilməsi deməkdi. Azərbaycanın görkəmli sənətkarlarının yüksək ümumittifaq mükafatlarına, təltiflərinə nail olması yalnız o konkret şəxslərin deyil, ümumən ədəbiyyatımızın, sənətimizin və deməli, Azərbaycanın nüfuzunu ucaltmaqdı. Bütün bunlar – Heydər Əliyev vətənsevərliyinin, Heydər Əliyev zəkasının, iradəsinin, uzaqgörənliyinin qələbəsi idi.
Və bütün bunlar bədnam qonşularımızı qıcıqlandırır, qızışdırır, qəzəbləndirir, yuxularını qaçırırdı.
Moskvaya, mərkəzi dairələrə donos donos dalınca gedirdi. – "Heydər Əliyev Naxçıvanı ermənilərdən təmizlədi, indi də Qarabağı təmizləmək niyyətindədir" – donosların əsas mövzusu bu idi.
Heydər Əliyev bunu bilirdi. Və bunu bilə-bilə məhəl qoymurdu. Brejnevlə xoş münasibətlərinin bir səbəbi də özünü və xalqını, respublikasını mikoyanlardan, baqramyanlardan və onların tör-töküntülərindən sığorta etmək idi.
Şuşada əzəmətli Vaqif məqbərəsini, Natəvan heykəlini ucaltmaqla, Üzeyir Hacıbəyli, Bülbül muzeylərini açmaqla, Şuşada təntənəli beynəlxalq sənət tədbirləri keçirməklə Heydər Əliyev bu qədim Azərbaycan şəhərinin milli simasını müəyyənləşdirirdi. Axı 50-ci illərdə Şuşada yeganə iki heykəlin – Nelson Stepanyanın və Tevosyanın büstləri olduğunu mən yaxşı xatırlayıram. Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi olduğu illərdə Dağlıq Qarabağda erməni millətçiliyi meyillərinə qarşı çıxarılmış partiya qərarı da yadımdadır. Nə bundan əvvəl, nə sonra erməni millətçiliyi meyillərinə qarşı bu kəskinlikdə partiya qərarı qəbul olunub.
Bütün bunlara rəğmən, Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına da layiq görülür, Siyasi Büronun tərkibinə düşür. Ermənilər yanıb-yaxılmasın, neyləsin? Məni isə yandırıb-yaxan odur ki, Heydər Əliyev haqqında Moskvaya gedən donosların böyük bir qismi elə onun öz vətənindən, Azərbaycandan gedirdi. Onun öz soydaşları, azərbaycanlılar verirdilər bu donosları.
Səd heyif ki, yalnız ermənilərin deyil, bəzi "özümüzünkülərin" də Heydər Əliyevə bu bədxah münasibəti bizim günlərdə, müstəqillik dövründə də davam edir. Heydər Əliyev ermənilərlə mübarizə aparırdı, "özümüzünkülər" isə onun özüylə. Bu nə milli şakərimizdir belə, anlaya bilmirəm. Azərbaycanın hər hansı bir görkəmli övladı – istər siyasət sahəsində olsun, istər elm, sənət, ədəbiyyat – xalqına şöhrət gətirirsə, ölkəmizin sərhədlərindən kənarda ad qazanırsa, millətin beynəlxalq aləmdə layiqincə təmsil edirsə – həmin elə bu xalqın, bu millətin bir para insanları ona qənim kəsilir.
1987-ci ildə ermənilərin, erməni dairələrinin güclü təsiri altında olan Qorbaçovun birgə səyləri ilə Heydər Əliyev SSRİ-nin siyasi Olimpindən uzaqlaşdırıldı. Düz bir həftə sonra isə adıbədnam akademik Aqanbekyan Parisdə Qarabağ kompaniyasına start verdi.
H.Əliyev istefaya göndərildi, ailə üzvləri basqılara məruz qaldı, Moskva qəzetlərində böhtanlar, iftiralar dərc olundu, barəsində cinayət işi açmaq üçün qurdalanmağa başladılar. Təkləndiyi, yaxşılıq etdiyi adamların çoxunun dönük çıxdığı (bu da milli şakərimizdi?) bir məqamda Heydər Əliyev heç nədən və heç kəsdən qorxub-çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlir, 90-cı ilin qara Yanvarını lənətlə damğalayır, bütün dünya mətbuatı qarşısında Qorbaçovu ittiham edirdi. Bu da onun qələbəsi idi.
