İdeya müəllifi, rejissor, ssenarist, baş qəhrəman - hamısı qadın

 

Qadın gözəllik deməkdir. Bu gözəllik incəsənət yaradanda gözəllik iki mislə yüksəlir. 

Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşanın tək incisi” bədii-sənədli filminin  premyerası keçirilib. Ekran əsərinin ssenari müəllifi Ülviyyə Heydərovadır. Quruluşçu rejissoru və operatoru Zəhra Quliyevadır. 

Filmin ideya müəllifi yenə qadındır - Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva.  

Filmin qəhrəmanı isə yenə də qadındır: 

Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvan.

Bir sözlə, hamısı qadın! 

 

Natəvanın xatirəsinə həsr olunan bu ekran əsəri haqqında mediaya danışan Zəhra Quliyeva deyib : “Natəvan obrazını Xalq artisti Mehriban Zəki canlandırıb. Natəvanın uşaqlığını mənim kiçik qızım Umayra Qulubəyli, yeniyetməlik dövrünü isə böyük qızım Adel Osmanova oynayıblar. Bu işə çox böyük sevgi ilə yanaşdıq. Bildiyimiz qədər, Şuşanın mədəniyyət şəhəri, incəsənətimizin beşiyi olması Natəvanın arzusu olub. Onun arzusu bu gün reallaşıb. Ekran əsərində əsas etibarilə xronoloji materiallardan istifadə olunub. Bədii hissə isə Şuşada çəkilib və dövrün milli geyimlərindən istifadə olunub. Natəvanın əl işləri canlı olaraq çəkilib”. 

Premyera ilə bağlı təəssüratlarını bölüşən rejissor deyib: “Filmin nə cür alınması barədə ancaq tamaşaçı bir söz deyə bilər. Lakin ilk nümayişin böyük rəğbətlə qarşılandığını hamımız gördük. Mən sadəcə öz üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışdım. Natəvanın ruhu qarşısında baş əyirəm. Həqiqətən də çətin həyat yaşamasına baxmayaraq böyük və çox dözümlü qadın olub”.

 

Şəkildə: Zəhra Quliyeva

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.