Bu ilin 11 ayı ərzində Azərbaycana 2 milyon 400 mindən çox turist gəlib

Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı münasibətilə “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib. Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

 

AzərTAC xəbər verir ki, tədbir çərçivəsində “Şahdağ” Turizm Mərkəzinin 2024-cü il üzrə fəaliyyətinə dair videotəqdimat nümayiş olunub, media nümayəndələrinə kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.

 

Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov bildirib ki, cari ilin 11 ayı ərzində ölkəmizə 2 milyon 400 mindən çox turist gəlib. Bu da ötən illə müqayisədə 28 faiz artım deməkdir. Azərbaycana gələn turistlər arasında ilk 3 yeri Çin, Hindistan və Rusiya ölkələrindən gələn qonaqlar təşkil edir. Onun sözlərinə görə, əsas hədəflərdən biri ölkəmizi dünyada turizm məkanı kimi tanıtmaq və gecələmə yerlərinin saylarının artımına yönəlib.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.