O vaxt Moskvada Heydər Əliyevə telefon etmişdim. Moskva mətbuatındakı iftira dolu yazılardan ürək ağrısıyla danışırdı. – Belə yazılara fikir verməyin, – dedim – Siz tarixi şəxsiyyətsiniz və bunu hamı bilir.
Bu telefon söhbətinin bir başqa vacib məqamı və nəticələri haqqında gələcəkdə ətraflı yazacam. İndi isə ancaq onu deyim ki, bu söhbətdən Heydər Əliyevin daha Moskvada qalmaq, orada yaşamaq istəmədiyini başa düşdüm.
Əfsuslar olsun ki, Heydər Əliyevə nəinki Moskvada, heç Bakıda da yaşamağa imkan vermədilər. Tikilib qurulmasında bu qədər böyük zəhməti olan adama Bakıda bir mənzil də tapılmadı, doğulduğu yerə – Naxçıvana getməli oldu. Soyuq, şaxtalı, yanacaqsız Naxçıvan qışında ətrafındakı etibarlı insanlara – "ölsək də, bir yerdə öləcəyik, qalsaq da, bir yerdə qalacayıq" – dedi. İlk baxışda belə görünə bilərdi ki, siyasi karyerası bitmiş Heydər Əliyev, axır ki, məğlub edilib. Belə amansızlıqlarla üzləşmiş, belə dözülməz şəraitə düşmüş başqa birisi, bəlkə də, məğlub olardı. Hər hansı başqa birisi. Heydər Əliyev yox.
Cəmisi bir-iki il keçdi, Qorbaçovun özü də, ölkəsi də yerlə-yeksan oldu, indi SSRİ-nin ilk və son prezidenti vaxtını öldürmək üçün radioda uşaq nağıllarını səsləndirir və cibini doldurmaq üçün Makdonaldsı reklam edir. Heydər Əliyev isə XX əsrdə müstəqilliyini ikinci dəfə qazanmış milli dövlətinin düz on il ərzində prezidenti oldu. Özü də elə bir prezident ki, ərazisi və əhalisi baxımından kiçik ölkənin dövlət başçısıyla ən böyük məmləkətlərin rəhbərləri hesablaşırdı. Kim qalib çıxdı? Nəinki öz hakimiyyətini qoruya bilən, başçılıq etdiyi dövləti belə bada verən Qorbaçovmu, ya parçalanmaqda olan ölkəsini xilas edən, sonrakı çevriliş cəhdlərinin qarşısını alan, bir gecə yarısı televiziya çıxışı ilə prezident sarayı ətrafına minlərlə insanı toplaya bilən Heydər Əliyevmi?
Bəziləri Heydər Əliyevi atəşkəs sazişinə görə suçlayır, Qarabağ problemini həll etməməkdə təqsirləndirirlər.
Azərbaycanın hələ güclü ordusu olmadığı bir vaxtda Bişkək protokolu imzalanmasaydı, rus ordusunun açıq və gizli dəstəyilə ermənilər gəlib Yevlaxa çatsaydılar, Azərbaycan və Gürcüstan arasında yeni bir işğal zonası yaransaydı və neft boru kəməri əbədi olaraq gündəmdən çıxsaydı, bu ittihamçılar, görən, onda nə deyəcəkdi?
Qarabağ probleminin gec-tez həll olunacağına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, işğal edilmiş torpaqlarımızın qaytarılacağına qəti inamım var, amma bu problemin nə qədər çətin olduğunu da aydın dərk edirəm. Postsovet məkanının bu səpkili hansı problemi həll olunub - Moldova-Dnestrbasar problemi? Gürcüstanın Abxaziya, Cənubi Osetiya, indi də Acarıstan problemi? Və nəhayət, Rusiyanın Çeçenistan problemi? Hələ yarım əsrdən artıq sürən İsrail-Fələstin qarşıdurmasını demirəm. – Siyasət – mümkün olana əsaslanmaq sənətidir – deyiblər. Hər halda, Qarabağla bağlı danışıqlarda, hər yöndən güclü təzyiqlər altında Heydər Əliyev Azərbaycanın mənafeyinə zidd olan heç bir güzəştə getmədi. Və siyasətin mümkün olan əsasları baxımından bu da qələbə idi.
