Sərtyel, “Ədəbiyyat və incəsənət”
Yeni il girər-girməz Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər bahalaşdı. Bahalaşmanın memarı olan Tarif Şurası xəbəri mediaya bu cür yaydı:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib”.
Bahalaşıb yox a, tənzimlənib!
Beləliklə, artıq işıq, qaz, su və dərmanlar yeni - daha baha qiymətlərlə satılır.
Elə bu yerdə zəruri qeyd: əgər qiymət artımı dövlətin rifahı naminədirsə hamı bunu anlayışla qarşılamağa borcludur. Qarabağı dirçəldən dövlətimiz orada misli görünməmiş nəhəng quriculuq layihələri həyata keçirməkdədir!
Amma iş ondadır ki, Azərişıq, Azərsu, Azərqaz kimi qurumlar illərdir ki, yarıtmaz fəaliyyətləri nəticəsində dövlətdən dotasiya alırlar. Necə işlədikləri bəlli olduğundan qiymət artımları da ilbəil davam etməkdədir.
Onlar işlərini düzgün qurmadıqca Tarif Şurası “təmzimləməkdən” usanmayacaq əlbəttə!
Təbii ki, qiymət artımı üzləri güldürməz ki.
Yeni il girən kimi valideyinlərini qəm dəryasına düçar olmuş görən uşaqlar bunun səbəbinin Tarif Şurası adlı birisində olduğundan xəbər tutub dərhal qərarlaşdırdılar ki, yeni - 2026-cı il gələndə bu dəfə Şaxta Babadan hədiyyə əvəzində Tarif Şurasının bir daha onların valideyinlərini narahat etməməsini istəsinlər.
İşıq, su, qaz, dərman işinə baxan əmilərdən isə uşaqlar xahiş edirlər ki, nə olar, beş özünüz üçün çalışanda bir də dövlət üçün, xalq üçün çalışın!
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)