2003-cü ili – ömrünün son ilini də Heydər Əliyev qalib kimi başa vurur. Geniş infakt keçirmiş, gecəsi-gündüzü olmayan, nə şənbə, nə bazar, nə məzuniyyət, nə istirahət bilən, yaşı səksənə çatmış insan çıxış edərkən qəlb böhranı keçirir, yıxılır, yeddi qabırğası sınır və dözülməz ağrılara tab gətirərək yenidən səhnəyə qayıdır, sözünə davam edir. Bir də yıxılır və yenə görünməmiş, inanılmaz bir iradə ilə səhnəyə dönür, xalqı ilə vidalaşmağa özündə güc tapır. Bu da onun yıxılması haqqında hərzə-hərzə danışan və yazan mənəviyyatsız düşüklər üzərində qələbə idi.
Şayiələr, dedi-qodular, ara söhbətlərinə əsaslanaraq insanı diri-diri basdıranlar, görəsən, öz yazdıqlarına inanırdımı? Türkiyə və Amerika kimi açıq ölkələrdə məşhur siyasi xadimin, ölkə başçısının ölümünün aylarla gizlin saxlanmasına kim inanar? Və əgər bunu yazanların özləri inanmırsa, oxucularını niyə ağılsız sayırlar?
Heydər Əliyev, həqiqətən, dünyasını dəyişən gün "biz bunu hələ dörd ay bundan qabaq xəbər vermişdik" deyə yazanlar özlərini nə qədər gülünc vəziyyətə saldıqlarını dərk edirlərmi?
Ucuz mətbuat şoularına Heydər Əliyev bu mənhus xəbərlərin bazara çıxarılmasından sonra neçə ay yaşamasıyla, xəstə-xəstə belə Azərbaycanı idarə etməsiylə, prezident seçkilərində iştirakı və vaxtlı-vaxtında namizədlikdən imtina etməsiylə, seçkiləri izləməsi və nəticələrindən arxayın olmasıyla qələbə çaldı. Bəlkə də, bu gün yeganə təsəllimiz odur ki, prezidentimiz dövlətinin taleyindən arxayın getdi.
Dünyaya qalib kimi gəldi, dünyadan qalib kimi getdi.
Heç kəsin xidmətini danmadan müstəqil Azərbaycanın qorunmasında, qurulmasında və yaşamasında Heydər Əliyevin müstəsna rolu insafı olanların hamısına açıq-aşkardır. Bir jurnalist doğru yazıb ki, Heydər Əliyev Qulliver, ona çirkab atanlar isə liliputlardır.
Bütün keçəri, ötücü narazılıqlar, umu-küsülər, giley-güzar unudulub gedəcək, Heydər Əliyevin möhkəmləndirdiyi, inkişaf etdirdiyi ölkə-sabit, istiqrarlı, söz, mətbuat azadlığı təmin olunmuş, müxtəlif siyasi qurumların, o cümlədən müxalifət partiyalarının fəaliyyət göstərdiyi, senzurasız, ölüm hökmsüz, sivil dünya ailəsində layiqli yer tutan demokratik Azərbaycan qalacaq. Əlbəttə, Azərbaycan, yaxın gələcəyin Azərbaycanı daha da gözəl, firavan, daha əzəmətli və daha ədalətli ola bilər və olacaq. Amma bu xoşbəxt gələcəyin təməlini bütün şər qüvvələriylə mübarizədə qalib çıxan Heydər Əliyev qurdu, əl-ayağa dolaşanlara rəğmən, çətin doğulan əsər kimi yaratdı. Çağdaş Azərbaycan, doğrudan da, Heydər Əliyevin əsəridir. Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və gələcək nəsillərə yetirməkdir. Bütün siyasi çəkişmələr, dartışmalar, toqquşmalar xalqın taleyi qarşısında çox cılız görünür, bunlar böyük tarix önündə çox kiçik həvəslər, hərisliklər, hikkələrdir.
Heydər Əliyev hər xalqa, bəlkə də, əsrdə bir dəfə qismət olan nadir şəxsiyyət idi. Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sarsıdan, sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Heydər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir-desin, nə yazır-yazsın, qalib gəldi, qalib getdi.
“Ədəbiyyat və incəsənət”
(16.12.2024)